İran-Azərbaycan qarşıdurması davam edir

Tehran Bakının yük maşınlarına qadağa qoydu; Əli Həsənov və XIN baş verənlərə münasibət bildirdi

Iran-Azərbaycan münasibətlərindəki gərginlik davam edir. Iranın Azərbaycandakı səfirliyini geri çağırmasından sonra Tehran Bakıdan Naxçıvana və Naxçıvandan Azərbaycana gedən yük maşınlarını ərazisinə buraxmır. Bu barədə Turan-a  sərhəddə gözləyən yük avtomobillərindən birinin sürücüsü bildirib. Azərbaycan Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük Idarəsinin növbətçi hissəsindən faktı təsdiq ediblər. Növbətçinin sözlərinə görə, Iran tərəfi sərnişin avtobuslarını ərazisinə buraxır. Yalnız yük daşıyan avtomobillər Iran tərəfindən buraxılmır və səbəbi də izah edilmir. Bildirilir ki, sərhəddə onlarla avtomobil qalıb.
Bu arada Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov yenidən Iran mövzusunda danışıb. Modern.az-ın xəbərinə görə, Əli Həsənov Azərbaycanda Iranını dini lideri Seyid Əli Xameneyinin təhqir olunmasına münasibət bildirərkən deyib: “Azərbaycanda heç bir Iran dini rəhbəri, yaxud dini lideri təhqir olunmayıb. Azərbaycan hakimiyyəti və ictimaiyyəti Iranın dini rəhbərlərinə, ruhaniyyətinə daim sayğı ilə yanaşıb. Lakin eyni zamanda ruhaniyyətin anti-Azərbaycan fəaliyyətini də açıq şəkildə, çəkinmədən onlara bildirib. Son zamanlar Iranın bəzi ruhani dairələri heç bir əsası olmayan anti-Azərbaycan fəaliyyətinə, təbliğatına qoşulublar və bu işin başında dayanıblar, Azərbaycanda keçirilən beynəlxalq tədbiri ”gey-parad” adı ilə ləkələmək istəyirlər. Azərbaycan xalqına beynəlxalq aləmdə, o cümlədən Iran səviyyəsində böhtan atmaq istəyirlər. Biz bu böhtana etirazımızı bildirmişik. O ki qaldı Iran səfirliyi qarşısında keçirilən piketlərdə Iranın dini rəhbərinin portretinin qaldırılması ki, “Ermənistana dəstək verməkdən imtina et!”, “Anti-Azərbaycan fəaliyyətinin qarşısını alın!” – bu, çağırışdır. Burada böhtan, təhqir yoxdur”.
Şöbə müdiri Iranın Azərbaycandakı səfirinin Tehrana çağırılmasına da münasibət bildirib: “Hər bir ölkənin öz səfirini ölkəyə çağırması, məsləhətləşmələr aparması təbiidir. Bu normal prosedurdur. Bunu dramatikləşdirmək lazım deyil. Faktiki olaraq dramatikləşən odur ki, Iranın bəzi dairələri Azərbaycanın əleyhinə əsası olmayan anti-Azərbaycan təbliğatı aparırlar. Bir an içində bunu dayandırmalıdır. Azərbaycan hakimiyyətinin indiyədək Iran, onun maraqları, regionda bu ölkəyə yanaşma, bu ölkə ilə beynəlxalq aləmin münasibətləri ilə bağlı səsləndirilən rəsmi açıqlamalarının cavabı hələ ki Iran tərəfindən gəlməyib. Biz o rəsmi açıqlamaları Iran tərəfindən gözləyirik”.
Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Turan-a deyib ki, Iranın Xarici Işlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirini dəvət edərək bu ölkənin Azərbaycandakı səfirinin yalnız məsləhətləşmələr xatirinə Tehrana çağırıldığını və hər hansı problemin olmadığını bildirib.
