Nizaməddin Quliyev: «Ola bilsin ki, danışıqlar aparılır»
İlham Şaban: «Qarşılıqlı maraqlar çərçivəsində belə bir addım atıla bilər»
Türkiyə mətbuatında Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyənin BP şirkətini almaq niyyətində olması xəbəri dolaşır. Bu ölkənin KIV-nin məlumatına görə, Türkiyəyə “Petkim” neftkimya şirkəti ilə addımını atan SOCAR-ın gözü maye yanacaq paylama bazarındadır.
Bunun üçün isə SOCAR-ın Ingiltərənin BP şirkətinin razılığını əldə etməsi lazımdır. Artıq SOCAR-ın 2010-cu ildə Meksika körfəzində baş verən fəlakətdən sonra bəzi ölkələrdən çıxarılma qərarı alan Ingiltərənin neft nəhəngi BP ilə danışıqlar masasında olduğu deyilir. Məlumata görə, Türkiyə bazarından çıxacağı iddia edilən BP-nin bu ölkədə 599 stansiyası var. Bu xəbər nə dərəcədə reallığa uyğundur və SOCAR-ın belə bir addım atacağı gözləniləndirmi?
ARDNŞ mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev onlarda belə bir məlumatın olmadığını deyir. Ancaq o, danışıqların aparıldığını da istisna etmədi: “Ola bilsin ki, danışıqlar aparılır. Ancaq bu kommersiya sirri olduğuna görə mən bunları bilməyə bilərəm. Lakin bu barədə rəsmi heç bir informasiya yoxdur”.
Iqtisadçı-ekspert Ilham Şaban isə məlumatı inandırıcı sayır. Çünki Meksika körfəzindəki məlum hadisələrdən sonra BP dünyanın bir çox yerində neftayırma zavodlarını, hətta yanacaqdoldurma şəbəkələrini satışa çıxarıb. Bu baxımdan Türkiyədə də onların ARDNŞ-ə satılması çox real görsənir.
Ekspertin sözlərinə görə, BP öz şəbəkəsini hər şirkətə satmır. Ancaq BP eyni zamanda şirkəti ARDNŞ-dən Türkiyə ərazisindəki TANAP qaz kəmərində pay almaqda maraqlıdır. Bu da bir faktor kimi rol oynaya bilər. Qarşılıqlı maraqlar çərçivəsində belə bir addım atıla bilər. Bu baxımdan xəbərin reallığa çevrilməsi mümkündür.
Öz növbəsində ARDNŞ prezidenti Rövnəq Abdullayev hələlik Türkiyədə neft məhsullarının pərakəndə satışı üçün aktivlərin alınması məsələsinin gündəlikdə olmadığını desə də, gələcəkdə bu məsələyə baxıla biləcəyini deyib.
Fizzə