“Hamımız sistemin qurbanlarıyıq”

Gültəkin Hacıbəyli: «Elə bir sistem qurmalıyıq ki, şəxsiyyəti sındırmasın, ləyaqəti alçaltmasın, insanı iradəsinə zidd olaraq cinayətkara çevirməsin»

«Kimsə evi, əmlakı zorla əlindən alınan vətəndaşın bununla barışacağını düşünürsə, səhv edir»

Sabiq deputat Gültəkin Hacıbəylinin “Toplum” jurnalına müsahibəsinin ikinci hissəsində də bir sıra maraqlı fikirlər səsləndirib. Gültəkin Hacıbəyli kommunist ideologiyasından Azərbaycanda kütləvi manqurtlaşma və ya səviyyəsiz şou-biznes ideologiyasının hakim kəsildiyini deyib: “Başqa heç nə görmürəm. Çünki gerçək bir ideologiyanın yerini heç vaxt saxta ideologiya ilə doldura bilməzsən. Hətta torpaqlarımızın 20 faizi işğal altında ola-ola biz Qarabağı milli ideologiyaya çevirə bilmədik. Bu, faciədir”.
Sabiq deputat Azərbaycanda ədalətli sistemə keçid barədə isə bildirib: “Mən hətta bunu ən yaxın zamanda görürəm. Təsəvvür edin ki, dünya bir qatardır. Bu qatar bir istiqamətdə hərəkət edir. Bu qatarın yüzüncü vaqonu isə onu əks istiqamətə yönləndirmək istəyir. Bunu heç təsəvvür etmək də mümkün deyil. Bu, bir qlobal prosesdir. Bu prosesi hətta ABŞ da durdura bilməz. Çünki insan yaradılışdan kamilliyə, daha yaxşı rifaha, daha ədalətli cəmiyyətə can atır…
…Addımlara gəlincə, islahatlar qaçılmazdır. Ruzveltin sözüdür: “Siyasətçi vəziyyəti xilas etmək istəyirsə, islahatlara getməlidir”. Ancaq söhbət Əlinin papağını Vəlinin başına və əksinə tipli kadr islahatlarından yox, dövlət idarəetməsinin mahiyyətini dəyişdirəcək, onu məmursevərlikdən və ya pulsevərlikdən insansevərlik məzmununa qovuşduracaq köklü, dərin, əhatəli sistem islahatlarından gedir”.
Gültəkin Hacıbəyli cəmiyyətin susqunluğu barədə danışarkən deyib: “Cəmiyyət və təbiətin inkişaf qanunauyğunluqları eyni olmasa da, onlar arasında ciddi oxşarlıqlar da var. Cəmiyyətdə də belədir. Insanların narazılığını görmək, duymaq mümkündür, ancaq doyma həddini dəqiq hesablamaq çətindir. Misirdə, Tunisdə, Suriyada insanlar doyma həddinə çatmışdılar. Ona görə də proses domino effekti ilə bölgəyə yayıldı və Müəmmər Qəzzafi, Bəşər Əsəd kimi vampir xislətli diktatorlar da onun qarşısını ala bilmədilər.
Cəmiyyət də canlı orqanizmdir. Bu orqanizmdə əgər hamı eyni cür düşünürsə, eyni hərəkət edirsə, o artıq canlı yox, ölü orqanizmdir.
Cəmiyyətdə həmişə razı və narazı kəsim və bu kəsimlərin iradəsi əsasında formalaşan iqtidar və müxalifət olur. Normal, inkişaf edən cəmiyyətlər bu iki qütb arasında sivil yolla, yəni seçkilər yolu ilə balans yaradan cəmiyyətlərdir. Narazı kəsimin səsini bir müddət boğmaq olar, ancaq bu halda da protest enerji itmir, formasını dəyişir, siyasi enerjidən daha təhlükəli və daha dağıdıcı kütlə enerjisinə transformasiya olunur.
Təbiətdə enerjinin itməməsi haqqında qanunda olduğu kimi. Bu enerji vaxtı gələndə siyasi qüvvələri deyil, artıq narazı kütlələri hərəkətə gətirir. Bu, istənilən inqilabın bəsit mexanizmidir.