Mətbuat katibi təəssüflə qeyd edib ki, digər tərəfdən də müxtəlif dairələr bunu böyüdərək hansısa bir reaksiya kimi göstərməyə cəhd edir. “Mənə elə gəlir ki, hər bir şəxs, o cümlədən Irandakı o qüvvələr də bilməlidir ki, Azərbaycan müstəqil bir ölkədir. Azərbaycanla bağlı hər hansı bir basqı, hər hansı bir təzyiq, Azərbaycanın siyasətini dəyişdirməyə cəhd faydasızdır və bunu Azərbaycan dövləti heç zaman yaxına buraxmaz və qəbul etməz”,- deyə o, vurğulayıb.
E.Abdullayevin fikrincə, Azərbaycan dünyaya açıq, müasirliyə, modernləşməyə meylli bir ölkədir: “Azərbaycan dünya sivilizasiyasına öz töhfəsini vermiş, zəngin mədəniyyətə və tarixə malik bir ölkədir. Biz heç bir zaman ölkəmizin hansısa ölkə tərəfindən istiqamətləndirilməsinə yol vermərik. Bu baxımdan Azərbaycanın qonşu ölkələrlə yaxınlaşması çox aydın və konkretdir. Bizim yaxınlaşmamız qarşılıqlı hörmət və bir-birinin daxili işinə qarışmamaq prinsipinə söykənir”.
O, Iranda Azərbaycan əleyhinə keçirilən etiraz aksiyalarında səslənən fikirləri qəbul etmir: “Burada Azərbaycan dövlətçiliyi əleyhinə səsləndirilən ifadələr çox mənfi və qəbuledilməzdir. Təbii ki, buna qarşı mövqeyimiz birmənalıdır və adekvat reaksiyamızı da verdik. Bu cür şüarların səsləndirilməsinə heç zaman biganə qala bilmərik və mövqeyimizi də ortaya qoyduq”.
Iranda “Eurovision” əleyhinə və guya Bakıda gey-paradın keçirilməsini pisləyən bəyanatları absurd hesab edir. “Biz dəfələrlə qeyd etmişik ki, belə paradlar Azərbaycanda keçirilməyəcək və ümumiyyətlə keçirilməsi nəzərdə tutulmur”, – o bildirib.
E.Abdullayevin dediklərinə görə, Azərbaycan hər zaman qonşuları ilə münasibətlərinə çox böyük əhəmiyyət verib və qonşu ölkələrə ehtiram nümayiş etdirərək onlarla münasibətlərinin inkişafına çox ədalətli mövqedən yanaşıb. ?Biz qonşu ölkələrlə münasibətlərin inkişafında hər zaman maraqlı olmuşuq və onların daxili işlərinə heç bir zaman qarışmamışıq. Onların da bizim daxili işlərimizə qarışmamasını tələb etmişik. Azərbaycan qonşu ölkələrlə hər zaman bərabərhüquqlu, eyni səviyyəli münasibətlərin davam etdirilməsində maraqlı olub. Əminik ki, münasibətlərimiz bu cür də davam edəcək. Bir daha qeyd etmək istəyirəm ki, kiminsə daxili işlərimizə qarışmasına heç zaman imkan verməyəcəyik”, – deyə mətbuat katibi bildirib.
E.Abdullayev “Azərbaycan Iranla bağlı siyasətinə yenidən baxa bilərmi?” sualının cavabında deyib ki, rəsmi Bakı hər hansı bir ölkə ilə münasibətlərini davam etdirərək ilk növbədə ölkənin, xalqın, dövlətin milli maraqlarını rəhbər tutur: “Bu milli maraqlar baxımından ölkələrlə münasibətlərimizi davam və inkişaf etdiririk. Bu baxımdan Azərbaycanın yanaşması çox aydındır. Biz müstəqil xarici siyasət həyata keçiririk. Bu müstəqil siyasətdə isə önəmli yer alan xalqımızın milli marağıdır”.