Avropa Birliyindən Azərbaycan hökumətinə sanksiya tələbi gəldi

Rəsmi Bakı Avropa Parlamentinin qətnaməsinə “müharibə” tonunda cavab verdi

«Hakimiyyət mövqeyini dəyişməsə, Avropa Birliyi ölkələrinin neft alışını dayandırmaq qərarı ilə üzləşə bilər»

Mayın 24-də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətanmədə sanksiyalara çağırış da var. Belə ki, Avropa Parlamenti Avropa Birliyinin xarici əlaqələr üzrə ali nümayəndəsi Ketron Eştonu və Avropa Komissiyasını “Eurovision” müsabiqəsindən sonra Azərbaycandakı vəziyyəti müşahidə etməyə və AB üzvü olan ölkələri Azərbaycanda insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb.
Xatırladaq ki, Azərbaycan hakimiyyətinə ünvanlanan sərt çağırışların yer aldığı qətnamə Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında qəbul olunub.
Qətnamədə Azərbaycan hakimiyyətindən fikir azadlığı və sərbəst toplaşmaq azadlığına qarşı hücumları dayandırmaq tələb edilir. Avropalı parlamentarilər Azərbaycan hakimiyyətinin müxalifətçilərə, vətəndaş cəmiyyətinin fəallarına və jurnalistlərə qarşı təzyiqlərinin, repressiv addımlarının dərhal aradan qaldırılmasının vacibliyini vurğulayıblar. Həmçinin hakimiyyətdən siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər. Rəsmi Bakı isə tənqidlərə cavab olaraq Avropa Birliyinə qarşı müharibə yolunu tutub. Ilk olaraq məsələyə Xarici Işlər Nazirliyinin (XIN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev münasibət bildirib. E.Abdullayev Avropa Parlamentində Azərbaycanla bağlı qətnamənin qəbul edilməsini düşünülməmiş və ədalətsiz addım kimi qiymətləndirib.
XIN sözçüsü deyib ki, hər hansı insidentin şişirdilməsi və ona siyasi rəng verilməsi Avropa Parlamentinin mövqeyinə, neytrallığına böyük zərbədir: “Bu onların neytrallığını, şəffaflıqlarını şübhə altına qoyur”.
E.Abdullayevin fikrincə, hazırda Avropada Azərbaycana qarşı çirkin kampaniya aparıldığına heç bir şübhə yoxdur. Belə bir qətnamənin qəbul olunması da bu kampaniyanın tərkib hissəsidir: “Azərbaycanda müxalifət və media üçün yaradılmış imkanların heç biri Avropa ölkələrindən geri qalmır. Hətta bəzi hallarda yüksəkdir. Biz bilirik ki, Avropa mediası sifarişli məqalələr yazır və onların arxasında kimlər durur. Indi Avropada tez-tez sərbəst toplaşmaq azadlığı barədə deyilənlər isə manipulyasiya xarakteri daşıyır. Azərbaycan müstəqil ölkədir, öz siyasətini öz maraqlarına əsasən həyata keçirir. Heç kimin təzyiqlərinə, hər hansı sözünə ehtiyac yoxdur. Niyə həmin qətnaməni qəbul edən deputatlar Avropada islamofobiya və antisemitizmə fikir vermirlər?”.
Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun açıqlaması isə daha maraqlı olub. F.Ələsgərov qətnamənin qeyri-ciddi və iftira xarakteri daşıdığını, sənəddə əks olunan məsələlərin tam əksəriyyətinin təhrif olunduğunu deyib: “Hər hansı sübuta əsaslanmayan uydurma ittihamların irəli sürülməsi qərəzli mövqedən başqa bir şey deyildir. Belə iftira və yalan mülahizələrin irəli sürülməsində məqsəd aydındır. Azərbaycanın sürətli iqtisadi inkişafı, Azərbaycanın zənginləşməsi bir çoxlarının gözünü çıxarır”.
F.Ələsgərov sənəd müəlliflərini hədələməyə də unutmayıb: “Avropa onsuz da iqtisadi böhran içində çabalayır, hətta parçalanmaq təhlükəsi ilə üz-üzədir. Belə bir məqamda emosiya və paxıllıq hissləri əsasında çıxarılan bu cür qərar ağılsız qərardır. Bu cür qərarlar Avropa Ittifaqının Yaxın qonşuluq və Şərq Tərəfdaşlığı siyasətinin böhranına gətirib çıxara bilər. Hətta bu qurumla əməkdaşlığın məqsədəuyğunluğu məsələsini gündəmə gətirə, Assosiativ üzvlük məsələsi barədə qərarın qəbuluna təsir göstərə bilər”.
Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, F.Ələsgərovun siyasi etikaya sığmayan bu açıqlaması hakimiyyət üçün çox pis nəticələrə səbəb ola bilər: “Son günlər ABŞ-ın və Avropanın müxtəlif hakimiyyət strukturlarının Azərbaycan hakimiyyətinin ünvanıa səsləndirdiyi sərt çıxışlar vahid mövqenin nümayişi kimi qiymətləndirilməlidir. Azərbaycan hakimiyyətinin dünyanın ən böyük siyasi və hərbi güc mərkəzi qarşısında davam gətirə bilməyəcəyi şübhəsizdir. Demokratiya məsələsində ABŞ-ın və Avropanın Azərbaycan hakimiyyətini ciddi güzəştlərə məcbur edə biləcəyi şübhə doğurmur. Neft ticarəti sahəsində Azərbaycanın ən böyük tərəfdaşı Avropa Birliyi ölkələridir. Bildiyiniz kimi Avropa Birliyi Irandan neft alışını dayandırmaq barədə qərar qəbul edib. Azərbaycan hakimiyyəti insan hüquq və azadlıqlarına münasibətdə mövqeyini köklü şəkildə dəyişməsə, Avropa Birliyi ölkələrinin neft alışını dayandırmaqla bağlı qərarı ilə üzləşə və fəlakətli duruma düşə bilər”.

***

25.05.2012

Avropa Parlamentindən Azərbaycana kəskin tələblər

Qurum rəsmi Bakıdan söz və sərbəst toplaşmaq azadlığına qarşı hücumları dayandırmağı tələb etdi

Avropa Parlamenti Azərbaycan hakimiyyətindən fikir azadlığı və sərbəst toplaşmaq azadlığına qarşı hücumları dayandırmağı tələb edib. Bu barədə Avropa Parlamentinin deputatı Ulrike Lunaçik məlumat verib. Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinə ünvanlanan sərt çağırışların yer aldığı qətnamə parlamentin Strasturqda keçirilən plenar iclasında qurumun 5 fraksiyasının üzvləri tərəfindən qəbul olunub.

Avropalı parlamentari qeyd edib ki, iclas zamanı Azərbaycan hakimiyyətinin müxalifətçilərə, vətəndaş cəmiyyətinin fəalarına və jurnalistlərə qarşı təzyiqlərinin, repressiv addımlarının dərhal aradan qaldırılmasının vacibliyi vurğulanıb. Bundan başqa, hakimiyyətdən siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılması da tələb olunub.

Ulike Lunaçik əlavə edib ki, son günlər Azərbaycana artan diqqət “Eurovision” musiqi yarışmasından sonra da davam etməlidir. Avropa Parlamentinin üzvü deyib ki, azərbaycanlı fəallar və azad mətbuat nümayəndələri daim Avropanın dəstəyini hiss etməlidir.

Informasiya şöbəsi