ITV-də Müsavat və onun şanlı simaları, apardıqları milli mücadilə ilə bağlı veriliş gedir, darvazası ağzında isə həmin müsavatçıların mənəvi varislərini dinc etiraz aksiyası vəhşicəsinə dağıdılır. Hələ buna qədərsə neçə-neçə müxalifət funksioneri küçədən, avtobusdan, evindən götürülərək saxlanılır. 37-ci il üslubunda ov.
Budur Azərbaycan! Içdə bəzək, çöldə əzək…
Bu gün artıq ikinci sutkadı ki, jurnalist Anar Gəraylı oğurlanıb. Onun əynində “Demokratiya üçün oxu” köynəyi, əlində isə “NIDA”-nın bukletləri olub. Və hələ ki bu oğurluq haqda hakimiyyətdən bir səs çıxmır. Bu, insan oğurluğudur və hakimiyyətdən başqa bir kimsə bu işə cürət eləyə bilməzdi. Əlbəttə, birinci oğurluq halı deyil bu. Buna qədər neçə-neçə gənc oğurlanıb, işgəncə görüb, hədə-qorxu gəlinib və sonradan susmaq şərtilə buraxılıb.
Əli Həsənov mətbuat konfransında demişdi ki, “Avroviziya”dan sonra heç kimlə haqq-hesab çəkilməyəcək. Ona inanmamaq bir yana qalsın, əslində o, başqa şey deyirmiş, yəni “haqq-hesabı mahnı yarışmasından sonraya saxlamaq fikrimiz yoxdu”. Nərgiz Yaqubluya qarşı beş mülki geyimli hakimiyyət qoçusunun vəhşiliyi sadəcə dəhşət doğurur!
Hələ yarışmanın yarımfinalına qatılmamış iştirakçılarından biri – Isveç təmsilçisi Lorin danışdı. O, Azərbaycandakı vəziyyətdən, insan hüquqlarının pozulmasından, mülkiyyət hüququna məhəl qoyulmamasından söz açdı. Bunları gördüyü halda Içərişəhəri gəzmək ona mənasız görünür. Əlbəttə, Içərişəhər əsrlərdi yerində durub, onu kimsə tam olaraq məhv edə bilməyib, gedərkən bu hakimiyyət də onu özüylə o dünyaya apara bilməyəcək. Lorin də haçansa xoş bir zamanda gəlib bu qədim tarixi yerləri gəzəcək. Əsas Tanrıdan çox az ömür payı olan insanları düşünmək, onların halına acımaqdı. Lorin çox sadə danışır. O, Isveçdə insanların çox yaxşı yaşadığını deyir, lakin bununla kifayətlənmək istəmir. Onun arzusu budur ki, tək Isveçdə deyil, qoy bütün dünyada adamlar yaxşı yaşasınlar. Bundan sadə, bundan gözəl nə arzu ola bilər ki…
Təbii, bundan sonra hakimiyyət nümayəndələri Lorini erməni agenti adlandıra, onu pozuculuqda təqsirləndirə bilər. Bu, çox mümkündü. Ola da bilər ki, bir Lorinin əvəzinə neçə-neçə iştirakçıya hər cür şəraitlə təmin olunmaq şərtilə Azərbaycanda qalmaq və hakimiyyətin ünvanına xoş sözlər demək təklif olunacaq. Gözüaçıq avropalılar bundan imtina etməyə də bilərlər. Nə ziyanı ki? Həm Avropada, həm Azərbaycanda evin olsun, nazirlərdən birinin məşuqəsinə çevril və cənnət həzzi al. Ama bu kimi yollarla dünyanı çaşdırmaq və hakimiyyətinin ömrünü nə qədər uzatmaq mümkün olacaq, bunu bilmirəm. Bildiyim bircə bu ki, heyf bu ölkənin vətəndaşlarına çatmalı olan, lakin mənasız işlərə sərf edilən milyonlara. Heyf, heyf, yüz min kərə heyf.
Bu yaxınlarda Italiyada Qəzzafiyə məxsus əmlakın, biznesin, külli miqdarda vəsaitin Italiya dövlətinin müsadirə etdiyi xəbərini oxudum. Bilmək istədiyim bu idi ki, görəsən bu müsadirə olunan var-dövlət kimə çatacaq? Liviya xalqına, yoxsa Italiyaya. Əlbəttə, nə qədər acı olsa da, cavab birmənalıdır: Italiyaya. Halbuki o milyonlar Liviya xalqının ana südü kimi halal olan haqqıdı, varı-dövlətidi. Diktatorlar təkcə elə buna görə də lənətə layiqdirlər. Lap başkəsən yox, hətta humanist olsunlar, hər bir halda xalqdan oğurladıqları sonunda xalqa deyil, yabançılara qismət olur.
Indidən haçansa Azərbaycan xalqının olan, ancaq xalqa deyil, yad-biganələrə çatan o milyardları düşündükcə, adamı kədər bürüyür. Xalq isə bir qarın ruzisinin hayındadı. Ruzisinin yad ölkələrdə yatdığı isə yuxusuna belə girmir…
P.S. Indi məlum oldu ki, Gəraylı “xuliqanlıq” eləyibmiş. Bütün jurnalistlər kimi…

Haqq-hesab çəkmək
•
•