24m-itv-aksiya

İTV-nin qarşısında “vətəndaş savaşı” (VİDEO/FOTO)

24m-itv-aksiyaİctimai Palata daha bir etiraz aksiyası keçirdi; polis və mülki geyimlilər etirazçılara divan tutdu

İctimai Palata növbəti etiraz aksiyasını mayın 24-də İctimai Televiziyanın önündə gerçəkləşdirdi. Aksiyanın məqsədi İTV-nin qərəzli və birqütblü siyasi mövqeyinə etiraz etmək idi. İP-in qənayətinə görə, İTV üzərinə düşən vəzifəsini yerinə yetirmir, pülralizmə, fərqliliyə qapılarını bağlayıb.

“Xalq” qəzetinin “əməkdaşı” polis rolunda

Aksiya saat 13:00-a təyin edilmişdi. Polis bu aksiyaya həmişəkindən daha yüksək hazırlıqla gəlmişdi. İTV-nin önünə aparan bütün yollarda polis postları qoyulmuş, hərəkət mədhudlaşdırılmışdı. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov aksiyanı önləmək üçün şəxsən İTV önündəydi. Bundan başqa, Yasamal rayon polis idarəsinin rəisi İsmayıl Əsədov da piket olacaq ünvana təşrif buyurmuşdu.

Aksiyanı yatırmaq üçün nəzərəçarpacaq çoxluqda mülki geyimli güc orqanları əməkdaşları vardı. Dəfələrlə verilən suallara baxmayaraq onlar özlərini təqdim etmirdi. Səhlab Bağırov isə həmin şəxslərlə bağlı suallara özünəxas cavab verdi: “Onlar vətəndaşlardır. İstirahət hüquqlarının pozulmalarına etiraz edirlər”.
Hətta bir neçə gün öncə Park İnn hotelində “Sing for democracy”nin (Demokratiya naminə oxu!) təşkilatçılarının keçirdiyi mətbuat konfransında özünü “Xalq” qəzetinin əməkdaşı kimi təqdim edən “jurnalist”də mülki geyimli formada ratsiya ilə polislərə köməklik edirdi.

Həbslər evdən başladı!

Hələ aksiya başlamadan səhər saatlarında polis əvvəlki kütləvi tədbirlərdə fərqlənənləri müxtəlif bənalərlə saxlaya bilmişdi.
Saat 11 radələrində AXCP sədrinin müavini Gözəl Bayramlı və müşaviri Şakir Abbasov, Müsavat başqanının müavinləri Gülağa Aslanlı və Tofiq Yaqublu, AXCP Suraxanı şöbəsinin sədri Vaqif Xalıqov və Yasamal şöbəsinin sədri Maarif Ağammədov evlərindən çıxanda saxlanılaraq polis idarələrinə aparılıb.

Gözəl Bayramlı “Azadlıq”a açıqlamasında bildirdi ki, onu səhər saatlarında yaşadığı evin yaxınlığında avtobusa minərkən saxlayıblar: “Mən komputerimi təmirə aparmaq üçün evdən çıxmışdım. Avtobusa mindim, elə avtobusun qapısı ağzında bir nəfər qolumdan tutub yerə enməyimi istədi. O, avtobusu saxlatdırıb məni zorla endirdi və dayancağa yaxın saxladıqları bir maşına əyləşdirib Suraxanı polis idarəsinin 32-ci bölməsinə gətirdilər. İdarənin rəisi Həsən Abdullayevə baş verənlərlə bağlı etirazımı bildirdim. İdarədə bir qədər mübahisə edəndən sonra məni sərbəst buraxdılar. Məqsəd qanunsuz yolla mənim fəaliyyətimi, aksiyada iştirakımı önləmək idi”.

Xarici jurnalistlərin heyrəti

Saat 13-də İTV-nin önü əcnəbi və yerli jurnalistlərlə sıxlaşmışdı. Müxalifət fəalları da getdikcə ərazidə cəmləşirdi. Ancaq polisin həmləsi çox ani oldu.  İP fəalları tək-tək yollarda saxlanılır, polis maşınına, bəzən də mülki avtomobillərə salınaraq aparılırdı.
Saat 13:30 radələrində İTV-yə gələn yolda 20-dək fəal həbs olundu.  İTV-in önündə də 15 etiraçzı saxlanıldı. Etirazçılar fürsət tapıb İTV-nin önündə siyasi məhbusların fotolarını qaldıraraq, şüarlar səsləndirdilər. Mülki geyimlilər yenə də etirazçılara qarşı xüsusi qəddarlığı ilə fərqləndi. Qadınlara qarşı onların davranışı polislərin bəzisində də gözlə seziləcək ikrah yaradırdı.
Nərgiz və Nigar Yaqublu bacılarına qarşı polisin amansızlığı xarici jurnalistlərin təəccübünə səbəb oldu. Aksiyanı lentə alan əcnəbilər bu qədər qəddarlığa inana bilmirdilər. “Azərbaycanda 21-ci əsrdimi?” deyə yerli jurnalistlərə sual edirdilər.

