Tehran Bakını hədələdi

Azərbaycan isə Irandan üzr istəməyi tələb etdi

YAP-çı deputat Xameneyilə fəxr etdiyini bildirdi

Iranın xarici işlər naziri Əli Əkbər Salehi öz ölkəsinin Bakıdakı səfirinin Tehrana çağırılması məsələsini şərh edib. Iranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami mayın 21-də Tehrana gedib. Mayın 22-də Iranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bu, belə izah edilib: “Dini müqəddəslər təhqir olunduğuna görə cənab səfir Məhəmmədbağır Bəhrami Tehrana çağırılıb. O, lazımi məsləhətləşmələrin aparılması üçün mayın 21-də Bakıdan Tehrana yola düşüb”.

Salehidən təhdid

Iranın Azərbaycandakı səfirliyindən “Media forum” saytına verilən məlumata görə, Əli Əkbər Salehi səfirin Tehrana çağırılması və “Azərbaycanda yol verilən təhqirlər” barədə danışarkən deyib: “Azərbaycan Respublikası bizim qonşumuz olmaqla yanaşı dünyanın ikinci şiə dövlətidir və dəfələrlə bildirmişik ki, iki dövlət və iki xalqın maraqları ilə üst-üstə düşən bəzi məsələlərə riayət etsin”.
Daha sonra Salehi əlavə edib: “Dünyanın hər bir yerində şiə mərcəilərinin davamçıları yaşayır və onlar üçün ölüm mənasızdır. Bir problem ortaya çıxdıqda dini mərcəilər həmin problemə dair mövqe nümayiş etdirirlər. Azərbaycan rəsmiləri də bu məsələyə diqqətlə yanaşmalıdırlar”.
Iranın xarici işlər naziri vurğulayıb: “Biz son vaxtlar meydana çıxmış problemlərin aradan qaldırılması üçün maksimum səy göstəririk. Ümidvarıq ki, Azərbaycan hökuməti Azərbaycan dövlətinə və xalqına yaraşmayan və Iran səfirliyi qarşısında baş vermiş son yanlış və xoşagəlməz hərəkətə reaksiya verəcək, onu pisləyəcək və bir daha belə hadisələrin təkrarlanmasına yol verməyəcək”.
Salehi bildirib ki, hazırda ikitərəfli əlaqələr sahəsində lazımi siyasi addımlar atılmaqdadır: “Dini prinsiplərdən irəli gələn məsələlər çox həssas olduğundan hamı bu məsələlərdə diqqətli olmalıdır, yoxsa heç bir ölkə başqa bir ölkənin daxili işlərinə qarışmaq niyyətində deyil”.

