aliyev-munich

Əliyevə “keçmişin qalığı” və “neftdə çimən diktator” dedilər

ABŞ və Ingiltərənin media nəhəngləri Azərbaycan hakimiyyətini “bombardman” etdi

“The Foreign Policy”: “İlham Əliyev “rəngili inqilab”ın baş verəcəyindən qorxur”

Dünyanın nüfuzlu “The Economist” dərgisi “Eurovision” musiqi yarışması fonunda Azərbaycanda insan haqlarının durumundan bəhs edən iki məqalə yayımlayıb. Məqalələrdən birində deyilir ki, “Eurovision” musiqi yarışması ərəfəsində Azərbaycanda insan haqları sahəsindəki problemlərin həll olunacağına ümidlər vardı. Lakin Azərbaycandakı son hadisələr və hakimiyyətin atdığı addımlar bütün ümidləri puça çıxardı. Siyasi məhbuslar azad olunmadı, müstəqil jurnalistlərə qarşı hücumlar davam etdi, siyasi qətllərin üstü açılmadı.
Dərgi “Eurovision” musiqi yarışmasının təşkilatçılarından olan Avropa Yayım Birliyini (AYB) Azərbaycanda baş verən qanun pozuntularına göz yummaqda günahlandırıb: “Avropa Yayım Birliyi yarışma ərəfəsində ölkədə baş verən mənfi halları halları pisləməyib. Bu həftə Bakıda zorakılıqla yatırılan nümayiş barədə də susub. Avropa Yayım Birliyi israr edir ki, “Eurovision” siyasi tədbir deyil. Ancaq nəzərə alınmalıdır ki, Azərbaycan kimi ölkələr bundan siyasi məqsədlər üçün istifadə edirlər”.
“The Economist” araşdırmaçı jurnalist Xədicə İsmayılın üzləşdiyi təhdid və şantaj kampaniyasına da toxunub. Məqalədə deyilir ki, araşdırmaçı jurnalist Əliyev klanının şəxsi sərvəti barədə araşdırmalarından sonra onun özəl həyatı gizli kamerayla çəkilərək, internetdə yayıldı.

Şəxsiyyətə pərəstiş və keçmişin qalığı…

Dünyaca ünlü dərginin ölkəmizlə bağlı ikinci məqaləsində Azərbaycan hakimiyyəti barədə ifşaedici məqamlar yer alıb. Məqalədə deyilir ki, Azərbaycan rəhbəri İlham Əliyevlə ölkədə keçirilən “Eurovision” yarışmasının bir-birini tamamladığı ilk baxışda görünsə də, həqiqət tam fərqlidir. Əliyevin sərvət vurğunluğu, 2003-cü ildə vəzifəsini miras aldığı atası Heydər Əliyev ətrafında şəxsiyyətə pərəstiş yaratması keçmişin qalığı sayıla bilər. Təəssüf ki, onun rejiminin elə xüsusiyyətləri var ki, “Eurovision” təşkilatçıları bu tədbirin keçirildiyi yerə ehtiyatla yanaşmalıdırlar.
“Eurovision” mahnıları arxasından kədərli hekayət boylanır. Əliyevin idarəçiliyinə qarşı etirazlar dağıdılır. Bu, xüsusən də onun hakimiyyətdə qalmasına xidmət edən saxta seçkilərdən sonra tez-tez təkrarlanır. Onu tənqid edənlər döyülür və həbs olunur. İnsan haqlarını müdafiə təşkilatların açıqlamalarında yeni konsert zalının tikintisinə görə xeyli ailənin evlərindən zorla çıxarıldığı bildirilir. Çoxlarının maddi təminatı olmadığı bir ölkədə musiqi yarışmasına hazırlıq üçün bədxərclik də nəzərə çarpır. Üstəlik, Azərbaycan korrupsiyanın səviyyəsinə görə dünya ölkələri arasında liderlərdəndir. Bu ölkə korrupsiyanın səviyyəsinə görə 12 bal alır”, – deyə dünyaca ünlü dərgi yazır.

Belə tədbirlər insan haqları pozulan ölkələrdə keçirilməməlidir!

