YAP-a üzv olmaq istəyirəm

Yanlış duymadın, hörmətli oxucu, üzvlərinin sayı bir milyona yaxınlaşmaqda olan Yeni Azərbaycan Partiyasına üzv olmaq keçir könlümdən. Heç bir təmənnam-filan yoxdur, nə vəzifədə gözüm var, nə də iqtidar süfrəsində, sadəcə üç şərtim var. Və o şərtlər yerinə yetirilsə, söz verirəm, gedib dayanacam Azərbaycanı analoqsuz inkişaf etdirən YAP-ın yanında.
Nədir şərtlərim? Çox sadə, bəsit şərtlərdir, buyurun, siz də tanış olun:
1-ci şərt: YAP başbilənləri bu partiyaya canı-könüldən heyran olan üç nəfərin – bir həkimin, bir müəllimin, bir elmi işçinin adını bəyan etsin. Və o zatlar özünü “qərəzsiz və obyektiv” sayan ANS TV-nin ekranından YAP-ın onları gerçəkdən ağ günə çıxardığını isbatlasın;
2-ci şərt: YAP rəhbərliyi partiyada yüksək mövqe tutan və aldığı maaşla yaşayan, rüşvət tanımayan, yaltaqlığı, məddahlığı yaxın buraxmayan üç vəzifə sahibinin – bir icra başçısının, bir nazirin, bir universitet rektorunun adını açıqlasın. Və o görəv sahibləri mal varlıqları barədə bəyannəməni cəmiyyətə təqdim etsin;
3-cü şərt: YAP-a böyüklük edənlər YAP-ın Milli Məclisdə təmsil olunan kişi cinsinə məxsus və saxta yolla seçilməmiş üç üzvünü nişan versin. Və o üç “millət vəkili” də xalqın gözü qarşısında əllərini məqbul saydıqları müqəddəs kitablardan birinin üstünə basaraq, ŞƏRƏF və LƏYAQƏTlərinə and içsinlər ki, Milli Məclisə halal yolla seçiliblər.
Vəssalam, nə bir başqa şərtim, nə də bir istəyim var.
Başda Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov olmaqla, özünü YAP-da söz sahibi sayan hər kəsə üzümü tuturam. Cənablar, yerinə yetirin bu 3 şərti və məni öz sıralarınızda görün.
Sensasiya istəyirsinizsə, bundan optimal fürsət daha nə ola bilər, tapın yarım milyondan artıq YAP üzvünün içindən o doqquz kişini və hakimiyyətinizə sıradan müxalif bir şəxsi yox, Müsavat Partiyası başqanının müşavirini, “Azadlıq” qəzetinin köşə yazarını YAP-ın sıralarında görün…
YAP-ın ağıldaşlarına
Nə demək istədiyimin yəqin ki, hər kəs fərqindədir. YAP-ın necə bir partiya olduğunu bu məmləkətdə ağlında problem yaşamayanların hər biri bilir. Hamı bilir ki, eynən Kommunist Partiyası kimi Yeni Azərbaycan Partiyasının da fəlsəfəsində SAXTAKARLIQ, YALAN, RÜŞVƏT, YALTAQLIQ, RIYAKARLIQ, MƏDDAHLIQ dayanır. Kommunist Partiyası Azərbaycanda 71 il hökmranlıq etdi, üzvlərinin, üzvlüyə namizədlərinin birlikdə sayı yarım milyona çatdı və günlərin birində bu partiya tarixin arxivinə atıldı. Indi günün günorta çağında əli çıraqlı Azərbaycanı gəzib-dolaşsanız da, bir kommunistə rast gəlməzsiniz.
YAP 20 ildir hakimiyyətdədir və artıq üzvlərinin sayı yarım milyonu ötüb. Bu ilin yanvar ayında Əli Əhmədov çalıb-oxuyanlar dəstəsini YAP-a qəbul edərkən, ağzından qaçırdı ki, yaxın zamanlarda yapçıların sayı 600 minə çatacaq. Kommunistlərin sayı yarım milyon həddini aşandan sonra partiya dağıldı. Əli Əhmədov ağıldaşları ilə birgə partiya üzvlərinin sayını 600 minə qaldırmağa girişib. O və ağıldaşları YAP-ın kəmiyyətcə böyüməsindən, şişməsindən məmnundur. Fəqət bu anormal böyümənin, şişmənin bir partlaması da qaçılmazdır və min təəssüflər olsun ki, Əli Əhmədov və ağıldaşları partiyalarının şişməsinə rəğmən eyforiyada olduqlarından partlama mərhələsini saf-çürük etmək iqtidarında deyillər.
Kommunist Partiyası şişdi, şişdi və sonda partlayıb yox oldu. YAP-ın aqibəti də Kommunist Partiyasının aqibəti kimi olacaq. Nədən ki, rüşvəti, korrupsiyanı, yalanı, yaltaqlığı, riyakarlığı bətnində gəzdirən bir təşkilat uzun zaman tarixin səhnəsində qala bilməz.
YAP dağılacaq, daha doğrusu, dağılma mərhələsi start götürüb.