kerimli31

İctimaiyyətdən AXCP sədrinə böyük dəstək

İqtidarın təzyiqi elitanı ayağa qaldırdı: “Bunlar xalqa mesajdır ki, Əli Kərimli bu oğrulara qarşı necə cəsarətlə mübarizə aparır”

“Hakimiyyətin Əli Kərimlini hədəf seçməsi əsla AXCP sədrinə xələl gətirmir, əksinə ona şərəf gətirir”

Hakimiyyət ənənəsinə sadiq qalaraq müxalifət liderlərinə qarşı çirkin kampaniyaya start verib. Mayın 26-da AXCP sədri Əli Kərimlinin Bakı Şəhər Baş Polis İdarəsinə çağırılması, bundan əvvəl evinin qarşısında aksiya təşkil edilməsi və nəyayət, mülki geyimli 8 nəfərin gecədən səhərədək onun mənzilinin qapısını döyməsi bunu bir daha təsdiq edir. Əlbəttə ki, butün bunlar AXCP sədrinə siyasi təzyiqdir.
Bəs ölkənin tanınmış ictimai-siyasi xadimləri Ə.Kərimliyə qarşı yeni çirkin kampaniyanı necə qiymətləndirirlər?

“Bu addımlar iqtidar üçün faciə ilə qurtaracaq”

ALP lideri, professor Lalə Şövkət:

– Mən Əli Kərimliyə qarşı bu çirkin addımları müxalifət liderlərinə, müxalifətə qarşı təzyiq və repressiya kimi qiymətləndirirəm. “Eurovision”un son günündə iqtidarın Əli Kərimliyə qarşı sərgilədiyi mövqe ağlasığmaz, məntiqsiz və çox səhvdir. Onsuz da bütün dünyanın gözü Azərbaycandadır. Azərbaycan dünya mediasında kəskin formada tənqid olunur. Belə olan halda müxalifət liderlərinə qarşı bu cür təzyiq qəbuledilməzdir. Hər halda, mən belə düşünürəm ki, iqtidar bu repressiyalara son qoymalıdır. Eyni zamanda jurnalistlərə, müxalifət təmsilçilərinə, bloggerlərə qarşı bu cür addımlara son qoyulmalıdır. Bu iqtidarın özü üçün böyük faciə ilə qurtaracaq. Əli Kərimli müxalifətin öndə gedən lideridir, ona qarşı bu cür davranış yolverilməzdir.

“Zora söykənməyin sonu yoxdur”

Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyev:

– Hakimiyyət bir daha zora söykəndiyini göstərdi. Amma yaxın və uzaq keçmiş göstərib ki, zora söykənmək üsulunun sonu yoxdur. Vətəndaş cəmiyyəti, müxalifət güclü olanda hakimiyyət də güclü və nüfuzlu olur. Əli Kərimliyə qarşı sərgilənən mövqe siyasi və mənəvi təzyiqdir. Əli Kərimli sıradan şəxs deyil. O, böyük bir siyasi partiyanın sədri, tanınmış ictimai-siyasi xadimdir. Normal dövlətdə belə hallara yol verilmir. Heç bir vətəndaşa qarşı dövlət bu cür kampaniya apara, qanunları poza bilməz.

“Bu, hakimiyyətin kriminallığını göstərir”

Tanınmış hüquqşünas İntiqam Əliyev:

– Hakimiyyət siyasi opponentlərini, o cümlədən onun siyasətini tənqid edən şəxsləri susdurmaq üçün bütün vasitələrə əl atır. Sonuncu kampaniya da bu addımların tərkib hissəsidir. Bu cür kampaniyalar kimə qarşı yönəlməyindən asılı olmayaraq, pislənməlidir. Bu bir şantajdır və cəmiyyətdə qorxu ab-havası yaratmağa xidmət edir. Hakimiyyət bu yolla insanları siyasi fəaliyyətdən, onları tənqid etməkdən çəkindirməyə çalışır. Bu cür siyasət diktaturanı, avtoritarizmi göstərir. Ona görə, hər bir normal insan kimi mən də buna qarşıyam. Bu hakimiyyətin təxribatıdır, əks halda, Əli Kərimliyə qarşı qanunsuzluğa yol verən insanları dərhal cəzalandırmalı idi. Onlar bununla hakimiyyətin lazım gələndə hadisələrə operativ reaksiya verəcəyini göstəriblər. Əgər günahkarlar cəzalandırılmırsa, iqtidar bu cür addımlara əl atırsa, bu onun kriminal hakimiyyət olduğunu göstərir.

