Dövlət büdcəsinə əlavə edilən 600 milyon nələrə xərclənəcək?

Milli Məclisin Iqtisadi siyasət Komitəsinin iclasında Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsinə təklif edilən bir sıra əlavə və dəyişikliklər müzakirə edilib.
APA-nın məlumatına görə, dövlət büdcəsinin gəlirləri və xərcləri 600 mln. manat artırılmaqla gəlirlər 17 038 mln. manat, xərclər isə 17 672 mln. manata çatdırılacaq.
Artımın strukturunda 300 mln. manatı ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılmasına, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının yaradılmasına yönəldiləcək.
Bundan əlavə, 200 mln. manat Sovet dövründən qalan əmanətlərin qaytarılmasına büdcənin ehtiyat fondun götürülmüş vəsaitlərin bərpası üçün yenidən ehtiyat fonda qaytarılması üçün nəzərdə tutulur.
Həmçinin 95 mln. manat Bakı və rayonların infrastrukturun inkişafına, 45 mln. manat təhlükəsizlik və hərbi quruculuğun gücləndirilməsinə yönəldiləcək. Göründüyü kimi, nəzərdə tutulan xərclərin həcmi 640 mln. manat təşkil edir və beləliklə nəzərdə tutulandan çoxdur. Bu səbəbdən qeyd olunmalıdır ki, həmin 40 mln. manatı büdcənin digər xərclərində qənaət hesabına əldə edilməsinə nəzərdə tutulur.