Zəfər Quliyev: “Sabah “yuxarıdan” göstəriş gəlsə, Rusiyaya ya İrana qarşı çıxış edəcəklər”
İlqar Məmmədov: “Bizim deputatlar boş danışmaqda ustadılar”
Milli Məclisin dünənki iclasında YAP-çı və hökumətyönlü deputatlar bir neçə gün əvvəl Azərbaycanla bağlı sərt qətnamə çıxaran Avropa Parlamentinin ünvanına müxtəlif ittihamlar səsləndiriblər. İclasda bu işin arxasında erməni lobbisinin dayanmasından tutmuş, Avropaya neft ixracına son qoyulmasına qədər fikirlər səsləndirilib. Deputatları avropalı həmkarlarını qeyri-demokratiklikdə, hətta korrupsiyada da ittiham ediblər.
Politoloq Zəfər Quliyev hesab edir ki, mövqeyi olmayan bu deputatların çıxışları kənardan gülünc görünür: “Bizim deputatların bu mövqe dəyişikliklərini təhlil etmək artıq tam mənasız bir şeyə çevrilib. Mövqeyi olmayan parlamentin və deputatların çıxışları kənardan da gülünc görünür. İndi Avropa Parlamentinə qarşı çıxış edirlər, sabah “yuxarıdan” göstəriş gəlsə, Rusiyaya ya İrana qarşı çıxış edəcəklər. Parlament deyəndə böyük, mötəbər institut yada düşür. Amma Azərbaycan reallığına baxsaq, görərik ki, bizim parlamentdə müstəqil deputatlar demək olar ki yoxdur. Bu gün onlar bu mövqeni nümayiş etdirirlərsə, deməli, onlara Prezident Administrasiyasından bu cür göstəriş verilib. Avropa Parlamentinin ortaya qoyduğu son mövqe bizim iqtidarı çox qəzəbləndirib. Əvvəlcə bizim oyuncaq partiyalar bəyanat verdilər. Ardından da mövzu parlamentin müzakirəsinə çıxarıldı. Bizdə bu tip şeylər həmişə kampaniya xarakterli olur, özü də qısamüddətli və konyuktur kampaniya. Gah Türkiyəyə, gah Almaniyaya, gah Amerikaya, gah da İrana qarşı kampaniya aparırlar. Əsas məsələ odur ki, bizim iqtidar keçmiş uğursuzluqlarından nəticə çıxarmır. Bu kampaniyalar demirəm, ölkə, cəmiyyət üçün, heç olmasa iqtidarın özü üçün müsbət effekt veribmi?”.
Z.Quliyev deyir ki, Avropa strukturları Azərbaycan hökumətinin nə deməyindən asılı olmayaraq öz yolu ilə gedirlər: “Kənardan baxan üçüncü tərəf heç Azərbaycanın səsini eşitmir, amma Avropa Parlamentinin qəbul etdiyi hər bir sənəd dünyada yayılır və təsir imkanına malikdir. Ona görə parlamentin bu cür mövqe nümayiş etdirməsi hətta Azərbaycan cəmiyyəti üçün maraqsızlaşıb. Şəxsən mən bu cür şeyləri şərh etməkdən bezmişəm. Amma bizim parlament, bizim iqtidar bu cür bəsit oyunlardan bezmir”.
Politoloq İlqar Məmədov parlamentə saxtakarlıqla düşən Azərbaycan deputatlarının boş danışmaqda usta olduğunu deyir: “Belə deputatlardan ibarət olan parlament millətin adından danışa bilməz. Avropa Parlamentinə qarşı heç bir əhəmiyyətli addım ata bilməyəcəklər. Bir az alovlu danışıb susacaqlar. Ən azı, Avropa Parlamentinin qətnaməsində qeyd olunan sanksiyalardan qorxacaqlar. Boş danışmaqda ustadılar, qoy, danışsınlar”.