“Əli Kərimliyə qarşı illərdir mübarizə aparırlır”

Keçmiş təhsil naziri, professor Firudin Cəlilov:

– Hakimiyyət Əli Kərimlinin söylədiyi fikirləri kontekstdən çıxararaq ona qarşı kampaniyaya başlamaq istəyir. Əli Kərimli bildirib ki, Güneydə və Quzeydə islam dininə inanan xeyli azərbaycanlı var. Və dini liderin təhqiri onların heysiyatı ilə oynamaq deməkdir. Bu əxlaq baxımından yolverilməzdir. Ümmiyyətlə, Əli Kərimliyə qarşı illərdir ki, belə mübarizə aparılır. Bu xalqımızın əxlaqına yaraşmayan hərəkətdir. Belə kampaniya ilə iqtidar öz addımlarına haqq qazandıra bilməz.

“Ölkədə qanunlar işləmir”

Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli:

– Əli Kərimliyə qarşı başladılan yeni kampaniya insan hüquqlarının məhdudlaşdırılmasının nəticəsidir. Ölkədə konstitusion prinsiplərin işləməməsinin, Konstitusiya
ilə vətəndaşlara verilən hüquq və azadlıqların deklorativ xarakter daşımasını göstərir. Əli Kərimli müxalifət partiyasının lideridir. Onlar qanunauyğun fəaliyyət göstərirlər. Belə bir şəraitdə partiyanın və onun liderinin siyasi fəaliyyəti üçün məhdudiyyətlərin qoyulması tamamilə yolverilməzdir.

“Bütün hüquqşünaslar Əli Kərimli ilə bir yerdədir”

Hüquqşünas Qurban Məmmədov:

– Suda boğulan son ümid yeri kimi saman çöpünə əl atar. Bu hakimiyyət özünün sonunun yaxınlaşdığını gördüyündən bu cür ağılsız addımlara əl atır. Əvvəla, İranın dini rəhbərlərinə qarşı hakimiyyətin təşkil etdiyi kampaniya Azərbaycana utanc gətirir. Bunun fonunda, əxlaqı müdafiə etdiyinə görə Əli Kərimliyə qarşı aksiyaların keçirilməsi də rejimin xislətindən irəli gəlir. Mən Əli Kərimlinin gecə mənzilinə basqın edilərkən onunla səhərə qədər əlaqə saxlamış şəxsəm. Bütün Azərbaycan hüquqşünasları Əli Kərimli ilə biryerdədir. Əli Kərimliyə qədər olan tərbiyəsiz hərəktlər, onun qapısının səhərə qədər döyülməsi heç bir əxlaqa sığmır. Bu adamlar anlamırlar ki, evdə qadın və uşaq var. Onlar qorxa bilərlər. Qanunla vətəndaşın polisə çağrılma qaydaları var. Hakimiyyət artıq başını, idarəçiliyi itirmiş vəziyyətdədir. Ayaz Mütəlibov da rəsmi polis orqanları dura-dura hakimiyyətinin son vaxtlarında qanunsuz dəstələrdən istifadə edirdi Əli Kərimliyə qarşı addımlar iqtidarın sonunun yaxınlaşmasını göstərir.

“Rejim başını itirib, aqoniya içindədir”

Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev:

– Bu mövcud rejimin aqoniya vəziyyətində olduğunu göstərir. Bu cür situasiyalarda hakimiyyətlər necə addımlar atdığının və hansı qərarlar qəbul etdiklərinin fərqində olmurlar.
Bu, hakimiyyət üçün artıq sonun başlanğıcıdır. Görünür, hakimiyyət həm kordur, həm də kar. Dünyada baş verənlərin fərqində deyil. Haqqı və ədaləti deyən, xalqının, dövlətinin yolunda çalışan bir şəxsə qarşı bu cür yanaşma yolverilməzdir. Görünür, olmayan başlarını da itiriblər.

“Hakimiyyət əxlaqını gösətərir”

İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal:

– Bu, yeni siyasət deyil. Atılan addımlar iqtidarın illərdir yürütdüyü əxlaqsız siyasətin davamıdır. İqtidar ona qarşı olan narazı kütləni təşkil edə biləcək siyasi qüvvələri sıradan çıxarmaq istəyir. Hazırda bütün dünyanın diqqəti Azərbaycandadır. Azərbaycanla bağlı hadisələrə bütün tanınmış media strukturları, təşkilatlar reaksiya verib. Görünür, bütün bu məqamlar hakimiyyəti qıcıqlandırıb. Belə bir mərhələdə İctimai Palatanın avanqard bir siyasi qüvvə olaraq mövqeyini ortaya qoyması hakimiyyəti narahat edir. Əli Kərimli böyük bir siyasi təşkilatın rəhbəridir və İctimai Palatanın fəaliyyətində aktiv iştirak edir. Görünür, hakimiyyət bunu bildiyindən ona qarşı “diqqətini” artırıb və sovet dövründən qalma üsullardan istifadə edərək yenidən cəmiyyətdə xof yaratmaq istəyir. Bu isə hakimiyyətin əxlaqının görsənişidir.

