Nardarandakı əyləncə gecəsi Ağalarovun hesabına yox, pullu olub
Xarici jurnalistlərin qoluna yaşıl lent bağlayıblar ki, onlar yerlilərdən fərqlənsin
“Eurovision” musiqi yarışmasını işıqlandırmaq üçün Bakıya gələn jurnalistlər təkcə bununla məşğul deyil. Onlar təbii ki, rastlaşacağı digər maraqlı məqamları da qələmə alacaq. Belə hallar isə yetərincədir. Təbii ki, hər kəs əcnəbilərin ölkəmizdən xoş təəssüratla qayıtmasını istəsə də, güman ki, belə olmayacaq. Hər halda narazı gedənlər və gördüklərindən təəccüblənən də az olmayacaq.
“Turan” agentliyinin “Eurovision” yarışmasını işıqlandırmaq üçün təhkim edilən əməkdaşı Kamal Əlinin qələmə aldıqları da məhz əcnəbi həmkarlarımızı təəccübləndirəcək məqamlarla bağlıdır. Həmkarımızın yazısından məlum olur ki, artıq “Baku Crystall Nall”da çalışan xarici jurnalistlər paytaxtda gəzərkən öz ölkələrində görmədikəri, ancaq bizim artıq adi kimi qəbul etdiyimiz hallarla rastlaşıb. “Baku Crystall Nall”da jurnalistlərə hörmətlə yanaşıldığını deyən “Turan”ın əməkdaşı bazar günü Nardarandakı “Sea Breeze” hotelində onlara hətta bir stəkan su belə verilmədiyini yazır.
Nardaranda keçirilən əyləncə gecəsi ayrıca söhbət mövzusudur. Belə ki, Emin Ağalarov Rusiya nümayəndə heyəti üçün qonaqlığı özünün təşkil etdiyini deyib. Ancaq tədbir belə keçirilib: iştirakçılar dörd yerə bölünüb. Ən yaxşılar bir yerə görə 100 manat ödəyib. Belələri çox olmayıb. Ikinci kateqoriya 20 manat ödəməli olub. Onların sayı çox idi. Üçüncü kateqoriya isə xarici müğənnilər və jurnalistlərdi. Əcnəbi jurnalistlərə yemək verilsə də, yerlilər ac qalıb. Yerli jurnalistləri əcnəbilərdən fərqləndirmək üçün isə daha biabırçı üsula əl atıblar və əcnəbilərin qoluna yaşıl lent bağlayıblar. Nəticədə bir neçə saat ərzində onlar isti havada ac-susuz qalıb. Iki nəfərin kiçik “Koka-Kola” və bir pivə içməsi isə onlara yeddi manatdan baha başa gəlib.
Fizzə