Sözləri azad olmayan dilin inkişafı

Açığı, Ilham Əliyevin əyləncəli sərəncamları üçün çox darıxmışdıq, möhtərəm sağ olsun, allah ömrümüzdən kəsib onun ömrünə calasın ki, bizi çox intizarda qoymadı. Srağagün ağlı başında olan hər kəsin dodağını qaçıran bir sərəncam imzaladı. Söhbət dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqındakı sərəncamdan gedir.
Sərəncamda oxuyub kef etməli məqamlar çoxdur, məsələn, onlardan biri Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılmasıdır. Belə bir mərkəzə həqiqətən böyük ehtiyac vardı, yoxsa xalqımız Nazirlər Kabinetinin başçısı Artur Rəsizadəni, Elmar Məmmədyarov, Cahangir Əsgərov, Səfər Əbiyev kimi nazir-mazirləri anlamaqda həqiqətən dəhşətli dərəcədə çətinlik çəkir.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yaradılması isə xüsusi ilə diqqətəlayiqdir. Belə başa düşürəm ki, bu komissiya dilimizə yeni terminlərin daxil olmasına xeyir-dua verəcəkdir. Doğrudan da “monarxiya”, “ömürlük prezidentlik”, “ümummilli lider”, “seçki karuseli”, “erməni dəyirmanı”, “gözəl vətəndaş”, “yağlı yemək” kimi söz və söz birləşmələrinin milli termin statusu qazanaraq elmi ədəbiyyatda gen-bol istifadə edilməsi zamanı yetişib.
Ümumiyyətlə, bu Dövlət Proqramı dilimizin inkişafı naminə misilsiz töhfədir. Inanırıq ki, Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində “dərxal” sözünün nəhayət ki, “dərhal” kimi tələffüzünə nail olunacaq, “xəbs” sözü də “həbs” kimi tələffüz edilməyə başlanacaqdır.
Hətta yaxşı olardı ki, söz ən iti silah olduğu, güllə yarası sağalsa da, söz yarası heç vaxt sağalmadığı üçün Müdafiə Sənayesi Nazirliyində söz istehsalına da başlansın, bundan ötrü ayrıca zavod inşa edilsin.
Danışmağın suç olduğu ölkədə dili inkişaf etdirmək
Ironiyanı bir kənara qoyaq. Ilham Əliyevin dilçiliyin inkişafı ilə bağlı qərarı həqiqətən adamda təbəssüm yaradır.
Ölkədə danışan ağızları qıfıllayıb dili necə inkişaf etdirmək olar? Əgər insanlar dilindən bəlaya düşməkdən qorxurlarsa, ona görə də nəsə danışanda mütləq yüz ölçüb bir biçirlərsə, danışarkən rejimi qəzəbləndirməyəcək, cin atına mindirməyəcək sözlər seçirlərsə, daha nə dövlət proqramıbazlıqdır? Adamlardan susmağın tələb olunduğu ölkədə dilmi inkişaf edər? Həm dili yaşatmaq və inkişaf etdirmək istəyib həm də susmağı normaya çevirmək harada görünüb? Danışılmayan, yazılmayan bir dili necə inkişaf etdirmək olar axı? Susa-susa dilmi inkişaf edər?
Elə dünən Ismayıl Ömərov deyilən birisi qalxıb “biz müxalifəti ITV-yə buraxa bilmərik ki, onlar da çıxıb orda söz güləşdirsinlər” dedi. Adamın ictimai yayımın nüvəsini məhz debatların, söz güləşdirmələrinin təşkil etdiyindən xəbərsiz olacaq qədər savadsızlığını, nadanlığını bir kənara qoyuram, soruşuram: Ilham Əliyev, onun ətrafı bu zehniyyətləmi, bu təfəkkürləmi, söz güləşdirməyi, fikir toqquşdurmağı yasaqlayaraqmı, danışıb dartışmağı pis bir şeymiş kimi qələmə verərəkmi inkişaf etdirmək istəyir dilimizi?
Sözləri azad olmayan, azad sözə meydan tanınmayan bir ölkədə dili dövlət proqramları, inzibati yollarla inkişaf etdirməyə çalışmaq mifdir, əfsanədir, filfilodur.
Həqiqəti danışmağın suç olduğu ölkədə dil həqiqi inkişaf edə bilməz. Həqiqəti deyən dillərin kəsildiyi ölkədə dilin gözəlliklərinin, zənginliklərinin sadəcə, yaltaqlıq, mədhiyyə, köləlik mətnlərində, nitqlərində ortaya çıxması isə qanunauyğunluqdur. Ona görə də bizdə Zəlimxan Yaqub danışanda hamını heyran qoya bilir, danışdıqlarının heç bir həqiqət yükü olmasa belə!
“Eurovision məhbusu” dilimizə xoş gəldi!
Dünən mən bu sətirləri yazarkən xəbər gəldi ki, əynində “Demokratiya naminə oxu” yazılmış köynək, əlində də “Nida”nın bukletləri olduğu üçün jurnalist Anar Gəraylıya 10 sutka həbs verilib.
Ilham Əliyevin dilimizin inkişafı ilə bağlı sərəncamından 1 gün sonra dilimizin “Eurovision məhbusu” termini ilə zənginləşməsi o deməkdir ki, sərəncam doğrudan da imzalandığı gündən qüvvəyə minmişdir.