Nüfuzlu xarici KIV-lər və almaniyalı deputat AXCP sədrinin evində olub
AXCP sədri Əli Kərimlinin dünən Bakı Şəhər baş Polis Idarəsinə çağırılması zamanı yol verilən kobudluq və qanunsuzluqlar Azərbaycanda olan xarici KIV-lərin və beynəlxalq qurumların xüsusi diqqətində olub. Dünən gün ərzində ayrı-ayrı media qurumlarının və beynəlxalq qurumların təmsilçiləri Ə.Kərimlinin saxlanılması prosesini əvvəldən sona qədər müşahidə ediblər və günün sonlarına yaxın AXCP sədrinin evinə gələrək ondan müsahibələr alıblar, olayın təfərrüatlarını öyrəniblər.
Ə.Kərimlinin sözlərinə görə, ilk olaraq ondan “Röyters”in əməkdaşı müsahibə götürüb: “Röyters” bütün prosesi əvvəldən-axıra qədər müşahidə etdi və sonda yenidən açıqlama aldı. O cümlədən “Associated Press” orada da müşayiət etdi, sonradan evə də gəlib müsahibə götürdü. Almaniyanın “ARD” kanalı, “DPA” agentliyi, eləcə də “Dailu Telegraph” üçün məqalə hazırlayan Ingiltərədən olan müstəqil jurnalist həm polis idarəsində oldular, həm evdə müsahibə aldılar. Eyni zamanda Avropa Parlamentinin deputatı Knut W.Fleckenstein qonağımız oldu, mənimlə söhbət etdi, hadisələrlə maraqlandı. Avropa Birliyinin Bakıdakı nümayəndəsi də prosesi ilk andan izlədi və sona qədər məni müşayiət etdi. Bir çox səfirliklərin nümayəndələri gəlmişdilər, yerli mətbuat da tam tərkibdə prosesdə iştirak edirdi”.
AXCP sədri müsahibə və söhbətlərində həm dünənki olayla bağlı ətraflı məlumat verib, həm də Azərbaycandakı ictimai-siyasi vəziyyət, hakimiyyətin müxalifətə münasibəti və repressiyaları barədə danışıb.