Pasport təfəkkürü

“Avroviziya” musiqi yarışması başa çatdı. Lakin elə bu qədəri də Azərbaycana çox şey verdi. Avropa bu dəfə evimizin içinəcən gəldi və öz gözləri ilə əslində bu ölkədə durumun necə olduğunu çox yaxından gördü. Hakimiyyət qəzəbdən özünü itirib, 5-10 günün içində hirsdən-hikkədən başqa bir siyasətə sahib olmadığını dünyaya sərgilədi.
Rejim ideoloqlarının “milli demokratiya” dediyi şeyin nə olduğu üzə çıxdı. Dinc nümayişçiləri ən amansız üsullarla dağıtmaq, insanlara olmazın qaba şəkildə davranmaq, toplaşma azadlığına qətiyyən imkan verməmək. Və hətta özgür fikirlərini söylədiyinə, müxalifət liderləri və vətəndaş cəmiyyəti rəhbərləri ilə görüşdüyünə, hakimiyyətin ünvanına tənqidi fikirlər səsləndirdiyinə görə İsveç səfiri ciddi söhbətə çağırıldı, hesab soruldu. İmkan düşsəydi, heç şübhəsiz, Lorini şərləyib tutmaq da olardı, sadəcə ya buna fürsət olmadı, ya da o qədər irəli getməyə cəsarət.
Xalq açıq-aydın gördü ki, bu hakimiyyət onu sıradan bir avropalı turist qədər də dəyərləndirmir. Müsabiqənin təşkili üçün israf edilən milyonlar hakimiyyətin vecinə də deyil, ama vətəndaşlar bilir ki, bu pullar onların dərisindən çıxarılıb. Yarışmanın qalibi olan İsveç isə indidən narahatlıq içindədi. Onlar hətta yarışmanı təşkil eləyə bilməyəcəklərini aydın şəkildə söyləməyə başlayıblar. Çünki oralarda hakimiyyətdən hər qəpiyin hesabı sorulur və bir qəpik izafi xərcə görə hökumətlər kreslolarını təhvil verməli olurlar. Azərbaycan hakimiyyəti isə artıq ölkənin büdcəsini talamağın və bunun qarşılığında yerində daha rahat oturmağın yolunu öyrənib. Bu rejim üçün büdcə deyilən şeyin xalqa zərrəcə dəxli yoxdu, onu istədiyi şəkildə dağıtmağa özlərini tam haqlı hesab eləyirlər.
Mən Azərbaycanın yenidən qalib olmasını arzulayırdım. İndi isə Lorinin qələbəsinə bütün qəlbimlə sevinirəm. Bu qələbə bizə bir daha göstərdi ki, dünya artıq məsələləri bambaşqa arşınla ölçməyə başlayıb. Son illərin Nobel ödülçülərinin adı, ictimai kimliyi və təbii ki, sənətlərinin dərəcəsi göstərdi ki, indi sənətə, ədəbiyyata təkcə gözəl cümlə prizmasından baxmır, həm də yazarın ictimai kimliyinə, bəşəriyyət üçün bir fərd olaraq nələr eləmək arzusunda olduğuna, əməlinə görə qiymət verirlər. Böyük insan Rafiq Əliyev demişkən, dünya ədalətə hamilədir. İndi insan azadlıqları hər şeyin başında gəlməyə başlayır və dünyanın bir nömrəlilərini məhz həm də onların bu azadlıqlara necə yanaşmasına görə seçirlər.
Qətiyyən deyildiyi kimi deyil, heç nə siyasiləşməyib: nə Nobel, nə “Avroviziya”, nə də başqaları. Sadəcə, bəşəriyyət indi azadlığı hər şeydən üstün tutur və bu dəyərə önəm verənləri seçilmişlərdən eləyir.
Lorin də elə seçildi. Avropa bu qızın təkcə sənətini, istedadını, səhnə performansını qiymətləndirmədi. Dünya bu seçimi, verdiyi yüksək balları ilə göstərdi ki, o, artıq postmodernizmdən imtina eləyib, indi onu təkcə mətn, “faktura” deyil, şəxsiyyətin, yaradıcının öz kimliyi də xeyli narahat eləyir. Lorin hətta öz rəqsinin mənasını AZADLIQ adlandırdı; bu qaraşın qız öz mənliyi, vicdanı və qələbəsi ilə Azərbaycan hakimiyyətinə dünyanın ən yeni gedişatını göstərdi.
Rejim isə həmin günlərdə hələ də öz kölə təfəkkürünü sərgiləməkdə idi. AXCP sədrinin evi qarşısında düzənlənən iyrənc pusmalar, guya bezdirici qapı döymələr, polis basqını, polisə çağırılma, dindirilmə ilə rejim bir daha göstərdi ki, onun təfəkkürü nə qədər geridə qalır. Onların zehniyyətinin səviyyəsi budur: adama xarici pasport verməməklə onu dünyadan izolyasiya etmək və usandırmaq. Zaman isə o zaman deyil. Kərimliyə qarşı təkcə son insident onu pasportsuz-filansız bütün dünyanı gəzdirdi – həm də bir qəpik xərcə salmadan. Lider dediyin hansısa pasportla lider olmur – rejim yiyələrinin heç cür anlaya bilmədiyi sadə həqiqət budur. Və onlar bu təfəkkürlə qoca Avropa və Azadlığın özü ilə savaşmaq fikrindədirlər…