“Mərkəzləşmiş” siyasət

Bu yazını yazmazdan əvvəl bir rus müəllifinin yazısını oxudum. Müəllif yazır ki, Rusiyanın problemi çox olub. Onlardan biri də məsafə, yoldur. Sonra da diqqəti bu həmin amilin – yolların üstündə cəmləşdirir və yazır ki, Moskvada baş verən olay nəinki Vladivostokda, heç Peterburqda əks-səda vermir. Bu qeyd məni çox düşündürdü və gördüm ki, eyni problemləri biz də yaşayırıq. Etirazlar, piketlər və bəyanatlar yalnız bir şəhərdə – Bakıda baş verir. Bundan nadir istisnalar olanda belə (məsələn, Quba hadisəsi) onlar o qədər lokal və kompakt xarakterli olur ki, bu hadisələrə ümumi ölkə hadisələri konteksində yanaşmaq çətin olur və onları əyalət nəzərindən yozmalı oluruq. Bunun da izahını tapmağa cəhd etmək olar. Amma həmin izahlar situasiyaya nə qədər adekvat olacaq? Məsələ də bundadır. Bir-iki fərziyəni nəzərdən keçirək.
1.Mərkəzlə əyalət arasında rabitə pozulub. Amma əslində belədirmi? Bəlkə də bir neçə il bundan əvvəl bunu iddia etmək olardı, amma indi belə deyil və mərkəzlə əyalət arasında çox intensiv rabitə var.
2.Mərkəzdə səslənən siyasi şüarlar əyalət insanlarını maraqlandırmır. Bunu prinsipcə qəbul etmək olar. Amma eni-uzunu bir neçə yüz kilometr olan və orta həyat səviyyəsi o qədər də fərqlənməyən ölkənin insanlarının bu qədər fərqli düşündüyünü zənn etmək çətindir. Xüsusən də nəzərə alanda ki, son vaxtlar müxalifət öz çıxış və bəyanatlarında mərkəzin və regionların sosial-siyasi problemlərinə xüsusi bir önəm verir, bu tezis də bir o qədər inandırıcı  görünmür. Bəs onda problem nədədir?
Mərkəzdən uzaq, gözdən uzaq…
Bəli, bir dəfə yolum bir əyalət bölgəsinə düşmüşdü. Bir-iki gün ərzində o qədər incidildik ki, mən Bakıda düşəndə elə bildim hansısa azadlıq adasına düşmüşəm, çünki həmin əyalət bölgəsi ilə müqayisədə Bakı bütün mənada cənnət idi. Ona görə də əsas səbəbi bunda görərdim. Əyalətlərdə insanlarla güc strukturları və yerli hakimiyyət istədiyi kimi davrana bilir və bəzən də o qədər fantaziyalarını işə salırlar ki, adam heyrət içində donur: əcəba, görən, biz hansı əsrdə yaşayırıq?! Bakı isə bir qədər mərkəzdi və burada hər hansı bir hadisənin beynəlxalq təşkilatların və medianın diqqətinə düşməsi elə də çətin deyil. Ona görə də bir az bundan ehtiyat edirlər. Amma Quba hadisəsi göstərdi ki, əyalətlərdəki proseslərin də bir limiti var və bu limiti keçəndən sonra hətta əyalətin “peşəkar” güc strukturları belə cəmiyyətin qarşısında aciz qalır. Deməli, məsələ tək mərkəzdən uzaqlıqda və yaxud da yaxınlıqda deyil, əsas problem mütəşəkkillikdədir. Mərkəzdəki proseslər də bu sarıdan kasadlıq çəkir və elə bu səbəbdən etiraz aksiyaları və piketləri arzu olunan nəticəni vermir. Tarixdə qeyri-kütləviliyini mütəşəkkilliyi ilə kompensasiya edən siyasi təşkilatlar çox olub. Bu misallar bir qədər uğurlu olmasa da onu qeyd etməmək mümkün olmur. Məsələn, Rusiyada bolşeviklər partiyası heç vaxt kütləvi olmamışdı. Amma rəhbəri və mərkəzi strukturları xaricdə olan o təşkilat öz marginallığını mütəşəkkilliyi ilə kompensasiya edə bilirdi. Amma hətta bu izahdan da sual doğur: etirazlar niyə mütəşəkkil deyil? Burada isə artıq baş sındırmağa dəyməz. Cavab sadədi: ona görə ki, insanlar laqeyddir və laqeydlik bütün avtortiar sistemlərin əsas söykənəcək yerlərindən biridi.
Atomistik ölkə
Ötən yazıda insanlarda “ümummillik mentaliteti”nin itməsindən yazmışdım.
Bəli, insanlarda özünü hanısa toplumla identifikasiya etmək meylləri azalıb və mən bu haqda düşünəndə həmişə yadıma gülməli bir Azərbaycan məsəli düşür: Ac başım, saz başım! O məntiqdən çıxış edəndə insanlar ağrımayan başlarını ağrıtmaq istəmirlər və problemlərinin həllini mövcud sistemə daha yaxşı adaptasiya olunmaqda görürlər, uğursuzluqları da bu sistemin çatışmaz cəhətlərində deyil, əksinə ona yaxşı adaptasiya oluna bilməməkdə görürlər.
Onlar üçün müxalifət məhz belə uğursuz-sistemə adaptasiya edə bilməyən, necə deyərlər, həyatla “dil tapa bilməyən” insanlardır. Hamı da bu sistemi müxtəlif yönlərdən izah edir, onun incəliklərini çözür və heç kim əlini “stola vurmur” ki, yetər, əsas məsələ bu sistemi dəyişməkdir…