logo-lemonde

“Le Monde”un redaksiya yazısında Əliyev hədəf oldu

«Ölkədə neft, qaz və qızıl yataqları Əliyev klanı tərəfindən idarə olunur»

«Belə çıxır ki, Azərbaycanda işgəncələrin doğurduğu fəryadı boğmaq üçün Avropa mahnıları oxunacaq…»

Fransanın ən populyar qəzeti olan “Le Monde” Azərbaycandakı vəziyyətə dair redaksiya yazısıyla çıxış edib. Sözügedən məqalənin başlığında sual olunur: “Bakıya mahnı oxumağa getməyə dəyərmi?”
Azərbaycan insan hüquqlarının vəziyyətinə diqqət yetirən “Le Monde” yazır:
“Eurovision” mahnı müsabiqəsi böyük bir dostluq hadisəsidir. Avropadan musiqiçilər, incəsənəd adamları bu müsabiqənin keçirildiyi ölkəyə axışıb gəlirlər. 57-ci “Eurovision” mahnı müsabiqəsinə bu il 42 ölkə qoşuldu. Yarışmada iştirak edən insanlara uğurlar arzulayırıq.
Bildiyimiz kimi, Bakı – Qafqazda yerləşən Azərbaycanın paytaxtı ötən il bu yarışmanın qalibi oldu və beləliklə, builki müsabiqəyə ev sahibliyi etmək hüququ qazandı. Amma “Amnesty International”, “Human Rights Watch” kimi hüquq-müdafiə təşkilatlarının, Insan Hüquqları üzrə Beynəlxalq Federasiyanın bu ölkə haqda hesabatları dəhşətli hisslər yaradır. O hesabatları oxuyanda belə nəticə yaranır ki, Avropa dəyərlərinin tapdandığı, müxalifətin hakim ailə tərəfindən əzildiyi bir ölkədə mahnı müsabiqəsi keçiriləcək. Çünki Azərbaycan atasından hakimiyyəti miras alan və onun ölümündən ölkəni korrupsiya və repressiya ilə idarə edən Ilham Əliyev klanının əlindədir. Neft, qaz və qızıl yataqları bu klan tərəfindən idarə olunur.
Bu klan mahnı müsabiqəsinə xeyli əmək və vəsait sərf edib. 23 min tamaşaçı tutumu olan “Kristall Hall”ı Əliyev ailəsinə məxsus şirkət inşa edib. “Eurovision”a hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri də prezidentin xanımıdır. Tədbirlə bağlı afişalarda prezidentin qızının şəkilləri yer alır. Prezidentin kürəkəni olan müğənni Eminin də “Eurovision”da fasilə zamanı oxuması nəzərdə tutulub.
Son həftələrdə Bakıda polis insanlara qarşı vəhşicəsinə davranmaqdadır. Müxalifət cəsarət nümayiş etdirərək diqqəti ölkədə insan hüquqlarının acınacaqlı vəziyyətinə cəlb etməyə çalışır. Bugünlərdə Bakıda olan xarici jurnalistlər də orada insanlara qarşı zorakılığın şahidi olublar.
Bütün bu pozuntularla yanaşı, həm də ölkədə seçkilər saxtalaşdırılır, mətbuat azadlığı isə yoxdur. Bu ölkədə hüquq-mühafizə orqanlarında, həbsxanalarda işgəncələr adi hal alıb.
Avropa Birliyi bu festivalı boykot etməli idi. Finalda iştirak edən müğənnilər də bu olaylardan xəbərdar edilməliydilər. Amma Avropa Yayım Şurası insan haqları faktorunu qabartmaqdan yayındı. Indi belə çıxır ki, Azərbaycanda işgəncələrin doğurduğu fəryadı boğmaq üçün Avropa mahnıları oxunacaq…”

***

Qeyd edək ki, bugünlərdə “Le Monde” qəzetində Azərbaycanda hazırkı ictimai-siyasi durumu əks etdirən başqa bir məqalə də dərc olunmuşdu. Sözügedən məqaləni qəzetin “Eurovision”la əlaqədar Bakıya ezam olunmuş müxbiri qələmə almışdı. Həmin yazıda da Azərbaycanda insan hüquqlarının acınacaqlı durumuna görə hökumət kəskin tənqid olunmuşdu.