Iran tərəfi Azərbaycanla ehtiyatlı olmalıdır

Azərbaycan tərəfinin Salehinin fikirlərinə cavabı gecikməyib. “Azərbaycan hakimiyyəti Iranın xarici işlər naziri Əli Əkbər Salehinin müraciəti ilə diqqətlə tanış olub. Azərbaycan çoxdandır ki, Iranın rəsmi dairələrindən belə bir açıqlama gözləyirdi”. Trendin məlumatına görə, bunu Prezident Administrasiyasının Ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O daha sonra əlavə edib:
“Biz dəfələrlə Irana olan münasibətimizi bildirmişik, dövlət başçısından tutmuş bütün səviyyələrdə Iranla dost münasibətləri davam etdirməyə hazır olduğumuzu və bunun zəruriliyini açıqlamışıq. Azərbaycandan Irana heç bir ziyan gəlməyəcəyini dəfələrlə bəyan etmişik. Eyni zamanda, çağırışlar da etmişik ki, Iran tərəfi Azərbaycanla, onun seçimi, onun xalqının iradəsi, dövlət quruluşu, daxili və xarici siyasəti ilə bağlı ehtiyatlı olmalıdır. Xüsusən son zamanlar Iran ruhaniyyətinin antiazərbaycan çağırışlarına reaksiya verməlidir”.
PA rəsmisi bildirib ki, Azərbaycan Islam dininin bütün müqəddəslərinə hörmət və sayğı ilə yanaşır və heç zaman Azərbaycanda imkan verilmir ki, Islam müqəddəslərinə qarşı hansısa çağırışlar, onların təlqin etdiyi Islam dəyərlərinə qarşı tədbirlər olsun: “O cümlədən biz Iranın ruhaniyyətinə qarşı da həmişə hörmətli, sayğılı davranmışıq. Amma əfsuslar olsun ki, Iran ruhaniyyətinin bəzi nümayəndələri son zamanlar Azərbaycan dövlətinə, dövlətçiliyinə, onun Konstitusiya quruluşuna, Azərbaycan xalqına, Azərbaycanın Prezidentinə qarşı hörmətsizlik nümunəsi olan açıqlamalar verirlər, çağırışlar edirlər, şüarlar səsləndirirlər. Biz də Iran tərəfindən bu çağırışlara münasibət gözləyirik. Biz də gözləyirik ki, Iranın rəsmi dairələri bu çağırışları pisləyən bəyanatlar versinlər, iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərən belə hallarla mübarizə aparsınlar. Əlbəttə, biz Iran səfirliyi qarşısındakı piketlərdəki çağırışların əksəriyyətini dəstəkləmirik. Eləcə də onlara müvafiq münasibət bildirəcəyik, əgər orda Iran ruhaniyyətinin, dini rəhbərlərinin ünvanına nalayiq sözlər səsləndirilibsə, onlara müvafiq cavablar veriləcək. Amma eyni addımı biz Iran tərəfdən də gözləyirik. Iran hakimiyyətinin Azərbaycan dövlətinə, xalqına, Konstitusiya quruluşuna qarşı çevrilmiş çağırışlara da adekvat qiymət verməsini gözləyirik”.
PA rəsmisi Salehinin çağırışında bəzi təhdidlərin olmasına təəssüf etdiklərini bildirib: “Azərbaycanı bu cür təhdidlərlə nə qorxutmaq olar, nə də onu haqq yolundan döndərmək, onun xalqını iradəsindən daşındırmaq olar. Azərbaycan dövlətinin iradəsi onun xalqının iradəsinə söykənib və bu iradəni heç kim qıra bilməz, heç kim də buna qarşı hər hansı təhdidlər irəli sürə bilməz”.

Iran üzr istəməlidir

“Azərbaycan tərəfi Azərbaycanın ünvanına xoşagəlməz və təxribat xarakteri daşıyan şüarlar səslənməsinə görə Iranın üzr istəməsini gözləyir”. APA-nın xəbərinə görə, bunu Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə Iran xarici işlər naziri Əli Əkbər Salehinin dünən Azərbaycanla bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib. Elman Abdullayev bildirib ki, Iran rəhbərliyi Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında yenidən aksiyaların keçirilməsinə yol verməməlidir.
XIN sözçüsü jurnalistlərin suallarına cavabında Iran mətbuatının Azərbaycanın bu ölkədəki səfirinin bu gün Iran XIN-ə çağırılması və ona nota verilməsi barədə məlumatlarına da aydınlıq gətirib. Elman Abdullayev deyib ki, Azərbaycan səfiri Iran XIN-ə dəvət olunsa da, ona hər hansı nota verilməyib.
Iranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneyinin Azərbaycanda təhqir olunması barədə deyilən iddiaların heç bir əsası yoxdur. Bu sözləri isə SalamNews-a Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirib. O deyib: “Azərbaycan hakimiyyəti və xalqı hər zaman Iranın Ali dini liderinin hörmətini saxlayıb. Ayətullah Seyid Əli Xameneyi müsəlman aləmində çox tanınan nüfuzlu şəxs olduğu üçün Azərbaycanda ona böyük hörmət bəslənilir. O milliyətcə azərbaycanlıdır və biz hər zaman bununla fəxr edirik. Ulu öndər Heydər Əliyev də dəfələrlə Iranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneyi ilə görüşüb və hər görüşdə Azərbaycan-Iran dostluq münasibətlərindən söhbət açılıb?.
Xatırladaq ki, Iranın Azərbaycandakı səfirliyi mayın 11-də gənclərin Bakıda keçirdiyi aksiyada Ali Dini lider Ayətulla Xamneyinin təhqir olunduğunu bəyan edib.
Bu arada isə Teleqraf.azı-ın Astara üzrə müxbiri bildirib ki, Iranın hərbi gəmiləri Azərbaycanla su sərhədinə düzülüblər.  “Səhər saatlarından etibarən Iranın hərbi gəmiləri Azərbaycanın su sərhədinə yaxınlaşıblar. Gəmilər sərhədə o qədər yaxındırlar ki, biz sahildə dayanıb onları görə bilirik. Hazırda 6 gəmi görünür və o yana-bu yana üzürlər” – deyə müxbir bildrib.