Evləri sökülənlərə kompensasiya verməyən ARDNŞ-in belə gəzintilərdə məqsədi nədir?
ABŞ-ın bir qrup senatoru və yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Qonaqlar Azərbaycanın bir sıra dövlət və hökumət rəsmiləri ilə də görüşüblər. Iki yüz nəfərlik heyətin görüşləri və müzakirələri zamanı səfərin siyasi əhəmiyyətli olduğu açıq şəkildə görünür. Bu barədə məlumat verməyimizin məqsədi heç də Amerikalı qonaqların səfərinə diqqət çəkmək və ya onun iki ölkə əlaqələrində əhəmiyyətini aşağı salmaq deyil. “Azadlıq” olaraq diqqəti səfərin təşkili və maliyyə xərcini üzərinə götürən təşkilata çəkməkdir. Belə ki, nə qədər qəribə olsa da Amerikalı senatorların Azərbaycana səfər xərclərini ARDNŞ öz üzərinə götürüb. Dövlət Neft Şirkətinin belə bir siyasi tədbirə imza atmasının səbəbləri anlaşılmır.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirdi ki, ARDNŞ-in təyinatı üzrə olmayan tədbirlərin keçirilməsinə imza atması birinci dəfə deyil baş verir. ARDNŞ-ə daxil olan neft gəlirlərinin heç kimin mülkiyyəti olmadığını deyən M.Qəhrəmanlı vurğuladı ki, bu, xalqın sərvətidir və onun xərclənməsi barədə ictimaiyyətə açıq məlumat verilməlidir: “Neft Şirkəti olduqca qapalı qurumdur. Bu şirkətin xərcləri və gəlirləri barədə məlumatı almaq mümkün deyil. Halbuki xalqın sərvəti olan neft gəlirlərinin xərclənməsinə ciddi nəzarət olmalıdır. Açıqlanmalıdır ki, bu cür tədbirlərin təşkilinə Neft Şirkəti maliyyəni hardan alır?. ARDNŞ-in insanları evlərindən zorla çıxararaq onları uçurmasını xatırladan M.Qəhrəmanlı vurğuladı ki, amma nədənsə şirkət insanlara kompensasiya verərək onların mülkiyyət hüquqlarını bərpa etmək barədə düşünmür. M.Qəhrəmanlının fikrincə, ARDNŞ bu cür layihələri reallaşdırmaqla hakimiyyət üçün lobbiçilik fəaliyyəti ilə məşğuldur. Halbuki ARDNŞ-in funksiyaları tamamilə başqa cür olmalıdır.
Hikmət