Hakimiyyətin müdafiə cəhdləri

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev:

– Hakimiyyət öz aləmində “Eurovision” yarışmasının son günü qabaqlayıcı addımlar atmaq qərarına gəldi. Əli Kərimlinin evinin qarşısında axşamdan səhərə qədər mülki geyimlilərin olması və onun səhəri polisdə dindirilməsi bu məqsədə xidmət edirdi. Hakimiyyət nədənsə bu məsələyə İranla bağlı olayları yapışdırmağa çalışır ki, iqtidar öz addımlarına bəraət qazandırsın.

“İqtidarın siyasəti əxlaqı aşındırmağa xidmət edir”

Tanınmış vəkil Aslan İsmayılov:

– Bu, növbəti əxlaqdan kənar addımdır. Azərbaycanda son zamanlar hakimiyyətin siyasəti nəticəsində ümumi əxlaq qıtlığı var. Bu həm məişətdə, həm də dövlət idarəçiliyində özünü göstərir. “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıla qarşı kampaniyadan sonra xalq silkələnərək, sual verməli idi. Azərbaycan xalqı öz keçmiş əxlaq normalarının üzərindən xətt çəkərəkmi davam etməlidir, yoxsa xalqın əxlaq normalarına əməl edilməlidir. Biz bütün bu məqamları tələb etməliyik. Əli Kərimlinin ailəsi olan yerə insanları yığaraq aksiya təşkil etmək yolverilməzdir. Əli Kərimli bir siyasətçidir. Onun atdığı addımlara, verdiyi bəyanatlara ailəsini qatmaq lazım deyil. Polisə dəvətlə bağlı cağrışı məhz axşam təqdim etmək lazım idi?. Xeyli cinayətkar hazırda azadlıqda gəzir. Heç onlarla belə operativ davranmırlar.

Hakimiyyət AXCP sədrinin fəaliyyətindən narahatdır

ACP sədri Sülhəddin Əkbər:

– Bu kampaniya hakimiyyətin Əli bəyə qarşı apardığı ənənvi siyasətin davamıdır. AXCP-nin aktiv siyasi mübarizə aparması, aydın mövqe ortaya qoyması təbii ki, hakimiyyəti narahat edir. İrana münasibətə gəldikcə isə, Azərbaycan hakimiyyətinin Tehrana qarşı siyasətinin, xüsusilə dini liderin təhqir olunmasının düzgün olmadığını bildirmişəm.
Bu baxımdan mənim mövqeyim bəllidir. Hakimiyyət narahatçılıq keçirir ki, cəmiyyətdə aşıladığı qorxu hissi dağıla bilər. Müxalifət liderləri hakimiyyətin bu xofunu yürütdükləri siyasətlə dağıtmağa çalışırlar. Ona görə AXCP-nin rəhbəri kimi də əsas təzyiqlər Əli Kərimliyə qarşı yönəlib. Hakimiyyətin apardığı siyasəti pisləyirəm. İqtidar dünyada baş verən proseslərdən düzgün nəticə çıxarmalıdır. Demokratiyaya keçidin zəruri olduğunu anlamalıdır.

“Əxlaqa zidd addımlar dərhal dayandırılmalıdır”

Tanınmış şair Rüstəm Behrudi:

– Müxalifət liderinə qarşı bu cür yanaşma tərzi sərgiləmək yürüdülən siyasəti göstərir. Bu yanaşma beynəlxalq konvensiyalara, insan haqlarına ziddir. Eyni zamanda sərbəst toplaşmaq azadlığının normaları, demokratik prinsiplər də bu siyasətlə pozulur. Belə addımlar, qərarlar əxlaqa ziddir və dərhal dayandırılmalıdır.

“Əli Kərimli həmişə haqq sözünü fədəkarcasına deyib”

VAMBP sədri, pofessor Hacıbaba Əzimov:

– Əli Kərimliyə qarşı bu cür addımlar hakimiyyətə başucalığı gətirmir. Tarixi təcrübə göstərir ki, kim mövcud avtoritar rejimlərin anti-milli siyasətinə qarşı sərt mövqe sərgiləyirsə, ona qarşı sərt tədbirlər görülür. Bu repressiyanın, hücumun təzahürüdür. Əli Kərimli həmişə mübariz, vətənpərvər, haqq sözünü fədəkarcasına Azərbaycan naminə deyən bir siyasətçidir. Əli Kərimliyə qarşı həmişə kampaniya aparılıb. Bütün bunlar hamısı müxalifət liderini xalqın gözündən salmağa xidmət edir. Əli Kərimliyə qarşı zaman-zaman belə hərəkətlərə yol verilib. Amma bununla Əli Kərimlini xalqın sözünü deməkdən, onun hüquqları uğrunda mübarizə aparmaqdan çəkindirmək olmaz. Bütün bu kampaniyalar Əli Kərimlinin haqq yolunda olduğunu göstərir. Bütün bunlar xalqa bir mesajdır ki, bu oğru, korrupsioner hakimiyyətə qarşı Əli Kərimli necə cəsarətlə mübarizə aparır. Bizim partiya da bu əxlaqsız addımlara qarşıdır və biz Əli Kərimlini demokratik qüvvələrlə yanaşı dəstəkləyirik.

“Belə ləyaqətsiz iş görmək lazım deyil”

Tanınmış şair Musa Yaqub:

– Əli Kərimlinin hədəfə götürülməsi təəccüblü deyil. Bu cür yanaşma yolverilməzdir və heç bir əndazaya sığmır.
Əli Kərimli böyük siyasi xadim və AXCP-nin idarəçiliyində, yaradılmasında fəal iştirak etmiş şəxsdir. Demokratik ölkələrdə bu cür hallar olmur. Hər kəsin fikrinə, açıqlamalarına hörmətlə yanaşmaq lazımdır. Belə ləyaqətsiz iş görmək lazım deyil. Buna heç cür haqq qazandırmaq olmaz. Belə halları mən təqdir etmirəm.

“Ölkəni cinayətkar qruplaşmalar idarə edir”

Hüquq müdafiəçisi Leyla Yunus:

– Bu bir daha təsdiq edir ki, ölkə mafioz qanunları ilə idarə olunur. Ona görə Əli Kərimlinin evinin qarşısındakı aksiya, daha sonra səhərə qədər mülki geyimlilərin onu narahat etməsi təsadüfi deyil. Azərbaycanda normal qanunlar işləmir. Ölkəni cinayətkar qruplaşmalar idarə edir. Əli Kərimlinin fəaliyyəti, İctimai Palatadakı addımları hakimiyyəti narahat edir. Ona görə də Əli Kərimli bu cür münasibətlə üzləşib.

“Belə addımlar AXCP sədrinə xələl yox, şərəf gətirir”

AMİP sədri Yusif Bağırzadə:

– Bu aşağı səviyyəli kampaniyadır və sistemin xarakterindən xəbər verir. Əli kərimli böyük bir siyasi partiyanın rəhbəri, tanınmış siyasətçidir. Belə səviyyəli şəxsə qarşı belə bir yanaşma sərgiləmək sadəcə olaraq cılızlıqdır. İctimaiyyətin Əli bəyə böyük hörməti var. Ona görə biz Əli Kərimliyə qarşı yönəldilən bu cür addımları pisləyirik. Əslində, bu cür kampaniyalar, hakimiyyətin onu hədəf seçməsi əsla AXCP sədrinə xələl gətirmir, əksinə ona şərəf gətirir. Əli Kərimlinin bir siyasi rəhbər kimi ölkədə gedən siyasi proseslərə təsir gücü var. Hakimiyyətdə bunu bildiyindən
onu hədəfə çevirib.

“Əli Kərimliyə qarşı kampaniyanı pisləyirik”

“ReAl” Vətəndaş Hərəkatının həmtəsisçisi İlqar Məmmədov:

– Bizim təşkilat Əli Kərimliyə qarşı olan əvvəlki əxlaqsız aksiyalar kimi sonuncu addımları da pisləyir. Əli Kərimlinin evinin qarşısında aksiyaların keçirilməsi sərbəst toplaşmaq azadlığının pozulmasıdır. Necə ola bilər ki, sərbəst toplaşmaq azadlığı yalnız müəyyən istisnalarla təmin edilsin.

“Əli Kərimlinin ailəsi bu prosesdə zərər çəkməməli idi”

Hüquq müdafiəçisi Anar Məmmədli:

– Baş verənlər AXCP sədrinə qarşı mənəvi və psixoloji təzyiqdir. Bu prosesi sivil qaydada da həyata keçirmək olardı. Izahat almaq istəyirlərsə, çağırış göndərərdilər. Insanlara qarşı bu cür rəftar yolverilməzdir. Polisə çağırılan Əli Kərimlidirsə, onun ailəsi, yaxınları bu prosesdə zərər çəkməməli idi. Onların bu məsələyə nə aidiyyəti var? Onları qorxutmaq, psixoloji təzyiq etmək nəyə lazım idi? Çox təəssüf ki, bunu da fürsət bilib Əli bəyə qarşı təzyiq etdilər.

Xəyal