25 may aksiyası daha bir xarici mediada

Britaniyanın “The Telegraph” qəzeti müşahidəçilərin polis zorakılığından dəhşətə gəldiyini yazdı

AXCP-nin təşkilatçılığı ilə mayın 25-də Milli Parkda keçirilən dinc aksiya və aksiyanın zorakılıqla dağıdılması haqda Britaniyanın “The Telegraph” qəzeti də məqalə dərc edib. Məqalədə deyilir:

“Eurovision” qabağı Azərbaycanda kütləvi həbslər

Bakı küçələrində vəziyyət gərgin olaraq qalır. “Eurovision” finalı qabağı 70 müxalif fəal həbs edilib. 100-ə yaxın fəal “Crystall Hall”a mənzərə açılan yerdə yığışıb demokratik azadlıqların bərpa olunması və siyasi məhbusların azad edilməsi tələbi ilə aksiya keçirirdilər. Mülki geyimli polislər fəalları kütlənin içində sürüyərək ətrafdakı izləyiciləri şoka salmışdılar. Bəziləri müqavimət göstərməyə çalışırdılar, ancaq xüsusi məqsədlə gətirilmiş avtobus və patrul maşınlarına dolduruldular. “Azadlıq” qəzetinin jurnalisti İslam Şıxəli əynində sarı rəngli “Press” jiletinin olmasına baxmayaraq, polis tərəfindən saxlanılıb.
Etiraz aksiyasını izləyən hüquq müdafiəçisi Fuad Həsənov deyir ki, əgər “Eurovision” burda və indi keçirilməsəydi, beynəlxalq medianın nəzarəti olmasaydı, nəticələr qat-qat pis olardı.
Kanadalı “Eurovision” fanatı şahidi olduğu mənzərədən heyrətlənib. “Utancverici mənzərədir. Bu ölkənin özünü dünya arenasında yaxşı təmsil etmək üçün gözəl imkanı var idi. Bu gün gördüklərimdən sonra isə buna əmin deyiləm”.
Neftlə zəngin ölkə üçün bu tədbir baş ağrısına çevrilib. Dünya mətbuatında “Eurovision”un gözqamaşdırıcı mənzərələri ilə bir yerdə polisin aksiyaçılara zorakılığını əks etdirən kadrlar da yayılır. Həbs edilənlər Qobustana sürgün edilir. Şənbə günü gecə saat 2:00-da məhbuslarla görüşən hüquq müdafiəçisi Qeorgiy Qoqiya deyir: “60 nəfər insan eni və uzunluğu təxminən 12 metr olan yerdə saxlanılır. Onlar güclə hərəkət edə bilirdilər. Onlara qida verməyərək, ancaq içməyə yararlı olmayan su ilə təmin edirlər”.

azadliq.info