116 ton ağırlığında “asteroid”

“Demokratiya naminə oxu” kampaniyasının təşkil etdiyi konfransda iqtidar nümayəndələrinin biri mənzil fırıldağı qurbanlarlarının, evləri sökülənlərin son aksiyalarda iştirak etmədiyini lovğalıqla vurğuladı. Ədalət naminə deyim ki, onun sözlərində müəyyən həqiqət var idi. Son aksiyalarda həqiqətən onların iştirakı, Bibiheybətdəki mitinqlərlə müqayisədə çox zəif idi…
…Bakı ətrafında yaşadığım üçün evi sökülənlərlə, bu təhlükəni daim hiss edənlərlə təmasda oluram. Hətta onu da söyləyim ki, bu insanların arasında ikiqat zülmə(!) tuş gələnlər, yəni evi sökülmək təhlükəsi ilə yanaşı, mənzil fırıldağından da nəsibini almış insanlar da var. Bundan başqa, mənzil fırıldağı qurbanı olmuş bir neçə tanışım var. Mən onların problemləri ilə ən azı onlar qədər tanış idim, bu səbəbdən elə gün olmurdu ki, onlarla təmasda olmayım. Ərizə, şikayət məktubu yazmaqda kömək edir, təskinlik verir, məhkəmələrdə iştirak edir, bir sözlə, əlimdən gələn köməyi əsirgəməmyə çalışırdım.
10-15 gündür onlardan heç səs-səmir də yox idi. Konfransda səslənən fikirlərdən sonra, istər-istəməz bu məsələ ilə bağlı içimdə olan sullara cavab tapmağa çalışdım. Məsələ elə düşündüyüm kimi imiş…
Bir-iki gün əvvəl qarşılaşdığım qonşum, sevinc içində, tezliklə mənzilinin geri qaytarılacağı xəbərini verdi. Təbrik etdim, başqa çarəm yox idi (!).
Bu adam, yəni qonşum, rejim qurbanına aid olan bütün xüsusiyyətləri özündə cəmləşdirir. Həm evinin sökülmək təhlükəsi var, üstəlik, mənzil fırıldağı qurbanıdır. Bankdan götürdüyü kreditlə oğlu üçün şəhərdə “aldığı” mənzil artıq onunku olmasa da, pulu banka ödəmək zorundadır. Bu üç il ərzində qonşum xəstə anasına da lazımınca baxa bilmədi, keçən ay onu torpağa tapşırdı.
Qonşuma Heydər Əliyev adına fonddan cavab gəlibmiş, ardınca onu hüquq-mühafizə orqanlarına çağırıb deyiblər ki, sənin evini əlindən alanların atasını yandıracağıq(!), bir aya evin geri qayıdacaq, get, ağıllı ol.
3 il ərzində qonşum təkcə H.Əliyev fonduna 10-dan çox teleqram vurub, 15-ə yaxın şikayət ərizəsi yazmışdı və heç birisinə də cavab almamışdı, hətta birinci xanımın qəbuluna düşmək istədiyi zaman, “biz ev məsələlərinə baxmırıq”, deyərək, onu oradan uzaqlaşdırmışdılar. Mən də bu proseslərdə qonşumu tək buraxmamışam, yanında olmuşam. Qeyd edim ki, “ərəb baharı” zamanı(!) biz bu mənzili geri almağa daha yaxın idik, lakin Mübarək və Qəzzafinin dirənişi, Bəşər Əsədin də həyasızlığı (!) ucbatından bu baş tutmadı. Inqilablar “yan” keçdi və “Azərbaycan” qəzetinin baş redaktoru, Bəxtiyar Sadıqovun təbirincə desək, “xiyar yenidən əyri bitdi” (bu mövzuya növbəti yazılarımda qayıdacam! – X.Ə.).
…O biri tanışlarımı aradım, hamısı sevinclə bir-iki həftəyə evlərini geri qaytaracaqlarını söylədilər. Maraqlı olan isə, onların hamısına sonda “get ağıllı ol” demələri idi. Halal pulla mənzil al, ev tik, mənzilini əlindən alsınlar, evini uçursunlar, üstəlik, səni “ağıllı” olmamaqda suçlasınlar. Müsibətdir, vallah…
Məsələ mənim üçün aydın oldu. Iqtidar “Eurovision” öncəsi, on minlərlə insanı “zərərsizləşdirə”, Avraam Linkolnun təbirincə desək, xalqın bir hissəsini yenə də aldada bilmişdi.
Könül istərdi ki, iqtidar heç olmasa bu dəfə sözünü tutsun, insanlar halal mənzillərinə sahib olsunlar, küçələrə çıxmasınlar, döyülməsinlər və Əli Həsənov, Əli Əhmədov kimiləri onları erməni dəyirmanına “su tökməkdə” suçlamasınlar.
…Hazırda bizə tərəf müxtəlif ağırlıqda “asteroid”lərin  yaxınlaşması haqda xəbərlər dolaşmaqdadır. Yəni bir gün şəxsi evlərinin say-hesabını bilməyənlər də bu zavallılar kimi evsiz qala bilər. Çünki bu, ARDNŞ buldozerinə bənzəyən “asteroid”lərdən deyil, çəkisi milyon tonlarla ölçülür, həm də məmurları yaman “sevir”.