Azərbaycan ciddi dəyişikliklər ərəfəsindədir

Dövlət Departamentinin, Avropa Ittifaqının sanksiya tələbini gündəmə gətirməsi dəyişikliklərə zəmin yaradır

Fuad Qəhrəmanlı: «Azərbaycanda demokratik dəyişikliklər, tələblər istəyində xalqımız tək deyil»

ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycanda prezident seçkilərinə bir ildən də çox vaxt qaldığı bir dönəmdə bu seçkini müzakirə predmeti edib. Müzakirənin gedişində Azərbaycandakı idarəçiliyin mahiyyətinə də aydınlıq gətirilib. Və vurğulanıb ki, Azərbaycanda idarəçilik gəlir mənbəyinə çevrilib, demokratik dəyərlər boğulur, korrupsiya və saxtakarlıq idarəetmənin əsas sütunudur. Tədbirdə iştirak edən bir çox ekspertlər bu üzdən hesab ediblər ki, Qərb qarşıdakı seçkilərə diqqəti artırmalı, demokratik institutları dəstəkləməlidir. Çünki seçkilər Qafqaza plüralizm və siyasi müxtəliflik əvəzinə, monopolist rejimlər bəxş edir. Mövzu ilə bağlı bu və başqa sualları AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlıya ünvanladıq:

– Əvvəla komissiyadakı müzakirələr onun görsənişidir ki, Azərbaycan xarici siyasətində avtoritarizmin resursları tükənib. Əgər indiyə qədər belə bir gözlənti var idi ki, Ilham Əliyev hakimiyyətini xarici təzyiqlər vasitəsilə özünü yeniləməsinə təşviq etmək olacaq və demokratiyaya tədricən keçidin əsasları yaranacaq. Amma artıq, Helsinki Komissiyasındakı dinləmələrdən də göründüyü kimi, Azərbaycanda vəziyyət kritik həddə çatıb. Azərbaycanda dövlət kriminal qaydalarla idarə olunan təşkilat funksiyasını yerinə yetirir. Qərbdən gələn islahat, dəyişikliklər çağırışlarına hakimiyyət sərt reaksiya verməklə özünə qarşı olan təzyiqlərin ritorikasının sərtləşməsinə səbəb olur. Burada bir məqamı da vurğulamaq lazımdır ki, Azərbaycan hakimiyyəti Qərbdən gələn çağırışlara nəinki əməl edir, hətta onlara qarşı hücum taktikası seçir. Hakimiyyətdə elə güman edirlər ki, xarici təkliflərə bu cür reaksiya verməklə sanki onlar bezib əl çəkəcəklər. Burada yanlış ondan ibarətdir ki, Azərbaycanın geosiyasi mövqeyi burada nəzərə alınmır. Azərbaycan uzaq Afrika ölkəsi deyil ki, həmin təkliflərə müqavimət sonda təkliflərin zəifləməsinə gətirib çıxarsın. Azərbaycanla bağlı geosiyasi maraqlar bir klanın kaprizlərinə qurban verilməyəcək. Bunu təəssüf ki, Azərbaycan iqtidarında anlamayıblar. Bu rejim qaldıqca, Avropanı gözdən saldıqca, Qərbin həm təhlükəsizlik, həm siyasi maraqlarına mane olduqca gərginlik artacaq. Bu onunla bağlıdır ki, Qərb Azərbaycan hakimiyyətindən islahat, mütərəqqi addımların atılacağı ilə bağlı ümidlərini kəsib. Ona görə Qərb Azərbaycanla münasibətlərdə artıq tənqid və tələb üslubuna üstünlük verir.

Qərb Əli Kərimliyə pasportun verilməməsindən narahatdır

– Bu ərəfədə ABŞ-ın Dövlət Departamentindən Azərbaycanla bağlı sərt bəyanat gəlib. Bəyanatda Azərbaycandakı insan haqlarının vəziyyəti, demokratik prinsiplərin korlanması sərt formada tənqid olunub. Eyni zamanda sənəddə AXCP sədri Əli Kərimlinin uzun müddət ölkədən xaricə buraxılmaması, ona pasport probleminin yaradılması da qabardılıb?
– Həm Dövlət Departamentinin, həm də digər beynəlxalq qurumların Azərbaycanla bağlı açıqladığı hesabatlara artıq kompleks kimi yanaşmaq lazımdır. Belə görünür ki, beynəlxalq birlikdə Azərbaycan hakimiyyətinə münasibətdə artıq birgə yanaşma var. Bu təkcə beynəlxalq təşkilatları deyil, eyni zamanda medianı da əhatə edir. Bu baxımdan Dövlət Departamentinin təkrarladığı önəmli məsələlərdən biri də müxalifət lideri Əli Kərimlinin pasportunun verilməməsidir. Bu onu göstərir ki, Qərb bu rejimi tənqid etməklə kifayətlənmir, eyni zamanda bu rejimə alternativ ola biləcək siyasi liderin hüquqlarının pozulmasından narahatlığını ifadə edir. Bu, həm də hakimiyyətin alternativinə münasibət məsələsidir. Qərb məhz hansı lideri hakimiyyətə alternativ kimi gördüyünü göstərir. Dövlət Departamentinin münasibəti ABŞ dövlətinin yanaşmasını sərgiləyir. Bu bir daha onu təsdiqləyir ki, ABŞ Azərbaycan hakimiyyətinin dəyişikliklərə gedəcəyinə, cəmiyyəti hər hansı formada irəliyə aparacağına ümidlərini itirib. ABŞ artıq Azərbaycan hakimiyyətinə qanunları pozan, seçkiləri saxtalaşdıran, öz xalqının iradəsinə zidd gedən, söz və mətbuat azadlığına təhlükə mənbəyi kimi baxır. Amerikanın üstünlük verdiyi dəyərlərə zidd rejimə münasibətdə bu ifadə olunur ki, problemlər qaldıqca münasibətlərdəki gərginlik aradan qalxmayacaq. Bu həm Azərbaycan hökumətinin, həm də cəmiyyətin diqqətinə çatdırılır. Deməli, Azərbaycanda demokratik dəyişikliklər, tələblər istəyində Azərbaycan xalqı tək deyil. Artıq dünya da Azərbaycan xalqı ilə bu dəyərləri, dəyişiklikləri paylaşır.

