AzTV Azərbaycanın xarici ticarət dövriyyəsində ən böyük paya sahib olan Italiyanı da qaraladı
Fuad Qəhrəmanlı: «Almaniya ilə başlanan antiQərb kampaniyasının genişlənməsi gözlənilən idi»
Almaniyaya qarşı kampaniya aparan rəsmi mətbuat və telekanallar artıq digər Avropa ölkələrini də hədəfə alıb. Son günlərdə AzTV əvvəl Isveçi, ardınca isə Italiya, Böyük Britaniyanı da bu sıraya daxil edib. Bu ölkələrdə insan haqlarının kobud şəkildə pozulduğu, rüşvətxorluğun tüğyan etdiyini iddia edən telekanal hər kəsi Avropada iqtisadi tənəzzülün baş verdiyinə inandırmaq istəyir. Bu ölkələrdən Italiya Azərbaycanın xarici ticarətində ümumixracatda əsas yer tutanlardan biridir. Azərbaycandan aldığı isə əsasən neft və neft məhsullarıdır. Əsas ticarət tərəfdaşlarından birinə qarşı bu cür kampaniya nə məqsəd daşıya bilər?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Almaniya ilə başlanan antiQərb kampaniyasının genişlənməsinin gözlənilən olduğunu deyir. Çünki Azərbaycandan demokratiya, insan haqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı tələblər təkcə Almaniyaya məxsus deyildi. Bu yaxınlarda Avropa Komissiyasının hesabatında da qeyd edilən sahələrdə vəziyyətin daha da pisləşməsi sərt formada ifadə olunub. Bu artıq Avropa Birliyinin, bütövlükdə Qərbin Azərbaycandakı proseslərə necə yanaşdığını ifadə edir. Bu səbəbdən də Azərbaycan hakimiyyəti bütövlükdə cəbhəni genişləndirərək digər Avropa dövlətlərində də böhranla bağlı yalançı təəssürat yaratmağa çalışır.
F.Qəhrəmanlının fikrincə, hakimiyyət bununla cəmiyyətdə Qərblə bağlı təsəvvürləri dəyişəcəyini və özünü qınaqdan qoruya biləcəyini düşünür. Ancaq bu yanlış düşüncədir. Çünki artıq iqtidar özünü elə günə salıb ki, rəsmi təbliğat əks-effekt verir.
F.Qəhrəmanlının sözlərinə görə, Azərbaycanın xarici siyasəti hər kəsi düşmən etmək, hamıya qarşı mübarizə aparmaq kampaniyasından ibarətdir. Bu da onu göstərir ki, artıq ölkənin xarici siyasəti ciddi böhran keçirir. Bu, daxili siyasətdə də öz simptomlarını hansısa formada göstərəcək. Eyni zamanda Azərbaycan artıq dünya miqyasında həm yaxın qonşuları ilə, həm də Qərblə münasibətdə özünü təcrid vəziyyətinə salıb. Bu təcrid də hakimiyyət üçün müsbət heç nə vəd etmir.
Fizzə


