“Bir ölkədə bu qədər prezident olar?”

«Bu dəst-xəttin axırı faciədir, bunlarda hətta özünü qoruma instinkti də işləmir»

Lalə Şövkət: «Ən aşağı səviyyəli məmurdan başlayaraq hər kəs özünü prezident kimi aparır»

Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət gündəmin aktual mövzularıyla bağlı “Azadlıq” qəzetinin suallarını cavablandırıb.

– Lalə xanım, bu günlərdə mətbuatla hakimiyyətə çağırış etdiniz və səbəblərinizi izah etdiniz. Bunu zəruri edən nə idi, həqiqətənmi ölkədə vəziyyət olduqca kritikdir və hakimiyyət ölkəni uçuruma aparır. 
-Həqiqətən də ölkədə vəziyyət gərgindir. Narazı insanların sayı günü-gündən artır, hətta iqtidar düşərgəsində də. Illərlə susan insanlar artıq dilə gəliblər. Məmurların misli görünməmiş talançılığı, özbaşınalığı, harınlığı, cəzasızlığı, toxunulmazlığı vətəndaşlarımızı artıq dərəcədə hiddətləndirir. Insanların heç bir hüququ, nə sosial, nə iqtisadi, nə siyasi, dövlət tərəfindən təmin olunmur. Hər kəs müdafiəsiz, hüquqsuz bir vəziyyətdədir. Hər dəqiqə iqtidar tərəfindən təhlükə gözləyir – ya evini başına uçuracaqlar, ya biznesini əlindən alacaqlar, ya işdən çıxardacaqlar, yaxud da şərləyib tutacaqlar. Müxalifət düşərgəsindən isə heç danışmağa dəyməz. Nəinki müxalifət düşərgəsində, ümumiyyətlə, müxalif düşüncəli insanlar avtomatik olaraq “xalq düşməni”nə çevrilirlər. Siyasi məhbuslar problemi, müxalifətə təzyiqlər olduğu kimi qalmaqdadır, hətta artmaqdadır. Vətəndaşların nə insani, nə siyasi, nə iqtisadi, nə də mülkiyyət hüquqlarına məhəl qoyulmur. Ən acınacaqlısı isə odur ki, Azərbaycan vətəndaşı üçün heç bir imdad qapısı yoxdur. Ən aşağı səviyyəli məmurdan başlayaraq hər kəs özünü prezident kimi aparır.
Heç kimin qapısından keçmək mümkün deyil. Bir ölkədə bu qədər prezident olar? Məhkəmələrin isə müstəqil olmaması haqq-ədalətə qanun çərçivəsində nail olmasına imkan vermir. Mən bunu dəfələrlə demişəm, bu gün də təkrar edirəm – dövlətin əsas vəzifəsi ədalətin təminatıdır. Dövlətdən ədalət görməyən insanlar dövlətə etibarını itirirlər və artıq ona ehtiyac duymurlar. Hətta dövlət onlar üçün təhlükə mənbəyinə çevrilir. Belə olan halda yeganə işləyən qanun güc və pul qanunudur. Buna sosial darvinizm deyirlər, yəni cəmiyyət marginallaşır və kriminallaşır. Bu isə dövlətin özü üçün ağır fəsadlara gətirə bilər.

“Ağızları bağlamaq olar, lakin suallar açıq qalacaq”

Bunları hamısını görə-görə mən dəfələrlə mətbuat vasitəsi ilə iqtidara müraciət etmişəm ki, təxirəsalınmaz köklü islahatlara başlasın, siyasi məhbusları qeyd-şərtsiz azad eləsin, insanların azad toplaşmaq konstitusion hüququnu və söz azadlığını bərpa eləsin, öz milləti ilə düşmənçilik münasibətlərinə son qoysun, müxalifətlə həqiqi dialoqa getsin, sistemli korrupsiyaya qarşı həqiqi mübarizə aparsın. Ağızları bağlamaq olar, lakin suallar açıq qalacaq. Əgər iqtidar problemləri həll edə bilmirsə və yaxud istəmirsə, bu problemlər mütləq ziddiyyətlərə çevriləcək, həll olunmamış ziddiyyətlər isə hakimiyyətin özünü məhv edəcək aqressiv antaqonizmə. Bu tarixin, hakimiyyət fəlsəfəsinin qanunudur. Xahiş edirəm, korrupsiyadan bir az vaxt tapıb bu mövzu ilə bağlı heç olmasa bir-iki kitab oxusunlar. Yenə də oxumağa vaxtları çatmasa “Ərəb baharı”nın səbəblərini araşdırsınlar.

