“The New York Times” Azərbaycanda “Eurovision” və sosial problemlərdən yazdı
ABŞ-da yayımlanan dünyaca məşhur “The New York Times” qəzetində “Eurovision” musiqi yarışmasının finalından sonra ölkəmizlə bağlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, “Eurovision”a ev sahibliyi edən Azərbaycan höküməti dünya arenasında mükəmməl başlanğıc etmək üçün heç nəyi taleyin öhdəsinə buraxmadı. Şənbə axşamı böyük finalı keçirən Bakı sanki hər tərəfdən bloklanmışdı. 300 dollar qiymətində biletlər sərt qaydalarla – hər kəsin şəxsiyyət vəsiqəsi və ona uyğun identifikasiya nömrəsini müəyyənləşdirməklə satıldı. Hakimiyyət dəqiq bilmək istəyirdi ki, 23000-lik “Crystal Hall”da kim harada oturacaq.
“The New York Times” qəzetinin əməkdaşı Devid Herzenhorn məqaləsində Azərbaycandakı ictimai-siyasi vəziyyət və insan haqlarının durumuna da toxunub. O, yazır ki, ötən həftə təhlükəsizlik qüvvələri insan haqlarının pozulmasına diqqət çəkmək istəyən onlarla etirazçını həbs etdi.
Bundan başqa İlham Əliyevin kürəkəni müğənni Emin Ağalarovun Rusiyanı yarışmada təmsil edən “Buryanovskie babuşki” qrupuna “xüsusi” qayğısı amerikalı jurnalistin diqqətindən yayınmayıb: “Rus nənələr milyarder Araz Ağalarovun oğlu Emin Ağalarovun Bakı kənarında yerləşən kurort kompleksində qonaq kimi qaldılar. Emin Ağalarov ölkə prezidenti İlham Əliyevin böyük qızının əridir”.
Məqalədə regionlarda yaşayan insanların sosial-iqtisadi vəziyyətindən də söz açılır. “Ölkənin başqa yerlərindəki narazılıq” yarımbaşlığı ilə təqdim olunan hissədə deyilir ki, Bakıdan 320 km cənubda yerləşən Astarada bir dəstə kişi “Vikinin çayxanası”nda oturub çay içirlər. İşsizlikdən və bekarçılıqdan onlar vaxtından əvvəl qocalıblar. Onların dediyinə görə, “Eurovision” hökümət üçün yaxşı ola bilər, ancaq onlar üçün heç nə etməyiblər. “Məni “Eurovision” maraqlandırmır, çünki onlar bizimlə maraqlanmırlar”, – deyə Şəhriyar adlı yerli sakin “The New York Times”a bildirib. “35 yaşlı Şəhriyar 3 il Azərbaycan-Ermənistan arasında baş verən Dağlıq Qarabağ müharibəsində iştirak edib. Hal-hazırda isə o, işsizdir. Dörd kiçik yaşlı qızı olan Şəhriyar deyir ki, hökümət işsizlik probleminə diqqət ayırsaydı, daha yaxşı olardı” – deyə məqalədə yazılır.