Bəşər Əsəd kütləvi qətliamı davam etdirir

Suriya diktatorunun əmrindəki əsgərlər son sutka ərzində 100-dən çox adamı öldürüb

Suriyada atəşkəs elan olunmasına baxmayaraq, ölkədə son bir sutka ərzində 100-dən çox adamın öldürüldüyü barədə xəbərlər yayılıb. Öldürülənlərin 88-i Homs şəhərində qətlə yetirilib. Bu barədə məlumat yayan müxalifət qrupları öldürülənlərdən çoxunun qadın və uşaqlar olduğunu bildirib və bunu kütləvi qətl adlandırıb. Hökumət qüvvələrinin Hula şəhərini də atəşə tutması nəticəsində onlarla insanın öldüyü və yaralandığı bildirilir.
Bu arada, BMT baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasına göndərdiyi məktubda Suriyada vəziyyətin olduca acınacaqlı olduğunu bildirib və dövlətləri bu münaqişə tərəflərindən heç birini silahlandırmamağa çağırıb. Suriya müxalifəti isə BMT Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırıb. Bundan başqa, BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın Dəməşqə səfəri gözlənilir. Səfərin tarixi açıqlanmasa da, səfərin gələn həftənin əvvəlində baş tutacağı, xüsusi nümayəndənin Bəşər Əsəd və müxalifət liderlərilə görüşəcəyi deyilir.