Dərgi son günlər Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun həbsi ətrafında yaranmış gərginliyi və Avropanın Yanukoviç rejiminə qarşı sərt mövqeyini xatırladaraq, eyni mövqenin Azərbaycan hakimiyyətinə də şamil edilməli olduğunu yazır: “Eurovision” başqa problemdir. Azərbaycan ona görə ev sahibidir ki, ötən il bu müsabiqənin qalibi olub. Bu qayda dəyişməlidir. Belə nüfuzlu tədbirlərə nəzarət edən qurumlar açıq-aşkar siyasi deyillər. Ancaq əslində, onlar siyasi alətə çevrilirlər. Sabit, demokratik ölkələr elələrinə çəpəki baxışlarla, heyrətlə baxsalar da, Əliyev kimi vulqar liderlər üçün bu baxışlar qiymətli təbliğatdır. Yaxşı olardı ki, belə tədbirlər keçiriləndə ölkədə insan haqlarının vəziyyəti əsas götürülsün. Əgər Azərbaycan həmin dəyərlərə əməl etmədiyi halda, ona ev sahibliyi hüququ verilməsəydi, “Eurovision” gələcək sülhə və qardaşlığa daha çox töhfə vermiş olardı”.

Neftdə çimən Xəzər diktatoru…


 
Azərbaycan hakimiyyətinin sərt təndiq olunduğu başqa bir məqalə ABŞ-da yayımlanan dünyanın nüfuzlu “The Foreign Policy” jurnalında tirajlanıb. “Hakimiyyət haqqında ballada: neftdə çimən Xəzər diktatoru “Europop” stilli bayağı şoudan necə çıxacaq?” başlıqlı məqalədə jurnalın əməkdaşının Bakıdakı təəssüratları öz əksini tapıb. Jurnalın əməkdaşı
Azərbaycan hökumətinin “Eurovision” yarışmasına hazırlıq üçün xəsislik etmədiyini ironiya ilə qeyd edir: “Hazırlığın bəhrəsi yaxşı təsir bağışlayır. Ancaq dərd ondadır ki, Azərbaycan hökumətini bu Avropa ölkəsinin ancaq xarici parıltısı narahat edir. Azərbaycanda mətbuatın ağzını yummaq, müxalifətçiləri həbsxanaya salmaq, vətəndaşların torpaqlarını zəbt etmək kimi pis vərdişlər var”.

Hərbi xidmət – hökumətin cəza metodu…

“The Foerign Policy” yazır ki, musiqi yarışmasına hazılıq vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunub. “Crystal Hall”u tikmək üçün yüzlərlə yaşayış evi sökülüb. Ev sahibləri ilə heç bir razılaşma da olmayıb. Azərbaycanda daha bir böyük problem isə jurnalistlər, bloggerlər və müxalifətçilərə qarşı davranışdır: “Sərhədsiz reportyorlar”ın hazırladığı mətbuat azadlığı reytinqində Azərbaycan 162-ci yerdə qərarlaşıb və hətta Səudiyyə Ərəbistanından da geri qalır. Bunun səbəblərindən biri sovet stilində qorxutma metodlarından istifadə olunmasıdır. Əgər gənc blogger nəsə yazsa, ona zəng edib hədələyəcəklər. Bunun nəticəsi olmasa, cibindən narkotik “tapacaqlar”. Sosial şəbəkə vasitəsilə aksiya təşkil etmək istəyən Cabbar Savalanlı narkotik saxlamaqda ittiham edilərək, 11 ay həbsdə qaldı, sonra isə hərbi xidmətə göndərildi. Yeri gəlmişkən, bu ölkədə hərbi xidmət də hökumətin cəza metodlarından biridir”.

Prezidentin qohumları baş rolda…

Müəllifin fkirincə, İlham Əliyevin bu kursu “rəngili inqilab” qorxusundan irəli gəlir. Avropa və ABŞ real problemlərdən xəbərdardır: “WikiLeaks” saytının açıqladığı sənədlərə əsasən, amerikalı diplomatlar 2009-cu ildəki yazışmalarında İlham Əliyevi “Xaç atası” filminin personajları ilə müqayisə edib. Daxili siyasətdə Əliyev hirsli Sani Karleoni, xarici siyasətdə isə soyuqqanlı Maykl Karleonidir. “Eurovision”a münasibətdə Əliyev şübhəsiz ki, Maykl simasında çıxış edir. Prezident baş rollara öz qohumlarını təyin edib: həyat yoldaşı “Eurovision”un Təşkilat Komitəsinə rəhbərlik edir, kürəkəni Emin Ağalarov isə şouda xüsusi qonaq qismində çıxış edir”.

