Son çırpınışlar

Axır vaxtlar baş verənləri belə də ümumiləşdirmək olar: artıq rollar dəyişib. Dünənədək biz narahat idik ki, necə olacaq bu işlərin axırı, hara gedir Azərbaycan.
Amma indi Ilham Əliyev və əshabələri narahatdırlar ki, hara gedirlər və axırları necə olacaq. Artıq bizim Azərbaycanın gələcəyi ilə bağlı təsəvvürlərimiz çox aydındır, heç birimiz bu ölkənin çağdaş, demokratik, azad dünyanın bir parçası olacağına şübhə eləmirik.
Bir zamanlar şübhələrimiz, əndişələrimiz vardı, ümidsizliklərimiz də az olmayıb indiyədək. Ancaq indi xeyli rahatıq, yenə də çətin, ağır, basqılı günlərdən keçirik, amma tunelin sonundakı işığı da görürük. Daha əmin, daha mətin addımlarla yürüyürük. Zaman bizim xeyrimizə işləyir artıq. Artıq xalqını əzən, sümürən, onu çağın gerisinə götürməyə çalışan rejimlərə yeni dünyada yer qalmadığı, belə rejimlərin sadəcə, məhvə məhkum olduğu həqiqətinin rahatlığı, ruh yüksəkliyi var içimizdə.
Dünənədək yalnız bizim oğru dediklərimizə indi bütün dünya oğru deyir. Dünən biz dünyanı inandırmağa çalışırdıq ki, Azərbaycan xalqı da azad, demokratik yaşamağa qadirdir, layiqdir. Indi dünya özü-özünü və bizi inandırır buna.
Şər cəbhəsində isə vəziyyət tam əksinədir. Qorxu içindədirlər, narahatdırlar, həyəcanlıdırlar. Əslində dünən Əli Kərimli ilə bağlı baş verənlər də elə bunun görsənişi idi. Bu, Ilham Əliyevin öz komandasına mesajı idi ki, “qorxmayın, dağılmayın, biz lazım gəlsə, bunların ən öndə gedənini də içəri ata bilərik”.
Əcəb düşüncəsiz adamlardır. Fikirləşmirlər ki, elə qanunsuz həbslərlə, şərləmələrlə gəlib bu vəziyyətə düşdülər. Repressiyalarla müxalifəti “islah” etməyə sərf etdikləri vaxtın, enerjinin mində birini özlərini islah etməyə, özlərinə çəki-düzən verməyə, öz səviyyələrini artırmağa sərf etsəydilər, bəlkə də bugünkü ağır duruma gəlib düşməzdilər. Bəlkə də belə olsaydı, indi onlara heç Qəzzafinin, Mübarəkin aqibətini də xatırlatmırdıq. Bəlkə də bir azca abırlı sivişib çıxardılar bu işin içindən.
Indi isə artıq gecdir. Xalqla və tərəqqipərvər dünyayla bütün körpülər yandırılıb. Əllərində bu qədər pul var, amma o qədər pulun qara qəpik qədər dəyəri yoxdur. Şəxsən mənə ən çox zövq verən elə budur: bunların pullarının əllərində qaldığını görmək! Dünənədək öyündükləri çoxlu pulların bu gün bir yaralı barmaqlarına dərman olmaması!
Vaxt vardı bunlardan beş-üç manat qoparıb Ilham Əliyevə “islahatlara meylli” obrazı düzəltmək istəyənlər qapılarında növbəyə dururdular. Amma indi özləri ətək-ətək pulla qapı-qapı düşüb haqlarında bir xoş söz deyəcək, yazacaq adam axtarırlar. Təntənələri sınıb. Qalib ədalarından əsər-əlamət yoxdur. Balaca məsələ deyil: əlində bu qədər pulun var, heç nəyə yaramır. O boyda pul töküb musiqi yarışması keçirirsən, amma dünya da səni ifşa yarışına çıxır. Bu gün Bakıda musiqi yarışması keçirilir, amma dünyada da sanki “kim Əliyevləri daha yaxşı ifşa edər?” yarışması keçirilməkdədir.
Bu son həbslər, hədələr, əxlaqsızlıqlar da əslində rejimin son çırpınışlarıdır. Çırpındıqca, çabaladıqca da daha çox batırlar.  
Mən heç onu da nəzərdə tutmuram ki, artıq səltənətləri bu gün-sabahlıqdı. Nə vaxt xanimanları başına yıxılacaq, vecimə də deyil.
Bunların bütün dünyada öz adları ilə çağrıldığını görmək, təntənələrinin sındığını, qalib ədalarının darmadağın olduğunu görmək mənə yetər.
Bütün dünyada maskalarının düşdüyünü görmək, heç bir şantajlarının işləmədiyini görmək mənə bəsdir.
Pullarının əllərində qaldığını, pullarının müdafiə etdiyimiz dəyərlər qarşısında məğlubiyyətini görmək mənə yetər.
Və içimdə uzun, kələ-kötür, amma doğru yolda yürüdüyümüzü görməyin inanılmaz bir rahatlığı var, sevinci var, mutluluğu var.
Elə bir sevinc, elə bir mutluluq ki, sözlər onu ifadə etməkdə acizdir. Üzrlü sayın.