Hakimiyyət bu dəfə də ənənəsinə sadiq qalıb
28 may tarixinə çox az qalıb. Bu tarixin nə demək olduğunu az qala uşaqlar da bilir. Çünki tədris ədəbiyyatından qismən də olsa bilgiləri var. Lakin bütövlükdə cəmiyyətin diqqətini istiqlaliyyət günündən çox uzaq salmağa çalışırlar. Demokratiyanın məhz bu gündən başlandığını etiraf etmək o qədər çətindir ki…
Çətinlik də elə bundadır – müstəqil və demokratik respublikanın yaranmasının 28 May təqvimindən başladığını etiraf etmək. Buna görə həmin tarixin nəinki təbliğ olunmur, hətta yada da salınmır. Şəxsən mən efirdə, rəsmi verilişlərdə, hətta reklam çarxlarında da 28 Maya aid xatırlatma görmədim.
Rəsmi dairədə də bu təqvimə hansısa xüsusi, özəl bir münasibət hiss olunmur. Yalnız “Buta Palas”da dövlət başçısının bir neçə cümləlik xatırlamasından sonra ənənəvi çıxış başlanır. 28 Mayın ayın digər günlərindən fərqi isə, fikrimizcə, hiss olunmalıdır.
May ayının 10-u həm Gül bayramı, həm də mərhum dövlət başçısının ad günü kimi olduqca təntənəli keçirilir. Əlbəttə, bayram və əlamətdar günlərin hansının daha gözəl keçirilməsi qısqanclığı deyil yazdıqlarımız. Istərdik ki, Azərbaycanın tarixində öz yeri olan və tarixə yazılan təqvimlərə qarşı qısqanclıq nümayiş olunmasın. Fikirlərini öyrəndiyimiz ziyalılar da bu qənaəti bölüşür.
Yazıçı-publisist Mehriban Vəzirin fikrincə, indiki hakimiyyət üçün demokratik prinsiplər o qədər də önəmli deyil. Ona görə də bu cür münasibəti təbii qarşılamaq lazımdır: “Indiki rejim 28 May və demokratiya anlayışından çox uzaqdır. O, mahiyyət etibarilə işğalçı rus-sovet rejiminin qalığıdır. Sadəcə, adı dəyişib. Ona görə də onlar istiqlaliyyət, 28 May, Məhəmməd Əmin və onun silahdaşlarının qədrini bilən deyil. Ümumiyyətlə, hazırkı rejim o dəyərlərin qədrini bilə bilməz”.
Tanınmış ziyalı, kinorejissor Eldəniz Quliyev hesab edir ki, hazırkı hakimiyyət barədə azadlıq və demokratiyanın carçısı kimi danışmağına dəyməz: “Çünki bu hakimiyyət ”Nərgiz” xəstəliyinə tutulub. Onlar üçün “gül bayramı”, özününkünə heykəllər qoydurmaq adi hala çevrilib. Insan hüquq və azadlıqları, sərbəst toplaşmaq azadlığı, mülkiyyət hüquqları qorunmayan ölkənin 28 May tarixinə laqeyd münasibəti anlaşılandır. Azərbaycanın taleyilə bağlı günlərə bu hakimiyyət həmişə laqeyd yanaşıb. Çünki yalnız öz hakimiyyətini düşünən, güzgüdən özünə baxaraq ləzzət alan, təkrar edirəm, “Nərgiz” xəstəliyinə tutulan bir hakimiyyətdir”.
Nigar