“Bu, geosiyasi dalan deməkdir”

– Istər xarici mətbuat, istərsə də beynəlxalq təşkilatlardan Azərbaycana görünməmiş diqqət var. Ancaq bəziləri bunu “Eurovision”la əlaqələndir və müsabiqədən sonra başa çatacağını deyir. Eyni zamanda bunu Azərbaycandakı demokratik proseslərin gündəmə gəlməsi ilə izah edənlər də var. Sizcə, bu diqqət nəyin görsənişidir?
– Həqiqətən, son zamanlar dünya mətbuatında, ələlxüsus Avropanın aparıcı nüfuzlu mediasında – BBC, The Independent, The Guardian, Spiegel, Le Monde, Der Standart və digərlərində Azərbaycanla bağlı çoxsaylı tənqidi materiallar dərc olunur. Burada mütləq qeyd olunmalıdır ki, məhz bu KIV-lər Avropada ictimai rəyin formalaşmasında əsas rol oynayır.
Belə bir diqqətin olması, ilk növbədə “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ilə bağlıdır. Eyni zamanda dünyada gedən proseslərlə də bağlıdır. Demokratiya bu gün dünya siyasətinin aparıcı trendinə çevrilib və heç bir ölkənin artıq daxili işi sayıla bilməz. 20-ci əsrin əvvəlində Azərbaycan dünyada mövcud olan 25 demokratiyadan biri idi. 21-ci əsrin əvvəlində isə Azərbaycan dünyada 25 avtoritar və diktatura ölkələrindən biridir. Bu çox böyük təəssüf doğurur. Biz dünyada gedən proseslərin əksinə gedirik. Bu, isə geosiyasi dalan deməkdir. Bir Azərbaycanlı kimi, mənim üçün xaricdən gələn tənqidi materialları oxumaq ağırdır. Mən istəməzdim ki, mənim vətənim belə bir neqativ imicə malik olsun. Belə bir vəziyyətə görə “çox sağ ol” birbaşa iqtidara düşür. Onlar başa düşməlidirlər ki, gözəl binalarla, fişəng atmaqla, tonlarla gül bəzəməklə ölkə imicini formalaşdırmaq mümkün deyil. Gözəllik də yaxşı şeydir, mən buna müsbət baxıram. Yeni binalar da, Bakı mərkəzinin görkəmi də mənim xoşuma gəlir. Lakin, bunlar yalnız formadır. Imic isə mahiyyətlə, dəyərlər və münasibətlər sistemi ilə, siyasi mədəniyyətlə, vətəndaş cəmiyyətinin yetkinliyi ilə müəyyən olunur. Avropalıları “potyomkin kəndləri” ilə heyrətləndirmək mümkün deyil. Onlar mahiyyətə qiymət verirlər. Demokratiya dünyada bu gün əsas dəyərdir. Əgər 21-ci əsrdən qabaq xarici siyasət yalnız maraqlar üzərində qurulurdu, bu gün artıq demokratiya bir dəyər olaraq əsas maraq amilinə çevrilib, ona görə ki, dünyanın təhlükəsizlik sisteminin əsas faktoru sayılır.

“Bu dəst-xəttin axırı faciədir”

Artıq dünya siyasəti öz birmənalı qərarını verib – diktatura və avtoritar rejimlərə müasir dünyada yer yoxdur! Insan hüquqları və azadlıqları, bir sözlə liberal demokratiya dünya siyasətinin birmənalı prioritetinə çevrilib. Ərəb dünyasında olan diktaturaların bir-birinin arxasınca çökməsi bu qərarın bariz nümunəsidir. Mən çox təəccüb və təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti dünyada gedən proseslərdən nəticə çıxarıb kursunu dəyişmir. Bu gün mən nə ağılla, nə tarixin qanunları ilə, nə məntiqlə, nə siyasətin oyun qaydaları ilə bizim iqtidarın davranışını heç cür anlaya bilmirəm. Hətta hərdən beynimdə onların “vəkili” kimi məntiq tapmaq istəyirəm, amma yenə alınmır. Məntiq yoxdur ki, yoxdur. Bu nə siyasi daltonizmdir, bu nə qeyri-adekvatlıqdır, bu nə inadkarlıqdır?!
Millət bir yana qalsın, bunlarda hətta özünü qoruma instinkti işləmir. Yəni başa düşmürlər ki, bu dəst-xəttin axırı faciədir, həm ölkə üçün, həm özləri üçün?

– Avropa Komissiyasının Avropa Qonşuluq Siyasətinə dair illik sənədlər paketində Azərbaycanın qarşısında tələblər qoyulub. Eyni zamanda Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia da sanksiyaların ola biləcəyi ilə bağlı danışıb. Sizcə, Azərbaycan tələbləri yerinə yetirməsə, sanksiyalarla üzləşə bilərmi?
– Əgər bir-iki il bundan qabaq siz mənə bu sualı versəydiniz, mən deyərdim ki, heç bir sanksiya olmayacaq. Həm Avropa Şurasının qarşısında, həm Avropa Ittifaqının “Yeni qonşuluq” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində demokratiya ilə bağlı öz üzərinə götürülən çoxsaylı öhdəliklərini Azərbaycan yerinə yetirməyib və heç bir sanksiya ilə üzləşməyib, baxmayaraq ki, sanksiyalar haqqında çox danışılıb. Indi isə dünyada vəziyyət kardinal dəyişib. Indi bu sanksiyalar artıq real ola bilər.