Aksiyaçılarla yanaşı jurnalistlər də polislərin kobudluğundan kənarda qalmadılar. Polis “Azadlıq” radisounun əməkdaşları daxil olmaqla bir neçə jurnalistin fotoaparatını alaraq qırdı, onlara qarşı təhqiramiz ifadələr işlətdi.

Həbslər

Təşkilatçılarından topladığımız məlumatlar göstərir ki, aksiyaya görə ümumilikdə 60 nəfərdən çox saxlanılan olub. Əldə etdiyimiz siyahını təqdim edirik:

Gözəl Bayramlı – AXCP sədrinin müavini
Asəf Quliyev – AXCP sədrinin müavini
Şakir Abbasov – AXCP sədrinin müşaviri
Asif Yusifli – AXCP sədrinin müşaviri
Rafiq Daşdəmirli – AXCP təşkilat şöbəsinin müdiri
Gülağa Aslanlı – Müsavat başqanının müavini
Tofiq Yaqublu – Müsavat başqanının müavini
İbrahim İbrahimli – İP Koordinasiya şurasının üzvü
Məmməd İbrahim – AXCP
Vaqif Xalıqov – AXCP
Rauf Məmmədli – Müsavat
Toğrul Abbaslı – Müsavat
Famil Mahmudbəyli – Müsavat
Abdul Rəsulzadə – Müsavat
Fərahim Abbasov – Müsavat
Adil Hüseynov – AXCP
Vasif Alışlı – AXCP
Günel Rəhimli – Müsavat
Elşən Şahbazov – Müsavat
Dünyaxanım Cərullayeva – Müsavat
Lətafət Məlikova – Müsavat
Tiflisə Əsədova – Müsavat
Kamran Sanatürk – AXCP
Aydın Acalov – Müsavat
Razim Əmiraslanov – Müsavat
Mübariz Hüseynli – Müsavat
Arifə Hüseynli – Müsavat
Ramiz Kamal – AXCP
Bəxtiyar Tarıyev – Müsavat
İltifat Mehdiyev – AXCP
Sərvər İbrahimli -AXCP
Akif Babayev – AXCP
Cəlil Hüseynov – AXCP
Maarif Ağaməmmədov – AXCP
Tofiq Dadaşov – AXCP
Şəhla Hacıyeva – ADP
Osman Əhmədov – ADP
Azər Ağayev – Müsavat
Aygün Quliyeva – Müsavat
Nərgiz Yaqublu – Müsavat
Nigar Yaqublu – Müsavat
Babayev Tərlan – AXCP
Nəsir Abdullayev – AXCP
Cəlil Məmmədov – AXCP
Qiyas Qəniyev – AXCP
Dadaş Dadaşov – AXCP
Qabil Bünaydov – AXCP
Azər Sadıqov – ADP
Elburus Məmmədov – AXCP
Elşən Şahbazov – ADP
Rəsul Mürsəlov – ADP
Azər Canıyev – VHP
Şahin Mirzəli – Müsavat
Səlahıəddin Əliyev -YAP
Əli Qasımov – Müsavat
Rəfael Həsənov – AXCP
İlqar Mahmudov – Müsavat
Rəvan Quliyev – Müsavat
Araz İsgəndərli – Bitərəf
Zakir Məmmədzadə – Müsavat
Rafael Bünyadov – Müsavat

Cərimələr və məcburi “səyahət”

Günün sonunda məlum oldu ki, İTV-nin qarşısındakı aksiyaya görə saxlanılanların hamısı sərbəst buraxılıb. Onlardan AXCP fəalı Ramiz Kamal Yasamal rayon məhkəməsinin qərarı ilə 70 manat cərimələnib. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Binəqədi Rayon Məhkəməsinin, Tofiq Yaqublunu isə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 20 manat məbləğində çərimə edilib.
Saxlanılan etirazçıların bir qismi polis maşını və avtobusla Bakı-Şamaxı yolunun 35-ci kilometrliyindək aparılaraq orada sərbəst buraxılıb. Onlardan Rauf Məmmədli, Bəxtiyar Tarıyev və Fərahim Abbaszadənin arxasınca şəxsi maşınında gedən Vasif Sadıqbəylini isə yolda saxlayıb, maşınını naməlum istiqamətə aparıblar. Onunla birlikdə olan Amid Süleymanov da maşından düşürülüb.

Liderlərdən dəyərləndirmə: “Aksiya baş tutdu, hakimiyyət özünü ifşa etdi”

İctimai Palatanın İTV qarşısında mayın 24-də keçirdiyi aksiyanı müxlaifət liderləri, AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər dəyərləndiriblər.