Insanları bu həddə çatdırmaq olmaz. Insanın evini başına uçurtmaq olmaz. Haqqını yemək olmaz. Kimsə vətəndaşın son tikəsini məmura xoşluqla verdiyini düşünürsə, səhv edir. Kimsə evi, əmlakı zorla əlindən alınan vətəndaşın bununla barışacağını düşünürsə, yenə də səhv edir. Axı məmurlar vəzifələrə insanlara zülm etmək üçün deyil, xidmət etmək üçün təyin edilirlər. Axı məmurlar kimi sadə insanlar da həyata bir dəfə gəlirlər.
2006-cı ilin yanvar ayında qəzetlərin birinə verdiyim müsahibəmdə xalqın ciddi islahatlar gözlədiyini bildirmişdim. Qeyd etmişdim ki, bizim məmurlarımız dünyada gedən prosesləri anlamır, dünyanın hansı istiqamətdə inkişaf etdiyini dərk edə və düzgün nəticə çıxara bilmirlər. Dünya işığa, demokratiyaya doğru gedir və hansısa bir, hətta yüksək çinli məmur istəsə də, bu prosesin qarşısını ala bilməz.
2006-cı ildə mənim də cəmiyyətlə birlikdə gözləntilərim vardı. Indi isə 2012-ci ilin may ayıdır. O vaxtdan altı ildən çox vaxt keçsə də, dünya siyasəti, dünyanın siyasi düzəni kardinal şəkildə dəyişsə də, Azərbaycanda heç nə dəyişməyib. Insanların gözləntiləri, ümidləri ola bilər, ancaq bu o demək deyil ki, insanlar sonsuzadək bu yavan ümidlərlə yaşayacaqlar. Əgər 2006-cı ildə dünyada baş verən prosesləri təhlil etmək Azərbaycan məmurundan, hakimiyyətindən analitik şüur, siyasi düşüncə tələb edirdisə, bu gün artıq bunlara ehtiyac yoxdur, sadəcə, göz lazımdır. Gözünü açıb ətrafında baş verənlərə baxmalısan və nəticə çıxarmalısan. Ancaq hələ ki, məmurlarımızdan bir hərəkət görmürəm”.
Sabiq deputat vaxtaşırı gündəmə gətirilən “yeni qüvvələr” məsələsinə də toxunub: “Yeni qüvvə haradan gəlməlidir? Marsdan? Biz nə zaman mövcud qüvvələrdən səmərəli istifadə etdik ki, yeni qüvvəyə də ehtiyac olsun? Mən çalışıram ki, düşüncələrimi heç vaxt şəxsiyyətlər üzərində qurmayım. Bizim problemimiz sistemlədir, şəxsiyyətlərlə deyil. Biz hamımız sistemin qurbanlarıyıq. Hakimiyyətdə olanların da böyük əksəriyyəti, təbii ki, hamısı yox, sistemin qurbanlarıdır. Hətta biz birqat əzab çəkiriksə, onlar ikiqat əzab çəkirlər. Vicdan əzabı da. Sadəcə, sistem elə qurulub ki, hamı gözükölgəli olsun. Bu, sovet mirasıdır.
Öncə qüvvələr yox, oyunun şərtləri, yəni sistem dəyişməlidir. Elə bir sistem qurmalıyıq ki, şəxsiyyəti sındırmasın, ləyaqəti alçaltmasın, insanı iradəsinə zidd olaraq cinayətkara çevirməsin, əksinə, daxili filtrasiya mexanizmləri ilə cinayətləri islah etsin. Qüvvələri isə xalq özü müəyyən edəcək. Azad, ədalətli, şəffaf seçkilərdə.
Son bir ildə baş verən proseslərə nəzər salsaq, hər yerdə hansısa bir qüvvənin yox, prosesin dəstəkləndiyinin şahidi olacağıq. Tunisdə də belə oldu, Misirdə də, Liviyada da. Dahi, əvəzolunmaz liderlər mərhələsi artıq keçmişdə qalıb. Məşhurlardan birinin sözüdür, təəssüf ki, müəllifini xatırlamıram: “Yalnız məzlum və zəif xalqların dahi liderləri olur”.

