Ötən əsrlərdə ilişib qalan Iran molla rejimi uzun müddətdir nüvə silahı düzəltməyə çalışdığı kimi, bizim Azərbaycan hakimiyyəti də son illərdə boş durmurdu. O da bir silah düzəldirdi. Imitasiya silahı. Demokratiyanı, azadlıqları, ədaləti imitasiya etmək üçün silah. Insafən, bu silahın qabağında əsir-yesirdik. Onun zərbələrini aradan qaldırmaq üçün dəridən-qabıqdan çıxırdıq.
“Eurovision”un Bakıya gəlməsinə qədər belə idi…
Bunu bir çox avtoritetli rejimlər bacarmamışdı. Amma bu silah bizim iqtidarın köməyinə çatırdı, işə yarayırdı. Bilirsiniz ki, həqiqəti tamamilə, heç də hamı üçün öldürmək mümkün deyil, amma çox vaxt yalanı həqiqət kimi sırıyırdılar. Demokratiyanın və ümumən ölkənin inkişaf etməsi təəssüratını yaratmaqda idilər.
Hakimiyyət orta əsrlərdəki kimi atadan-oğula keçdi, oğul əbədi prezidentliyə iddia etdi, amma Azərbaycanı müasir, demokratik bir ölkə kimi təqdim edirdilər. Körpülərlə, işıqlı mərkəzi küçələrlə, gözəl binalarla ölkənin sürətlə inkişaf etdiyini göstərirdilər. Cəmi 70 min adamın çalışdığı, lakin ölkə iqtisadiyyatının 70 faizdən çoxunu yaradan neft sənayemiz isə imitasiya qurğularının işləməsi üçün öz töhfələrini verdi.
Lakin son bir ildə vəziyyət dəyişdi, “Ərəb baharı”nın baxışlara gətirdiyi yeni çalarlar, ölkədə demokratik qüvvələrin dirçəlməsi, internetin və yeni medianın inkişafı imitasiya silahını zərərsizləşdirməyə başladı.
“Eurovision”un Bakıya gəlməsi isə doğrudan da pərdələri tamam qaldırdı.
Azərbaycan artıq olduğu kimi görünür…
Bütün yaraşıqlı binaları və küçələri ilə, gözəl “Kristal Hall”u ilə. Amma bunların arxasında qalan acı reallıqları ilə də! Avtoritar və korrupsioner mahiyyəti ilə. Polis dəyənəyinə söykənən rejimi ilə. Xaricilərə təbəssüm göstərib, öz xalqına diş qıcayan hökuməti ilə. Evlər sökən, talelər yıxan, tamahları doyduran imitasiya silahı ilə. Dərdi, təzadı, bəlası ilə.
Xarici jurnalistlər gördü ki, burada xırda bir zala toplaşmış vətəndaş cəmiyyəti fəallarını necə susdurmağa çalışırlar. Piket keçirən qadınları necə döyürlər. Gəncləri necə sürüyür və həbs edirlər.
Nəhayət, gördülər ki, mahnı yarışmasının final günü müxalifət partiyasının rəhbəri Əli Kərimlinin evinə necə basqın təşkil edirlər, onu hansı səbəblə polisə çağırırlar.
Dünya da doyunca bizim həqiqətləri yazdı və oxudu. Pərdələr doğrudan da qalxdı. Imitasiya silahı işləmədi. Əlvida!
***
Hökumət KIV-ləri xəbər verir ki, mayın 25-də Bakının “Buta” sarayında 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib və orada prezident Ilham Əliyev danışaraq Azərbaycan dövləti və xalqının Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşdığını deyib.
Hanı o hörmət? Niyə Azərbaycan Xalq Cümhuriyyətinin qurduğu universitetin adından Məmməd Əmin Rəsulzadənin adını götürdünüz? Niyə Bakı kimi böyük şəhərdə – paytaxtımızda onun abidəsi yoxdur?
Bir müddət öncə gənclər təşkilatlarının üzvləri çoxlu sayda imza ilə Gürcüstan prezidenti Mixail Saakaşviliyə müraciət etdilər ki, Tiflisdə Məmməd Əminin abidəsi ucaldılsın. Bunun bir səbəbi Azərbaycan Xalq Cümhuriyyətinin bu şəhərdə elan edilməsidirsə, əsas səbəbi Bakıda Rəsulzadənin heykəlinin olmamasıdır. Gəncədə isə bir vətəndaş öz xərci ilə AXC liderləri və digər tarixi simaların abidələrini düzəltdirsə də, onlara yalnız qəbiristanlıqda yer tapa bilib.
Indi məktəb uşaqları da öz dərsliklərindən bilir ki, bu ölkədə Azərbaycan Xalq Cümhuriyyətini quranlara necə hörmət bəsləyirlər. Imitasiya keçmir daha.

Əlvida imitasiya silahı!
•