ABŞ rəsmisinə sualda Əliyevi Əsədlə eyniləşdirdilər

Maykl Pozner: “Başqa ölkələrlə olduğu kimi, Azərbaycanla ünsiyyətimizdə də insan haqları ilə bağlı narahatlığımızı çatdırmışıq, bundan sonra da çatdıracağıq”

ABŞ Dövlət Departamentində Demokratiya, İnsan Haqları və Əmək Bürosunun rəhbəri Maykl Pozner bildirir ki, demokratik islahatlar, universal insan haqlarına hörmət edilməsi barədə narahatlığını ABŞ hər fürsətdə Azərbaycan rəsmilərinin diqqətinə çatdırır.

Posner bu barədə mayın 25-də internet istifadəçiləri ilə canlı ünsiyyəti zamanı Londondan Günel Əhmədin sualına cavabında deyib.

“Eurovision-2012” mahnı müsabiqəsi günlərində beynəlxalq medianın Azərbaycanda insan haqları probleminə diqqət çəkdiyini xatırladan Günel Əhməd Dövlət Departamentinin rəsmisindən soruşub:
-ABŞ hökuməti Lukaşenko və ya Bəşər Əsəd rejimindən heç də az repressiv olmayan avtoritar Əliyev rejiminə qarşı təzyiqlərini artıracaqmı? Siyasi rəqiblərini təzyiqlər altında saxlayan, seçkiləri saxtalaşdıran, vətəndaşların mülkiyyət hüquqlarına məhəl qoymayan, hökuməti tənqid edən jurnalistləri həbsə atan Azərbaycan haqqında dünyada insan haqlarının ən əsas təşviqçilərindən olan ABŞ nə düşünür?

Suala cavabında Maykl Pozner deyib:
-ABŞ Dövlət Departamenti siyasətimizin ən vacib istiqamətini təşkil edən Azərbaycanda demokratik islahatları, o cümlədən universal insan haqları və azadlıqların qorunmasını dəstəkləyir. Biz başqa ölkələrlə olduğu kimi, Azərbaycanla ünsiyyətimizdə də insan haqları ilə bağlı narahatlığımızı çatdırmışıq, bundan sonra da çatdıracağıq. Biz bu barədə ictimaiyyət qarşısında çıxışlarımızda da deyirik.
ABŞ Dövlət Departamenti Azərbaycanda insan haqlarının qorunması üçün davamlı şəkildə çalışır. Biz bu məsələləri Azərbaycan hökumətinin rəsmiləri ilə görüşlərimizdə, eləcə də ATƏT çərçivəsində görüşlərimizdə qaldırırıq.
ABŞ hökuməti 2012-ci ilin maliyyə ilində qanunun aliliyi, insan haqlarının qorunması, vətəndaş cəmiyyəti, media, siyasi plüralizm, demokratik seçki sistemi, şəffaf, məsuliyyətli hökumət proqramlarının dəstəklənməsinə 9.3 milyon dollar ayırıb. Bura insan haqlarını müdafiə fəallarının və müstəqil medianın seçkiləri monitorinq qruplarının dəstəklənməsi də daxildir.

Maykl Pozner cavabında həmçinin ABŞ Dövlət Departamentinin 2011-ci ildə dünyada insan haqlarının vəziyyətinə dair yeni yayılmış hesabatlarını oxumağı tövsiyə edib (“Azadlıq” radiosu).

Mayın 24-də yayılmış hesabatın Azərbaycana aid olan hissəsində haqlarının vəziyyətinə görə Bakını da tənqid edir. Sənəddə deyilir ki, Azərbaycanda sərbəst toplaşma, media azadlıqları, mülkiyyət hüquqları sahəsində çox ciddi problemlər var.