“Hökumət də, onun xidmətində olan İTV də dəyişmək zərurətini anlamalıdır”

AXCP sədri Əli Kərimli “Azadlıq”a açıqlamasında bildirib ki, aksiyanı baş tutmuş sayırlar. AXCP sədri İTV qarşısında İctimai Palatanın piketinə qarşı polis və hüquq mühafizə orqanlarının  münasibətinin çox sərt olduğunu deyib: “Əvvala, böyük razılaşdırılmamış mitinqlərdə baş verən hadisə təkrarlanıb – aksiyadan öncə tanınmış partiya funksionerləri, mənim və İsa bəyin müavinləri səhərdən həbs ediliblər. Onlarla piketçi təyin edilmiş yerə gələrkən yolda saxlanılıb. Piket təyin edilən yerdə də həbslər davam edib və beləliklə, yalnız bir piketə 40-dan artıq adam saxlanılıb. İctimai Palata İTV qarşısında çox da böyük aksiya planlaşdımamışdı. Məqsədimiz normal bir piket keçirməklə İTV-nin xalqa yox, rejimə xidmət etməsi barədə mesaj vermək idi. Piketin qarşısını almaq üçün hakimiyyət o qədər sərt davrandı ki, adi haldakı rezonansdan daha böyüyünü yaratdı. Guya öz aləmlərində bu şəkildə sərt represiyalarla piketin qarşısını alırdılar. Amma təkcə 40-dan çox adamın həbs olunması piketin baş tutmasının təsdiqidir”.

Əli Kərimlinin sözlərinə görə, bir çox hallarda olduğu kimi, Azərbaycan iqtidarı yenə də mümkün qərarlardan ən səhv olanını verdi: “Piketə qarşı belə bir sərt təpki hökumətin özünü növbəti dəfə ifşa etdi və bütün diqqəti yenidən İTV-nin fəaliyyətinə cəlb etdi. İTV-nin qarşısında belə təpki bir daha onu təsdiq etdi ki, İTV də bizim ölkədə rəsmi orqanlardan biridir və icra hakiyyətinin xidmətindədir.
Fədakar nümayişçilərə öz təşəkkürümü bildirirəm, onlar müəyyən məhrumiyyət bahasına olsa da, həm ölkə, həm də dünya ictimaiyyətinin diqqətini İTV-nin yarıtmaz fəaliyyətinə cəlb etdilər. İTV-nin efiri plüralist olmalıdır. Onun efirindən ancaq YAP-ın monoloqunu dinləməli deyilik. Dünyanın belə sürətlə dəyişdiyi zamanda Azərbaycan hökuməti də, hər zaman onun xidmətində olan İTV də dəyişmək zərurətini anlamalıdır”.

“Hakimiyyət İctimai Palatanın qarşısında o qədər gücsüzdür ki…”

“Polis bu gün İctamai Palatanın İTV-nin qarşısındakı piketini xüsusi amansızlıqla dağıdıb, piketçiləri total şəkildə həbs edib. Buna baxmayaraq gənclərin bir hissəsi İTV-nin qarşısına qədər gəlib çıxa, şüarlarını səsləndirə bilib. Burada onları mülki geyimli şəxslər həbs edib”. Bunu isə “Yeni Müsavat” qəzetinə açıqlamasında Müsavat başqanı İsa Qəmbər deyib. Müsavat başqanı bildirib ki, hakimiyyət növbəti dəfə ciddi qanunsuzluğa yol verib: “İlkin xəbərlərə görə, 60-70 müxalifətçini avtobuslara mindirib Şamaxı istiqamətinə aparıblar. Onlar yolda tək-tək avtobusdan düşürülüb. Bu, qanunsuz olmaqla yanaşı, həm də orta əsrlər səviyyəsində bir addımdır. Bizim silahdaşlarımız, dostlarımız heç bir qanun pozuntusuna yol verməyiblər ki, polis onları saxlasın. Ikincisi, əgər saxlanılıblarsa, onlarla qanun çərçivəsində davranılmalıydı. Qabaqlar müxalifətçiləri Qobustana aparırdılar, indi Şamaxıya aparırlar. Belə çıxır, hakimiyyət günlərin birində müxalifətçiləri avtobuslara mindirib sərhəddən o yana çıxarmağa çalışacaq”.
İsa Qəmbər deyib ki, hakimiyyət İctimai Palatanın, bütünlüklə müxalifətin qarşısında o qədər gücsüzdür ki, belə biabırçı, müasir dövrə yaraşmayan addımlar atır.
Bütövlükdə aksiyanı baş tutmuş sayan Müsavat başqanı bildirib ki, məqsəd “Eurovision” yarışmasının rəsmi iştirakçılarından olan İctimai Televiziyanın öz funksiyalarını yerinə yetirməməsinə etiraz bildirmək idi: “Biz diqqəti İTV-nin icitimai həyatı işıqlandırmamasına, ciddi ictimai debatlar təşkil etməməsinə, real müxalifət liderlərinə efir vaxtı tanımamasına yönəltməyə çalışdıq. Biz İTV-nin yarıtmaz siyasətini dayandırmasını, normal fəaliyyət göstərməsini tələb edirdik. Bu aksiyaya yüzlərlə iştirakçının qatılması, xeyli sayda yerli və xarici jurnalistin onu işıqlandırması onun baş tutduğunu göstərir”

Ramin Deko,
Natiq Güləhmədoğlu