Zeynəb Xanlarovadan növbəti sərt açıqlamalar

«Elə bil ki, mənim anamı, bacımı döyürlər küçədə, necə əsəbiləşməyim?»

Qanunların hamısı kağız üzərində qalır…

SSRI xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova “Azadlıq” radiosuna maraqlı müsahibə verib. Müsahibənin məğzi əsasən, Zeynəb Xanlarovanın parlamentdəki son çıxışıyla bağlı olub. Jurnalist xanım deputatın etiraz aksiyalarında döyülənlərlə bağlı söylədiklərini yada salaraq, bu haqda ona sual ünvanlayıb. Zeynəb Xanlarova sualı belə cavablandırıb: “Mən xalqımı, millətimi sevən adamam. 1969-cu ildə – prezident Cevdet Sunayın vaxtında mənə Türkiyədə qalmağı təklif etdilər. Dedilər sən bizim türk qızımızsan, SSRI-yə qayıtma, qal burda. Cavan idim də, aldana bilərdim. Amma dedim ki, heç vaxt. Türkiyə mənim canımdır, hər yerdə də deyirəm. Amma vətənimi, xalqımı sevdiyim üçün qayıtdım. Indi xalqı küçədə döyülən görəndə əlbəttə ki, əsəbiləşəcəm. Elə bil ki, mənim anamı, bacımı döyürlər küçədə, necə əsəbiləşməyim? Bax, indi də o barədə danışanda əsəbiləşirəm. Mən həmişə ”xalqım, millətim” demişəm. Millətimlə fəxr eləmişəm. O qadınları küçədə döyənlərə millət deyə bilmirəm mən. O da sənin anan, bacındır da. Anaya, bacıya sən necə qıyırsan axı? O çörəyi sən necə yeyirsən?! Heç cür başa düşə bilmirəm ki, nədən belə edirlər, necə edə bilirlər”.

“Mənə bir kəlmə də söz deyə bilməzlər”

Aksiyalarda qadınlara, qocalara qarşı zorakılıqlarla bağlı parlamentdə səsləndirdiyi fikirlərinin birmənalı qarşılanmadığını nəzərə alaraq, buna görə ona irad tutan olub-olmadığıyla bağlı suala cavab verən Zeynəb Xanlarova bildirib ki, o, həqiqəti dilə gətirib: “Mən həmişə özümü çox yüksək tuturam. Heç vaxt mənə bir kəlmə də söz deyə bilməzlər. Mən sözün düzünü deyirəm. Düzü başa düşmürlərsə, onda özləri bilərlər. Mən nəyi deyirəmsə, düz deyirəm”.
Meydana çıxıb etiraz etdiyinə görə bu gün də həbsxanada saxlanılan şəxslərlə bağlı suala isə xanım deputat belə cavab verib: “Açığını deyim ki, mənim o tutulanlara görə ürəyim ağrıyır. Zeynəb də sözünü deyən adamdır. Onda belə çıxır ki, məni də tutub qazamata basmalıdırlar, hə? Buna necə baxırsınız?”

“Onlar qorxaq adamlardır…”

Zeynəb Xanlarovaya ünvanlanan növbəti sual parlamentdə əksər deputatların eyni məsələ ilə bağlı onun kimi danışmaması haqda olub.
“Bəli, mən 30 ildir deputatam. Hərdən deyirlər ki, Zeynəb xanım susur, danışmır. Mən yeri gələndə – xalqımla, millətimlə, torpağımla bağlı məsələ olanda danışıram. Qanun müzakirəsində danışmaq mənə lazım deyil. Onsuz da qanunların hamısı kağız üzərində qalır. Hansı qanun yerinə yetirilir ki? Mən barmağımı olmayan şeylərə basa bilmərəm (Gülür). Mənim qanunum odur ki, xalqımın qarnı tox olsun. Mənim xalqımın güzəranı gözəl olsun. Budur mənim qanunum”, – deyə xanım deputat cavabında bildirib.
Parlamentdəki həmkarlarının hansı səbəbdən susmasına gəlincə, Zeynəb Xanlarovanın cavabı maraqlı olub: “Eh, qorxaq adamlardırlar da onlar…”

“Onlar o villaları camaatın cibinə girib tikirlər”

Zeynəb Xanlarova nüfuzlu şəxs kimi həbsdə olanların azadlığa buraxılması üçün hökumətə, dövlət başçısına müraciət edə bilərmi? Deputat bu suala cavab verərkən deyib ki, əgər bu haqda hər hansı müraciət hazırlanarsa, ona imza atmağa hazırdır: “Tək əldən səs çıxmaz. Gərək, mənim kimi mərd adamlar çıxsınlar qabağa ki, bunu edə bilək. Bir qrup ziyalı müraciət hazırlayıb versinlər, mən də adımı lap birinci yazım həmin siyahıya. Mən heç vaxt istəmərəm ki, insanlar həbsdə olsun. ”Həbs” sözündən ümumiyyətlə, zəhləm gedir. O cavan uşaqların həbsdə olmasına görə də mənim ürəyim ağrıyır”.
Qeyd edək ki, Zeynəb Xanlarova parlamentdəki məlum çıxışında məmurların villalarıyla bağlı məsələyə də toxunmuşdu. Deputat “Azadlıq” radiosuna müsahibəsində yenidən o məsələyə qayıdıb: “Onlar o villaları camaatın cibinə girib tikirlər. Mənim isə villamı tikən mənim boğazım, Allahın verdiyi səsdir”.

İnformasiya şöbəsi