***

24.05.2012

“Ədalət olan yerdə halallıq da olur, təhlükəsizlik də təmin olunur, inkişaf da”

Sabiq deputat Gültəkin Hacıbəyli “Toplum” jurnalına müsahibə verib. Sabiq deputat Azərbaycanda doğma dilə ögey münasibətdən danışarkən maraqlı fikirlər səsləndirib:
“Bu gün gürcülərin və ermənilərin milli şüurunun, milli təəssübkeşliyinin bizdən üstün olmasının başlıca səbəblərindən biri də onların doğma dillərinə bizdən çox sahib çıxmasıdır. Təəssüf ki, bu gün Azərbaycan siyasi elitasının dili Azərbaycan dili deyil. Buna şübhəsi olanlar rəsmi dövlət tədbirlərində qeyri-rəsmi ünsiyyətə diqqət yetirsinlər. Azərbaycanda bütün rəsmi dövlət tədbirlərinin qeyri-rəsmi ünsiyyət dili rus dilidir. Müstəqilliklə öyünəsən, onun bəhrələrini dadasan, bu torpağın çörəyini yeyəsən, ancaq müstəqilliyə qovuşduğun 20 il ərzində doğma dilində yox, yenə də işğalçının dilində danışasan, yenə də övladını rus məktəbinə göndərəsən! Ölkəmizin rus işğalı 20 il öncə bitib, ancaq soyadlarımızın rus istilası hələ də davam edir. Təbii ki, öz etinasızlığımızın nəticəsi olaraq. Bax, bu məntiqi mən anlaya bilmirəm”.
Gültəkin Hacıbəyli saxta dissertiyalara da toxunub: “Azərbaycan kiçik ölkədir. Bu ölkədə hamı hər şeyi bilir. Kim dissertasiyasını kimə yazdırıb, neçəyə yazdırıb. Kim nəyin müqabilində kafedra müdiri, akademik seçilib. Məmura elmlə məşğul olmağı qadağan etmək olmaz. Məmurun da digər vətəndaşlar kimi konstitusion hüquqları var. Məmurlarımız arasında az da olsa gerçək alimlər var. Onlar dövlət idarəetməsinə elm və təhsildən gəliblər və onların hətta məmur ola-ola doktorluq müdafiə etmələrinə pis baxmıram. Əgər elmi səviyyələri buna imkan verirsə, öz ixtisaslarını yaxşı bilirlərsə, buyursunlar. Əslində elmi ictimaiyyət, cəmiyyət də bu insanların elmi nailiyyətlərini heç vaxt şübhə altına almayıb. Kim Əli Abbasova, Qərib Məmmədova və ya Səlim Müslümova deyə bilər ki, sən elmlə məşğul olma? Ancaq təəssüf ki, məmur-deputat-alimlər arasında belələri çox azdır. Əksəriyyət müdafiə etdiyi “elmi işini”, “yazdığı” kitabı bircə dəfə üzündən oxumağa hövsələsi olmayanlardır.
Mövzular da göz oxşayır: məsələn, “Azərbaycanın uğurlu Qarabağ siyasəti”(?!) və ya “Koroğlu dastanında zoonimlər” və buna bənzər “aktual” mövzular. Koroğlu dastanında iki zoonim var: Qırat və Dürat. Məncə, mahiyyətinə varmadan da hər şey aydındır. Mərhum akademik Ziya Bünyadov bu dissertasiyalara kobud da olsa, dəqiq ad qoymuşdu: “Hırla zırın fərqi haqqında dissertasiya”. “Elmi işi”ni oradan-buradan köçürürsən, ya da heç əziyyət çəkmirsən, sənin əvəzinə köçürürlər. Elmi şura abır-həya edib müdafiəyə buraxmaq istəməyəndə “yuxarıdan” israrlı zənglər gəlir… və beləcə, olursan alim. (Mən istəyirəm ki, dəyərli oxucular bir analogiya da aparsınlar və məhkəmələrimizi nüfuzdan salan, ədalət mühakiməsinə olan inamı kökündən baltalayan zənglərlə elmimizin evini yıxan bu zəngləri müqayisə etsinlər). Sonra da millət vəkilləri, Təhsil Nazirliyi, rektorlar, dağdan ağır alimlər bu “alimin” “elmi əsərinin” möhtəşəm təqdimatında onu dövlət mükafatına layiq bilirlər. Haqqında rəsmi dövlət qəzetlərində təriflər yazılır. Hamı da bu tərcümeyi-halını yaza bilməyən “alimin” elmdə olmasa da, hansı sahədə yüksək fərasət sahibi olduğunu gözəl bilir”.
Sabiq deputat bildirib ki, Azərbaycanda problemlərin kökündə ölkədə ədalətin olmaması dayanır: “İbn Sina deyirdi ki, sarımsaq min dərdin, bal yüz dərdin, nar on dərdin dərmanıdır. Mən həmişə zarafatla deyirəm ki, demokratiya sarımsaqdır. Ədalət olan yerdə halallıq da olur, rifah da, təhlükəsizlik də təmin olunur, inkişaf da. Yüz problemin yüz bir həlli yolundan danışa bilərik, ancaq bütün sular dənizə axdığı kimi bütün problemlərin həlli də sonunda gəlib bu ədalət meyarına söykənəcək.
Mən fikrimi bir az da konkretləşdirəcəm: Azərbaycanda bütün dərdlərimizə məlhəm, bütün problemlərimizə, hətta Qarabağ probleminə açar ola biləcək iki şərt var: ədalətli seçki və ədalətli məhkəmə. Bu mənim düsturum deyil, bu qabaqcıl, mütərəqqi dünyanın son bir neçə yüzilin sınağından çıxmış hazır reseptidir. Qərb bu resepti qanlı inqilablar, məşəqqətli mübarizələr, ağır sınaqlar burulğanından çıxaraq kəşf edib. Bizə isə onu tətbiq etmək qalır. Bu, dünyanın yeganə optimal inkişaf modelidir. Və suveren demokratiyadan fərqli olaraq, funksional, işlək modeldir”.