“Eurovision” utancının sahibi…

Azərbaycanda ictimai-siyasi vəziyyət və insan haqlarının durumuyla bağlı başqa bir məqalə isə İngiltərədə yayımlanan və dünyanın aparıcı qəzetlərindən biri olan “The Daily Express”də dərc olunub. Məqalə “Eurovision” utancının sahibi” başlığıyla yayımlanıb. Məqalənin əvvəlində gənc reper Camal Əlinin gənclərin etiraz aksiyası zamanı oxuduğu mahnının sözlərinə görə üzləşdiyi təzyiqlərdən bəhs olunur. Qəzet gənc reperin təhdid və təzyiqlər üzündən Azərbaycanı tərk etdiyini yazıb.
“The Daily Express” daha sonra yazır ki, bir çoxları 57-ci “Eurovision” musiqi yarışmasını qəbul edən ölkənin necə pis vəziyyətdə olduğunu bilmir. 125 milyon tamaşaçının izləyəcəyi yarışma Böyük Britaniyada yaşayan birisinə əyləncəli hadisə kimi gələ bilər. Ancaq Azərbaycanda insan haqlarının vəziyyətindən daha acınacaqlı bir şey yoxdur. “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatının rəsmiri Con Dalhauzen ingilis qəzetinə açıqlamasında belə deyib: “İşin ironiyası ondadır ki, “Eurovision” kimi musiqi yarışmasına ev sahibliyi edən Azərbaycan hakimiyyəti dinc aksiyalarda iştirak edən musiqiçiləri döyür və susmağa məcbur edir”.

İngilis qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinə jest

Britaniya qəzeti ölkəmizin tarixi haqqında da qısa məlumat verib. Qeyd olunub ki, Avropa və Asiyanın qovşağında yerləşən, Xəzər dənizi ilə əhatə olunan Azərbaycan təbii ehtiyatlarla zəngin ölkədir. XX əsrin əvvəllərində müsəlman aləmində və Şərq dünyasında ilk parlamentli respublikanın əsası məhz Azərbaycanda qoyulub. Lakin qısa müddət sonra ölkə Sovet İttifaqının tərkibinə daxil edilib və yalnız 1990-cı ildə öz müstəqilliyinə qovuşub: “Sovet İttifaqı zamanında – ötən əsrin 60-70-ci illərində – Azərbaycana sərt idarəçilik xarakteri olan Heydər Əliyev rəhbərlik edib. Sovet İttifaqının dağılmasından və Azərbaycanın müstəqil dövlət olmasından sonra o, yenidən hakimiyyətə qayıtdı. Ömrünün son günlərinə qədər ölkəni idarə etdi. Hakimiyyət onun oğlu İlhama keçdi. Onun dostları arasında şahzadə Endryu da var. Toni Bleyer də İlham Əliyevin dostları arasındadır. O, Əliyevi tərifləyən çıxışına görə külli miqdarda qonorar alıb. Bütün bunlara baxmayaraq, İlham Əliyev tez-tez korrupsiya və avtoritarizmdə günahlandırılır”.

Hakimiyyəti cah-cəlalla təqdim edən diktatura təəssüratı

“The Daily Express” ölkəmizin “Eurovision” yarışmasındakı qalibiyyəti və Azərbaycan hökumətinin müsabiqəyə hazırlıq işlərinə də toxunub: “İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva yarışmaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədridir. Müğənni kürəkəni Emin Ağalarov yarışmanın fasilə hissəsində oxuyacaq. 25 min yerlik “Crystal Hall” konsert zalının titkintisi zamanı hakim ailənin buradan maddi qazanc əldə etdiyinə dair iddialar da yayılıb”.
Məqalədə Bakının mərkəzində aparılan tikinti işləri və paytaxt sakinlərinin üzləşdiyi zorakılıqlar da öz əksini tapıb. Həmçinin Əliyevlər ailəsinin ofşor şirkətlər vasitəsilə qızıl yataqlarının işlənməsini həyata keçirən mədənlərdə paya sahibi olduğu xatırladılır. Hakim ailənin bu yolla külli miqdarda qazanc əldə etdiyi yazılıb.
Qəzet “Eurovision” yarışmasının həvəskarlarının Azərbaycanla bağlı fikirlərində də yer ayırıb. Daniel Quld Bakı haqda bunları deyib: “Burda bulvar, klassik arxitekturalı binalar, qala divarları var. Aparılan kosmetik təmirlərdən aydın olur ki, burada çoxlu pul yuyurlar. Ölkə prezidentinin öz hakimiyyətini və prestijini möhtəşəmlik və cah-cəlalla təqdim edən bir diktatura təəssüratı yaranır”.

İnformasiya şöbəsi