İrana veriləcək tək doğru cavab – ədalətdir…

Dünən Qüdrət Həsənquliyevin Iran əleyhinə fikirlərini oxudum. Yuxarıların aktual arzusu öz yerində, insafən, onun belə çıxışları daim olub, bu məsələdə çoxları kimi mövsümi fəaliyyətdə deyil. Yəni, Iran barədə tez-tez danışır. Lakin mən keçmiş cəbhəçi olan BAXCP sədrinin çıxışını oxuyanda istər-istəməz fikrim keçmiş zamanlara getdi. Elə bu hakimiyyətin dövrü idi, cəbhəçi gənclərin Iran səfirliyi qarşısında keçirdiyi aksiya amansızlıqla dağıdıldı. Xeyli adam həbs edildi. Hələ bu harasıdır, səhv etmirəmsə, 5 nəfər gənc də oxuduğu ali məktəbdən qovuldu. Tarixi təfərrüatları yazmıram. Amma bilmirəm Qüdrət Həsənquliyev xatırlayırmı, qovulan tələbələrdən ikisinin ali məktəbə bərpa olunmasında şəxsən iştirak etmişdim, bir neçə dostumuzla uzun-uzadı cəhdlərdən sonra buna nail olmuşduq.
Bu hadisəni xatırlamaqla demək istədiyim odur ki, bizim şanlı hakimiyyətin Irana böyük sevgi bəslədiyi illərdən çox keçməyib. Indi Iran səfirliyi qarşısında ən sərt şüarlarla aksiya təşkil edən bu hakimiyyət indiyəcən oradakı normal aksiyaların qarşısını alıb.
Bəlkə yadınızdan çıxıb? Təqib edilən və Bakıya sığınan gənc soydaşımızı bu hökumət Iran rejiminə təhvil vermədimi? Çox yəqin ki, həmin gənc indi həyatda yoxdur, onu ya asıblar, ya da türmədə məhv ediblər.
Korporativ və şəxsi maraqlara bu qədər aludə olan, ictimai ağrı və qayğılardan bu dərəcədə uzaq düşən insanların bizim ölkənin başında duracağını mən heç vaxt təsəvvür edə bilməzdim. Azərbaycanın maraqlarına qarşı addımlar atıldıqda susurdular, amma öz maraqlarına toxunulduqda, yaxud özünə sərf etdikdə, özünə lazım olduqda bu hakimiyyət Irana qarşı çıxdı, ona cavab verməyə başladı.
Amma bunlara cavab demək mümkündürmü? Yuxarıdan təşkil olunmuş aksiyada Iranda səslənən fikirlərə söyüşlə qarşılıq vermək cavab sayıla bilərmi?
Azərbaycan hakimiyyətinə hər cür tənqidi fikirlərimə rəğmən, bütün hallarda mən Iranın Azərbaycana qarşı tamah dişlərini, ölkəmizdə apardığı təbliğatı, təşkilatçılığı, şəbəkələşməni inkar etmirəm. Bunu biz illərdir deyirdik. Biz həmin təhlükəni həmişə söyləmişik. Vaxtilə Elçibəyi Iranla münasibətləri pozmaqda günahlandıran, indi Iranı açıq düşmənə çevirən bu adamlar isə bizə gülüblər. Bəs indi necə, Iranın əməllərinə qarşı veriləcək cavab budurmu? Iranın təhlükəsinin qabağını almaq yolu budurmu?
Azərbaycan hakimiyyəti Iranın cavabına xeyli gecikib, onun təhlükələrinə qarşı tədbir görməyə xeyli yubanıb. Yenə də yubanmaqdadır. Bu da onun Irandakı rejim kimi avtoritar olmağından, hətta Irandakından böyük dərəcədə korrupsiyaya uğramasından, tamamilə şəxsi maraqlara uymasından irəli gəlir.
Irana əvvəl də, indi də veriləcək tək bircə doğru cavab olub: ədalət. Məhz ədalətli cəmiyyət qurmaq Iranın təhlükələrini yoxa çıxarır. Onun yağlı dili işləmir, əzilmiş insanları aldada bilmir, əksinə, güclü, sağlam toplumla üz-üzə gəlir, ədalətin və rifahın qarşısında zəif, arqumentsiz duruma düşür. Bizim cəmiyyətdəki zülmdən, haqsızlıqdan bezmiş və aşınmış insanlara öz ədalətini vəd edən bir gücə ən doğru cavab ədalətinlə onun qarşısına çıxmaqdır.
Bəs əslində necədir? Hakim oğru siyasi dəstə ədalətsiz idarəçiliyi ilə Azərbaycanı Iranın cəzbedicilik poliqonuna çevirib. Iran deyir: budurmu sizin dünyəvi Azərbaycanınız? Budurmu sizin yaşayışınız? Budurmu sizin ədalətiniz?
Tutaq ki, biz də bənzər cavab veririk – sən də bu deyilsənmi? Sizdə də bunlar yoxdurmu? Sizdə də mavi var, sizdə də araq içirlər və s. Məgər bu həmin rejimin əsas qüsurudur? Söyüş, təhqir, məna kəsb etməyən faktlar səsləndirmək kimə nə fayda verə bilər? Kimə yaraşar? O rejim, hələ başqa xalqları demirəm, qədim və böyük mədəniyyətə, ənənələrə sahib olmuş fars xalqının özünə zülm verir, ziyanlar vurur. Budur onun qüsuru – ədalət və azadlıqdan uzaq olması, müasirlikdən, gerçəklikdən, həqiqətdən uzaq düşməsi.
Insanları üstünə və evinə narkotik, silah atmaqla həbs etmək nəyi dəyişə bilər? Bənzər ictimai xüsusiyyətlərlə, tamam pula susamış bir idarəçiliklə, ədalətsizlikdən boğulan və aşınan bir cəmiyyətlə nə Irana cavab verə bilərsən, nə də özünə bir xeyrin dəyər. Ədalətin yoxdur – ona görə.
Iranın qonşuluğunda azad, demokratik və rifah içində yaşayan bir ölkə çoxdan olmalı idi.