“Bu nə səviyyədir, nə mədəniyyətdir?”

– Hakimiyyət Almaniyaya qarşı da müharibə elan edib. Bu yanaşmaya münasibətiniz necədir?
– Birmənalı neqativ. Əgər Almaniya mətbuatında faktlar və arqumentlər dərc olunursa, onlara yalnız kontr-arqumentlə və faktlarla cavab verilməlidir, daha təhqirlə yox. Bu harada görünüb ki, xarici siyasətdə rəsmi nümayəndələr təhqirlərə yol versinlər. Bu nə səviyyədir, nə mədəniyyətdir? Almaniyada söz azadlığı var, həmin qəzetlərdə siz kontr-arqumentlərinizi faktlarla qoya bilərdiniz. Almaniya Avropanın aparıcı ölkəsidir, dünyada söz sahibidir, dünya siyasətinin subyektidir. Azərbaycan isə nə dünya siyasətinin, nə regional siyasətinin subyektidir, yalnız yanacaq obyektidir. Və bütün dünyaya müharibə elan etmək nəinki bizə yaraşmaz, hətta bizə çox baha gələ bilər.

– Hakimiyyət onun ünvanına olan tənqidləri ancaq erməni lobbisi ilə əlaqələndirir və bunu Azərbaycanı istəməyən qüvvələrin əməli kimi qiymətləndirir. Hətta rəsmilər bunu Azərbaycana olan paxıllıqla əlaqələndirir. Siz bu məntiqi necə qiymətləndirirsiniz?
– Çox bəsit və primitiv.

– ABŞ-ın keçmiş prezidenti Corc Buş maraqlı bəyanatla çıxış edib. O bildirib ki, Obama despotik rejimlərin yıxılmasından qorxmamalıdır. ABŞ dünyanın bütün nöqtələrində demokratiyanı müdafiə etməlidir. Hazırda ABŞ regionumuzda demokratiyanın müdafiəsinə görə AB-dan geri qalır. Bu açıqlama Amerikanın gələcək zamanda aktivləşəcəyinə işarə sayıla bilərmi?
– Amerika dünya siyasətində həmişə aktiv olub. Dünyanın aparıcı qüvvəsidir. Mən düşünmürəm ki, ABŞ bu məsələdə Avropa Ittifaqından geri qala bilər. Ümumiyyətlə, ABŞ və Avropa Ittifaqı öz siyasətini birgə müəyyənləşdirib koordinasiya edirlər. Və demokratiya ilə bağlı dünyada gedən proseslər əlbəttə intensivləşəcək.

“Təhqir siyasi stilistikaya ziddir”

– Hazırda Azərbaycanla Iran arasında ciddi gərginlik yaşanır. Baş verən prosesləri necə qiymətləndirmək olar. Azərbaycanın sərgilədiyi mövqe nə dərəcədə maraqlarımıza uyğundur?
– Bu gərginlik məni həm narahat edir, həm təəssüfləndirir. Iran Azərbaycanın böyük qonşusudur. Bizim Iranla həm tarixi, həm mədəni, həm dini, həm etnik bağlılıqlarımız çoxdur. Iranın 35-40 faizi azəri türkləridirlər. Sözsüz ki, Azərbaycanın Iranla problemləri var. Amma bütün bu problemlər heç də həllolunmaz deyillər. Mən həmişə demişəm, bu gün də təkrar edirəm ki, Iranla münasibətlərimizin xoşməramlı, qarşılıqlı faydalı olmağı Azərbaycanın maraqlarına uyğundur. O ki qaldı bizim bəzi rəsmi nümayəndələrimizin Irana qarşı təhqiramiz ifadələrinə, bunu mən qətiyyətlə pisləyirəm və qəbulolunmaz sayıram. Təhqir siyasi stilistikaya ziddir və yolverilməzdir.

– Son NATO sammitində qəbul olunan Qarabağla bağlı qətnaməyə münasibətiniz necədir?
– NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməsinin yer alması Azərbaycanın xarici siyasətinin birmənalı uğuru sayıram və ümid edirəm ki, Azərbaycanın gələcəyi NATO ilə bağlı olacaq. Gürcüstan artıq bu məsələ ilə bağlı öz qərarını ortaya qoyub. Düşünürəm ki, Azərbaycan da mütləq bu yolu keçəcək.

Xəyal