Əli Kərimli: «Zərbələrim sərrast olanda, hədəfə dəyəndə hökumətin əsəbləri pozulur»
Bir qrup hökumətyönlü və öyrədilmiş gənclər ötən gün saat 16 radələrində AXCP sədri Əli Kərimlinin yaşadığı evin qarşısında etiraz aksiyası təşkil etdi. Bu aksiya Azərbaycan hakimiyyətinin beynəlxalq aləmə cavabı kimi dəyərləndirilməlidir. Çünki son zamanlar dünyanın nüfuzlu təşkilataları Əliyevlərdən islahatlar aparmağı, sərbəst toplaşmaq azadlığımnın təmin edilməsini və vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edirlər. Əli Kərimli də müxalifət lideri olaraq da beynəlxalq aləmin diqqətindən düşmür. Görünür, sonda əsəbləri dözməyən hakimiyyət AXCP sədrinin evinin qarşısında aksiya keçirmək qərarı verib. Bundan başqa, öyrədilmiş gənclər AXCP sədrinin bir neçə gün öncə Ictimai Palata rəhbərliyinin mətbuat konfransında Azərbaycan-Iran münasibətlərinə dair dediyi sözləri əsas götürərək ona qarşı şüarlar səsləndiriblər. Bu zaman onlar səsgücləndiricidən və öncədən hazırlanmış transparantlardan da istifadə ediblər.
Polis öyrədilimş dəstənin hərəkətinə mane olmayıb, əksinə onu mühafizə edib. AXCP sədrinin mühafizə xidmətinin rəhbəri Kərim Mehdiyev öyrədilmiş dəstənin qarşısına çıxıb danışmaq istəyəndə isə mülki geyimli polislər onu uzaqlaşdırıb, dəstənin öz aksiyasını davam etdirməsinə imkan yaradıb.
Bu olaya AXCP sədri belə reaksiya verib: “Hiss edirəm ki, həmişə mənim zərbələrim sərrast olanda, hədəfə dəyəndə hökumətin əsəbləri pozulur. Mənə qarşı heç bir ağıllı, məntiqli cavab tapa bilməyəndə öz sərəncamlarında olan müəyyən gəncləri aldadaraq onları evimin qarşısında aksiya keçirməyə göndərirlər. Onlar bilirlər ki, belə şeylər məni qorxutmur. Ümumiyyətlə, məni heç nə ilə susdurmaq mümkün deyil. Amma işlərini də görürlər. Bir tərəfdən də istəmirlər ki, cəmiyyətdə çox adam həqiqətlər barədə danışsın. Sanki bütün bu adamlara mesaj vermək istəyirlər ki, hökuməti belə açıq tənqid edənlərə qarşı sərt olacaqlar. Mən şadam ki, artıq cəmiyyətdə çox belə adam var ki, təhlükələri göz önünə alaraq həqiqətləri deməyə, hökuməti ifşa etməyə hazırdılar.
O vaxt BBC 2005-ci il seçkiləri ilə bağlı hazırladığı bir saatlıq sənədli filmi 23 noyabr 2006-cı ildə efirə verdi. 24 noyabrda da Ilham Əliyevin göstərişi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasını ofisindən məhrum etdilər. Indi də BBC-də yarım saatlıq proqram oldu. Orada mən də danışmışdım, Azərbaycan müxalifətinə təzyiqlərdən söz açmışdım. 2003-cü ildə, 2005-ci ildə baş verən zorakılıq həmin proqramda çox ətraflı şəkildə çatdırıldı. Eləcə də dünyanın bütün nüfuzlu KIV-ləri bu günlərdə bizə çox ciddi diqqət göstərirlər. Biz də çəkinmədən həqiqətləri dünya auditoriyasına çatdırırıq. Bu da Ilham Əliyevin həyəcandan özünü itirməsinə gətirib çıxarıb. Nəticədə də belə göstərişlər verməyə başlayıb ki, mənim evimin qarşısında növbəti dəfə aksiya keçirsinlər”.
Əli Kərimli evinin qarşısında aksiya olan zaman cəbhəçi gənclərin təxminən eyni vaxtda şəhərdə “flaşmob” keçirib həbs olunmasını Azərbaycan dövlətinin imicinə vurulan bir zərbə kimi dəyərləndirib: “Bu, Azərbaycan dövlətinin imicinə vurulan bir zərbədir. Digər zərbə isə müxalifət liderinin evinin qarşısına hüquq-mühafizə orqanları əməkdaşlarının müşayiəti ilə, onların mühafizəsi altında bir qrup adamı gətirib təhqiramiz şüarlar səsləndirmələridir. Bütün dünya görür ki, Azərbaycanda hökumətin müxalifətə münasibəti necədir. Bununla da Azərbaycan hökuməti növbəti dəfə özünü gözdən saldı. ”Azərbaycanın imicinə zərbə dəyir” deyib hay-küy salanlar bilməlidilər ki, bu zərbəni birbaşa Azərbaycan hökuməti özünün məntiqsiz hərəkətləri ilə vurur. Bu gün onlar özlərini dünyaya bir az da yaxşı təqdim etdilər. Bunların hamısını beynəlxalq medianın təmsilçiləri də çəkdilər. Bununla Avropa Azərbaycan hakimiyyətinin mahiyyətini daha yaxşı biləcək”.
Ramin DEKO