Asəf Quliyev: «Vaqif Hacıbəyliyə cavab verməyi düşünmürəm, hərə öz səviyyəsində danışıb»
“Siyasətdə əxlaq önəmli məsələdir. Mənə elə gəlir ki, Vaqif Hacıbəyli də bu məsələ ilə bağlı mənim fikirlərimi öz siyasi əxlaqı ilə cavablandırıb. Mən də öz əxlaqıma uyğun bu məsələni dəyərləndirmişəm. Hərə öz səviyyəsində danışıb. Ona cavab verməyi düşünmürəm”.
Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini Asəf Quliyev verib. A.Quliyev deyib ki, Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılının prezidentə müraciət etməsinə artıq münasibət bildirib: “Bu məsələ ilə bağlı dediklərim şəxsi yox, siyasi maraqlar zəminindədir. Sözsüz ki, buna iki aspektdən yanaşmaq olar: birincisi, burada prezidentə müraciət edən şəxsin kimliyi, partiyada tutduğu post, ikincisi isə AXCP rəhbərliyində də təmsil olunan şəxslərdən hazırda 3 nəfərinin həbsdə olması. Çünki burada aldadıcı məqam ortaya çıxa bilər. Məsələ burasındadır ki, AXCP-nin prezidentə müraciətdən sonra susması və ya münasibət bildirməməsi, AXCP-nin bunu təqdir etməsi kimi yozula bilər”. A.Quliyev partiya sədrinin müavininin belə müraciət yazmasının istənilən halda qəbuledilməz olduğunu vurğulayıb:”Bu, siyasi cəhətdən səhvdir, bunu da tarix göstərəcək. Siyasi liderlərin dözümü, iradəsi olmalıdır.
O, iradəsini ortaya qoymalıdır ki, arxasınca sıravi partiya üzvləri də gedə bilsinlər, sapmalar olmasın. Yenə deyirəm, Arif Hacılının müraciəti tamamilə yanlışdır. Fikrimin üstündə də dayanıram”.
Qeyd edək ki, Arif Hacılının qardaşı, IP üzvü Vaqif Hacıbəyli isə A.Hacılının müraciətində mənfi çaların olmadığını deyərək, A.Quliyevin açıqlamasına kəskin cavab verib:”Kim deyibsə, səhv edib, qələt eləyib”.