“Hakimiyyət gərginlik və qəzəb içindədir”

İsa Qəmbər: «Ismayıl Ömərov da, hakimiyyət də müsabiqə dövründə uğradıqları fiaskodan çox dilxordurlar»

Bu həftə Ictimai Palata etiraz aksiyaları ilə diqqət çəkməyə çalışdı. Həftəsonu isə “Xalq gəzintisi” zamanı onlarla müxalifətçi saxlanıldı, AXCP sədri Əli Kərimli polis idarəsinə çağırıldı. Müsavat Partiyasının başqanı Isa Qəmbər “Azadlıq” radiosuna müsahibəsində bütün bunlarla bağlı fikirlərini bölüşüb:
– Mayın 25-də Ictimai Palata “Xalq gəzintisi” təşkil etmək fikrində idi. Amma son günlərdəki bəzi məlumatları nəzərə alandan sonra belə mövqe formalaşdı ki, “Xalq gəzintisi” yox, ayrı-ayrı qrupların, təşkilatların “fləşmob”ları kimi bir tədbir keçirilsin. Beləliklə, bu, çox böyük qarşıdurmalara, problemlərə gətirib çıxarmasın. Amma hakimiyyət yenə də hər zamankı kobudluğunu, qəddarlığını büruzə verdi. “Fləşmob” keçirən gənclərə çox qəddarcasına hücum etdilər, onları zorakı üsullarla saxlayaraq, polis bölmələrinə apardılar. Eyni zamanda, sadəcə, şüarsız, plakatsız gəzintiyə çıxan həm Ictimai Palata üzvlərinə, həm bizim çağırışımızla gəzintiyə çıxan vətəndaşlara qarşı da qəddarlıq göstərildi. Yəni, sadəcə saxlanılaraq polis idarələrinə aparılanların sayı 70-i keçmişdi. Hələ yolda buraxılanları saymasaq… Bütövlükdə bu, sərbəst toplaşmaq azadlığına da, hətta özlərinin tez-tez istinad etdiyi istirahət hüququna da çox kobud müdaxilədir. Bu, həm də hakimiyyətin xalqdan, Ictimai Palatadan nə qədər çəkindiyinin sübutudur.

– Əli Kərimlinin polis idarəsinə çağırılmasına necə baxırsınız?
– Bu aksiyalardan sonra Əli Kərimlinin polis idarəsinə dəvət edilməsi, kobud, yersiz şəkildə ifadə istənilməsi də hakimiyyətin demokratik qüvvələrə, Ictimai Palataya, konkret olaraq AXCP sədrinə təzyiq etmək istəyindən doğan qanunsuzluqdur. Təbii ki, bu addımın nə hüquqi, nə məntiqi tərəfi var. Müsavat Partiyası da bununla bağlı bəyanat verib və bu qanunsuzluqlara son qoymağa çağırıb.

– Isa bəy, bu həftə həm də Ictimai Palatanın aksiyaları ilə yadda qaldı. Yarımfinal günlərində aksiya oldu, finaldan öncə “Xalq gəzintisi”nə cəhd edildi. Bu aksiyalarla istədiyiniz mesajı verdinizmi?
– Bu gün (dünən) daha bir aksiya – aclıq aksiyası yekunlaşdı. Biz Koordinasiya Şurasının üzvlərilə məsləhətləşdik və aksiyanı keçirən fədakar insanlara müraciət etdik ki, aclığı dayandırsınlar. 2 həftəyə qədər davam edən aksiyada xeyli sayda insan iştirak edib. Bu fədakar insanların sayəsində bütün dünya Azərbaycanda vicdan məhbuslarının olmasından, onların həbsxanada aclıq keçirməsindən xəbər tutdular. Bu günlərdə yüzlərlə jurnalist qərargaha gəldi və bütün dünya mətbuatında, televiziyalarında bu aksiya ilə bağlı məlumatlar getdi. Bəlkə də Azərbaycanda bu qədər işıqlandırılan aclıq aksiyası olmamışdı. O biri aksiyalara gəlincə, bu həftə Ictimai Palata ölkədəki problemlərin yenidən səslənməsinə, dünyanın diqqət mərkəzinə gətirilməsinə nail oldu. Buna görə də artıq mayın 26-da hər hansı aksiya olmayacaq. Finalda iştirak edən musiqiçilərin hamısına, xüsusən vətəndaş mövqeyi, humanist mövqe nümayiş etdirənlərə, o cümlədən Lorenə uğurlar arzulayıram. Azərbaycan tarixi “Eurovision”la başlamayıb, onunla da bitməyəcək. Ictimai Palata, demokratik qüvvələr Azərbaycanımızın problemlərinin köklü həlli naminə mübarizəsini davam etdirəcəklər.

– Sizin aksiyalardan biri də Ictimai Televiziyanın qarşısında oldu. Bu telekanalda müxalif fikrə efir vaxtı verilməməsinə etiraz etdiz. Bu telekanalın rəhbəri Ismayıl Ömərov “Azadlıq” radiosuna deyib ki, beynəlxalq təcrübədə yalnız parlament müxalifətinə efir vaxtı verilir. Onun bu dediklərinə Sizin münasibətiniz…
– “Ictimai Televiziyada yalnız parlamentdə təmsil olunan partiyalara yer verilməlidir” deyilən qanun, qayda harada kəşf olunub – bu, aydın deyil. Bu, tamamilə məntiqsiz yanaşmadır. Ictimai Televiziyada yalnız Ismayıl Ömərovu, hakimiyyəti maraqlandıran problemlər yox, bütün ictimai kəsimləri, siyasi qüvvələri maraqlandıran mövzular, problemlər müzakirə edilməlidir. Digər tərəfdən, belə çıxır ki, Ismayıl Ömərov da etiraf edir ki, o, hakimiyyətin siyasətinin əlavəsidir. Hakimiyyət saxta seçkilər keçirir, seçkilərdə qalib gələn bizləri parlamentə buraxmır. Özü üçün saxta, qeyri-legitim parlament formalaşdırır. Ismayıl Ömərovsa buyurur ki, parlamentdən kənardakı partiyalara şərait yaratmağı fikirləşmir. Bununla onlar eyni mərkəzdən idarə olunan qüvvələr olduqlarını ortaya qoyurlar. Mən başa düşürəm ki, Ismayıl Ömərov da, hakimiyyət də müsabiqə dövründə uğradıqları fiaskodan çox dilxordurlar. Məsələnin müsabiqə tərəfinə sözüm yox. Normal keçir, inşallah final da uğurla başa çatar. Amma bu mərhələdə Azərbaycan hakimiyyətinin özünü demokratik hakimiyyət kimi təqdim etmək cəhdləri, guya ölkədə hər şey qaydasındadır görüntüsü yaratmaq istəyi tam iflasa uğradı. Bunun üçün də onlar gərginlik və qəzəb içindədirlər. O baxımdan Ismayıl Ömərovu da başa düşürəm.