H.Klinton, M.Adomanis, D.Nort və imitasion demokratiya

Hara baxırsan, hamı ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana gözlənilən səfərindən yazır. Hakimiyyət isə bundan xəbərsiz olduğunu deyir. Klinton üç Qafqaz ölkəsinin üçünə də baş çəkmək niyyətindədir. İndi mən bilmirəm, bu səfər olacaq, ya yox?
Mənə elə gəlir ki, bundan da maraqlısı amerikalı jurnalist M.Adomanisin yazısıdır. Yazı bugünlərdə ABŞ-ın çox nüfuzlu bir dərgisində dərc olunub. Görək, Adomanis nə yazır?
O, məqaləsində qeyd edir ki, Rusiya və Azərbaycan ABŞ-ın öz dəyərlərini, yəni, demokratik dəyərləri yaymaq yolundakı qeyri-səmimiliyinin əyani sübutudur. Daha sonra yazır: “Əgər ABŞ-ın siyasəti həqiqətən də demokratiyanın irəliləməsinə, azadlığın və qanunun müdafiəsinə yönəlsəydi, onda biz ümid edə bilərdik ki, Vaşinqton orta əsrlər diktaturası olan ölkəyə – Azərbaycana qarşı istisnasız olaraq, sərt siyasət yürüdəcək. Bəs ABŞ-ın Azərbaycana indiki münasibəti necədir? Bu münasibət, hətta gözləniləndən də yaxşıdır!”
Bəli, burada, necə deyərlər, izafi şərhə ehtiyac yoxdur. İndi güman etmək olar ki, əgər belə məqalələrin sayı artsa, onda ABŞ özünün ən mühafizəkar prinsiplərinə belə, yenidən baxmalı olacaq, Azərbaycana qarşı siyasətində korrektələr edəcək. Adətən demokratik ölkələrdə xarici işlər yeganə sahədir ki, burada hökumət cəmiyyətin nisbətən az təzyiqini hiss edir. Əgər xarici siyasətlə də bağlı ictimai rəy dəyişirsə, hökumət onu nəzərə almalı olur.
Həm də güman edirəm ki, H.Klintonun səfəri ərəfəsində belə bir yazının dərci təsadüfi sayıla bilməz. İndi təsadüfən hətta yağış da yağmır. Prinsipcə, bu mövzunu bir az da inkişaf etdirmək olar. Amma əvvəl yazdığımız yazılarda bu məsələlərin bir çox aspektlərinə toxunmuşuq. İndi nə baş verir? YAP hakimiyyəti cəmiyyətlər səviyyəsində qınanır. Hökumətlə cəmiyyət arasında təbii ki, bir qədər fərq var. Amma yenə qeyd edirəm ki, o ölkələrdə, yəni demokratiyalarda hökumət ictimai rəyə qarşı getmir. Artıq az müddətdən sonra hökumətlər diktatura ilə yaxın əlaqələrə görə daha çox və daha intensivliklə qınanacaq və onda proses başlayacaq. Bu proses təbii ki, iki istiqamətdə gedə bilər. Ya hakimiyyəti islahatlara məcbur edərlər, ya da onu hakimiyyəti təhvil verməyə vadar edərlər. Üçüncü yol yoxdur. Ona görə də mən 2013-cü ili o qədər də asan təsəvvür edə bilmirəm, çox güman ki, hakimiyyət üçün çətin olacaq. Artıq xarici mətbuat da, hətta Rusiya ilə bizim hakimiyyət arasındakı fərqləri analiz edir, burada hakimiyyətin atadan oğula keçməsindən yazır. Elə həftə olmur ki, xarici mətbuat bu hakimiyyəti ifşa və tənqid etməsin. Daha, əvvəlki kimi “heyranlıq” dolu reportajlar yazılmır, indi başqa zamandır. Qəribədir ki, bunlarda hələ oyanma prosesi baş vermir. Öz daxili inzibati resurslarına arxayındırlar. Amma bir başqa məsələ də var…

D.Nort öz nəzəriyyəsinə yenidən baxacaqmı?

İndi başqa bir mövzu da geniş müzakirə olunur. Bu da demokratiyanın ixracıdır və bu məsələ artıq siyasət intellektuallarını məşğul etməkdədir. Xaricdə hər şey ciddi elmi əsas üzərində qurulur. Son dövrlərə qədər Nobel mükafatı laureatı D.Nortun nəzəriyyəsi dəbdə idi. Nəzəriyyə Qərb ölkələrindəki siyasi və iqtisadi institutların başqa ölkələrə köçürülməsinin neqativ nəticələrilə bağlı idi. Nort belə köçürməni təqdir etmirdi və sübut kimi, bəzi ölkələrin öz inkişafında Qərb modelini tətbiq edərkən rastlaşdığı uğursuzluqları göstərir, onları öz nəzəriyyəsinin sübutu kimi təqdim edirdi. Amma ona opponent olanlar da az deyil. Norta və onun nəzəriyyəsinə qarşı çıxanlar diqqəti digər nüansa yönəldirlər. Onların fikrincə, səbəb Qərb institutlarının uğursuzluğu deyil, həmin institutların imitasiyaya çevrilməsidir.
Mən bu haqda oxuyanda dərhal Nortun opponentlərinin tərəfini tutdum. Çünki imitasion institut və demokratiya mənim üçün yenilik deyil, mən bunu düz 19 ildir ki, öz ölkəmizdə müşahidə edirəm və bunu yaşayıram. Artıq bu fenomen də özünün əsl adını qazanmaqdadır, layiq olduğu adı veriblər: psevdo-demokratiya!
Ad verilibsə, deməli ondan qurtulmağın yolu da tapılmalıdır. Çünki bu, xəstəlik kimi bir şeydir – əvvəlcə diaqnoz qoyulur, sonra isə müalicə edilir…