Lorinin böyük finalı

Sözönü: Allah heç kimi peşman eləməsin. Milyonlar xərcləyəsən, sonda əlin boşda qalmaq nədi, milyonların özünə qarşı çevrilsin. Çəkilməz dərddi.

Bir ilin çabaları, son bir ayın ajiotajı bitdi. Polislərin də canı qurtardı, təhlükəsizlik xidmətində çalışanların, avtomobilini saxlamağa yer tapmayan sürücülərin də. Havayı biletlə zorən “Eurovision”un məşqlərinə, yarımfinallar və finalına göndərilən və var gücüylə çığırmaq göstərişi alan paytaxt sakinlərinin də. Müsabiqəni izləmək üçün satılan biletlərin 70-80 faizinin dəyərini məcburi qaydada dövlət müəssisələri və özəl qurumlarının ödədiyi deyilir. Əlbəttə, konsertlərə tamaşaçı göndərmək şərti ilə.
57-ci “Eurovision” finalı obyektiv seçimlə, doğru qələbəylə sonuclandı. Mayın 26-da (əslində 27-də) keçirilən final mərhələsində İsveç müğənnisi Lorin “Eyforiya” mahnısı ilə 372 xal toplayıb “Eurovision-2012”-nin qalibi oldu. Əslən Mərakeşdən olan 29 yaşlı bu qızın əsl adı Lorine Zineb Noka Talhaouidir. Lorin Zenəb. O, yarışmada “Euphoria” mahnısını ifa edib. Rusiyanın “Buranovskiye babuşki” qrupu 259 səslə ikinci, Serbiya təmsilçisi Zeliko Yoksimoviç 214 səslə üçüncü yeri tutub. Səbinə Babayeva dördüncü olub. Yeri gəlmişkən, Səbinə Babayeva 13 rəqəmi ilə çıxış edirdi. Mətbuatda yazılanlar doğrudursa, bu xanım 13 rəqəminin ona hər zaman uğur gətirdiyini deyib. Amma bu dəfə belə olmadı. Səbinənin ifası zamanı yayımda texniki problemlər yaşandı. Canlı efirdə kadrlar dondu və bu bir neçə saniyə çəkdi. Hətta aparıcılar da ani olaraq özlərini itirdilər. Finalda Azərbaycana dörd ölkə ən yüksək xal verib – Ukrayna, Malta, Türkiyə, Litva. Azərbaycan “Eurovision”a qoşulandan ifaçılarımızı elə onlar fərqləndirirlər. İsveç təmsilçisinə isə düz 17 ölkə – Avstriya, Belçika, Fransa, Slovakiya, Niderland, İslandiya, Norveç, Estoniya, Danimarka, Latviya, İspaniya, Finlandiya, Almaniya, Rusiya, Macarıstan, İsrail və İrlandiya ona ən yüksək bal – 12 xal verib. Bu çox böyük göstəricidir. “Eurovision” tarixində Rıbakdan sonra ən yüksək təminatlı qələbədir. 2009-cu ildə Norveç təmsilçisi, belarus əsilli Aleksandr Rıbak 387 xal toplamışdı. 2011-ci ildə Eldarla Nigarın cəmi cümlətanı 221 xalı vardı. Onlara Rusiya, Türkiyə, Malta 12 xal vermişdi. İndiyəcən Ukraynanın da Azərbaycana 12 xal verdiyi olub. Bu il o sıraya Litva da qoşuldu. Deputat Fuad Muradovun zəhməti hədər getmədi. Dörd ildə cəmi beş dövlət Azərbaycana 12 xal verib, cəmi BEŞ. Əslində hər il “Eurovision”da qonşu ölkələr, siyasi yaxınlığı, müəyyən asılılığı olanlar bir-birlərinə yüksək xal verirlər. Qabaqcadan hamı bilir kim-kimə səs verəcək. “Eurovision” musiqi olduğu qədər də siyasi yarışmadır. Lorinin qələbəsi bunu bir daha təsdiqlədi. Azərbaycanda insan hüquqlarının durumundan narahat olub buna göz yummayan müğənni çox gözəl oxudu, əla ifa etdi, səhnədə təkbaşına – monotamaşa oynadı, bunlar öz yerində. Lorinin mahnısının mövzusu da aktualdı. O həm də davranışıyla, azad düşüncə, azad yaşam görsənişləriylə, içdən gələn sadəliyi, humanistliyi ilə birincilik haqqı qazandı. Lorinin qələbəsində Azərbaycan hökuməti rəsmilərinin, konkret olaraq Əli Həsənovun, İctimai televiziyanın az rolu olmadı. Əks təbliğat ən güclü təbliğatdır. Final günü mən “Azadlıq”ın səhifəsindəki “künc”ümdən yararlanıb Lorinin qələbəsini dəstəkləmək çağırışı etmişdim, haqlı çıxdım. Düzdü, yarışmanın yerli mobil operatoru bizim göndərdiyimiz səsləri necə saydısa Lorinə ölkəmizdən cəmi 7 xal getdi. Əngəl ola bilmədilər. Qələbə qaliblər üçündür. Sadəcə sərvət, şöhrət dalıyca qaçanlar üçün bir elə uğurlu sonluq olmadı. Hətta Emin Ağalarovun da “göydən düşməsi” işə yaramadı.
O gecə Bakıya yağış yağdı. Yeddi aya başa gəlməsinə baxmayaraq “Kristal zal” dammadı. Nə olsun ki, yağışın yağacağına proqnoz verib “Kristal zal”ın dammasını arzulayan dostlar mərcdə uduzdu. “Eurovision”un “tozu” ki yatdı. Bakı yuyundu, silkindi, təmizləndi və Lorinin qələbəsini qarşılamağa tələsdi.
Final gecəsi yağış yaman yağdı. “Tut ucundan, çıx göyə”. Bu dəfə yağış Lorin üçün yağırdı. Təmizlik, saflıq adına. Bu dəfə demokratiya libasında siyasət və mədəniyyət, sənət, istedad qalib gəldi. Bu final gecəsi Lorinin ulduzu parladı. Görəsən o gecə parlayan ulduz hələ kimlərin ulduzunu axıdıb söndürəcək?!

Sənubər İsmayılqızı