“Hər açılan sabahı daha insan yaşamaq…”

Bir zamanlar dünyanın saatı qurulanda Tanrı insanı azad yaratdı, yer üzünü də ona yaşamaq üçün gözəl bir məkan olaraq hədiyyə etdi. Min illərdir buradakı həyat beləcə, dayanmadan axıb gedir. Amma insan övladı da min illərdir ona hədiyyə olunmuş yer üzünü cəhənnəmə çevirənlərin oduna yanıb-tutuşur. Tanrının “ən mükəmməl əsəri” olan insan həyatı boyunca bu yaşam cizgisinin pozulmasından nələr çəkir!..
Azərbaycan dünya xəritəsində əsrlərdən bəri xeyirlə-şərin davasının getdiyi qaynar nöqtələrdən biridir. Onun bugünkü mənzərəsində söylədiyimiz acı həqiqətlərin açdığı yaralar daha çılpaq görünür. Burada adi insan azadlıqlarının yasaqlandığı bir rejim hökm sürür. Böyük neft pulları ilə göz aldadan işıltılı tabloların kölgəsində yoxsul insanların faciəsi, müharibə gerçəkləri, həbsxanalara qapadılmış azad düşüncə gizlənir…
Bu gün öz vətənində apardığı haqq mübarizəsinin cəzasını çəkən belə cəsur insanlardan biri – vicdan məhbusu Sahib Kərimov ömrünün 38-ci baharını həbsxanada tamamlayır. Düşünürəm, Azərbaycanda Sahib bəyi tanımayan az adam tapılar. Illərdir haqq davasını meydanlarda aparan, səsi tribunaları titrədən cəsur bir fədaidir o. Ölkədəki azadlıq və demokratiya mübarizəsini də AXCP sədrinin müşaviri olaraq aparmaq qərarını təsadüfi verməyib. Onun apardığı məşhur mitinqlər hər kəsin yadındadır, heç şübhəsiz. Gözəl natiqliyi və gur səsi ilə çoxları yeni kəşf etmişdi o zaman Sahib bəyi. Hələ keçən il həbs olunduğu 2 aprel hadisələri zamanı məhkəmədəki çıxışları o günlər bütün ölkənin gündəminə düşmüşdü. Yalançı şahidlərin avtobusun şüşəsini qırmaq ittihamlarına qarşı hakimiyyətə meydan oxumuşdu: “Mən avtobusun yox, azadlıq və demokratiyanın qapısını açmaq istədiyim üçün buradayam!”
Məhkəmə günlərində Sahib bəyin Şəkili yumoru da çox zaman salonun gərginliyinə bir yüngüllük gətirmişdi. Baməzə atmacaları ilə bütün salonu güldürmüş, hakimi və prokuroru haldan çıxarmışdı dəfələrlə. Belə unudulmaz atmacalardan biri də prokuror saxta ittihamını oxuduqdan sonra vəkil Fəxrəddin Mehdiyevin çıxışı zamanı səslənmişdi. Məşhur vəkil atasından “psixologiya, sosiologiya, fiziologiya nədir?”  deyə soruşan uşaqla bağlı misal çəkdiyi zaman, Sahib bəy yerindən “bəli, bizim prokurorun oxuduqları da başdan-başa gopologiya oldu” deyib salonu qəhqəhələrə boğmuşdu…
Sahib bəyin gözəl bir ailəsi var. Anası, atası, xanımı və övladları belə, onun apardığı böyük davanın mahiyyətini anlayan insanlar. Bu gün o, yeni yaşını həbsxanada qarşılayacaq. Azadlığı həyatın ən böyük dəyəri olaraq qəbul etmiş və bu yolda “cəza almış” insanlar üçün həbsxana həm zor, həm də “alın yazısı” kimi bir yerdir. Amma bu, bəlkə də, onun həyatının ən unudulmaz günü olacaq…
P.S. Bütün əqidə dostlarımız adından Sahib bəyi təbrik edir, bu şeiri onun simasında bütün vicdan məhbuslarına ithaf edirəm.
Həbsxana
Bilirəm,
həbsxana
suvaqsız üzünə
məhbus kölgələri asılmış
rəngsiz dörd divar,
günləri üzgün və dar –
bir küncə qısılıb
xatirələrin
tozunu silmək kimi…

Bilirəm,
həbsxana
yuxudan
yorğun gözlərin
qaranlıq kədəri,
və dustaqlıq –
kəsilmiş ağacların
kölgəsində dincəlmək kimi…

Bilirəm,
həbsxana
yağışı, günəşi
bitmiş bir mövsüm,
vaxt öldürmək adına
zamanı fikirlərə,
fikirləri boşluğa
bölmək kimi…

Bilirəm,
dostlar,
bilirəm çox zor…
ancaq,
həbsxana
nə ümidlərə son,
nə arzulara yasaq,
hər açılan sabahı,
daha insan yaşamaq,
azadlıq üçün
göz qırpmadan
ölə bilmək kimi…