Demokratik dəyişikliklərlə bağlı sistemli yanaşma

– Avropa Parlamenti Azərbaycan hakimiyyətindən fikir azadlığı və sərbəst toplaşmaq azadlığına qarşı hücumları dayandırmağı tələb edib. Azərbaycan hakimiyyətindən müxalifətçilərə, vətəndaş cəmiyyətinin fəalarına və jurnalistlərə qarşı təzyiqlərin, repressiv addımların dərhal aradan qaldırılmasının vacibliyi vurğulanıb. Bundan başqa, hakimiyyətdən siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılması da tələb olunub. Bəzən Azərbaycana dünya mediasındakı diqqət “Eurovision” yarışması ilə əlaqələndirilir. Amma nüfuzlu beynəlxalq təşkilatların rəylərinin yarışmaya heç bir aidiyyəti yoxdur?
– Bundan əvvəl Azərbaycanla bağlı Avropa Komissiyasının hesabatı olmuşdu. Bu sənəddə açıq şəkildə bəyan olunurdu ki, demokratiya, mətbuat, sərbəst toplaşmaq azadlığı sahəsində geriləmə vardır. Növbəti belə bir bəyanatın qəbulu onu göstərir ki, Avropa Azərbaycana münasibətdə kampaniya xarkterli yanaşma sərgiləmir. Əksinə Avropa davamlı olaraq Azərbaycandakı demokratik durumu ardıcıl formada gündəmə gətirməklə ölkəmizdə demokratik dəyişikliklərin olması istiqamətində təşəbbüslər göstərir. Azərbaycan, bildiyiniz kimi, Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Artıq Avropa Komissiyasının, həm Avropa Parlamentinin bəyanatı onu göstərir ki, bu qurumlar öz siyasətləri daxilində Avropa dəyərlərinin təbliğ olunması istiqamətində təkidlə fəaliyyət göstərir. Bu, bir müddət əvvəl hakimiyyətin Qərbə qarşı başlatdığı kampaniyaya bir cavabdır. Bir mesajdır ki, hakimiyyətin əks reaksiyaları Qərbin Azərbaycana qarşı münasibətini daha da kəskinləşdirəcək. Azərbaycanda demokratik dəyişikliklərə təhlükə olan problemlərin həllinə nail olmadan Qərbin sərhədlərinin genişləndirilməsi mümkün deyil. Bu baxımdan Azərbaycanla bağlı məsələlərin bu səviyyədə gündəmə gətirilməsi ölkəmizdə gedən demokratik proseslərə dəstəyi ifadə edir. Eyni zamanda dəyişikliklərlə bağlı Qərbin sistemli yanaşmasını ortaya qoyur.

– Hazırda Azərbaycan dünyanın gündəminə gəlib. Cərəyan edən prosesləri nəzərə alsaq, onların sonrakı inkişafını necə qiymətləndirmək olar?
– Əslində baş verənlər həm də ona xidmət edir ki, Azərbaycanda mövcud avtoritar rejim 2013-cü ilə qədər zəiflədilsin, onun əsasları ciddi surətdə sarsıdılsın ki, ölkəmizdə demokratik dəyişikliklərə nail olmaq mümkün olsun. Bu baxımdan düşünmürəm ki, Azərbaycana qarşı olan beynəlxalq kampaniya təsadüfüdür. Artıq beynəlxalq ictimai rəydə elə zəmin yaradılır ki, dünya proseslərə əvvəlki kimi yanaşma imkanını qapadır. Əvvəllər hər seçkidən sonra belə mövqe sərgilənirdi; “demokratiyaya doğru daha bir addım” atıldı. Amma indi dünyada Ilham Əliyevin elə bir obrazı formalaşdırılıb ki, ən yaxşı halda onu Lukaşneko ilə müqayisə etmək mümkündür. Beynəlxalq rəydə formalaşan bu cür rəy Azərbaycanda ola biləcək seçki saxtakarlığına, demokratik proseslərin boğulmasına loyal münasibəti aradan qaldırır. Əgər gələcəkdə kimsə bu cür loyal münasibəti ortaya qoysa, bunu artıq beynəlxalq birlik, Qərb ölkələri kəskin təpki ilə qarşılayacaq. Çünki elə bir ölkə yoxdur ki, onun mətbuat orqanları hakimiyyətin korrupsioner fəaliyyətini ifşa etməsinlər. Çox keçməyəcək ki, qarşıdan gələn ildə bu proseslər Azərbaycanda demokratik dəyişikliklərin dəstəklənməsi istiqamətində konkret nəticələr verəcək.

Xəyal