Müxalifətçi qadınlardan Zeynəb Xanlarovaya təşəkkür

«Bu çıxış başqalarına da nümunə olmalıdır»

Ictimai Palatanın 21 may aksiyasının iştirakçılarına qarşı olan zorakılığı millət vəkili Zeynəb Xanlarova da tənqid edib. Etiraz aksiyasında xüsusən də qadınlara qarşı zorakılıqları pisləyən xanım deputat bildirib ki, qadına əl qaldırmaq Azərbaycan kişisinə, polisinə yaraşan hərəkət deyil. Zeynəb Xanlarovanın bu çıxışı parlamentdə ilk hesab edilə bilər. Çünki bu vaxta qədər deputatlardan heç biri hakimiyyətin hər hansı əməlini pisləməyib. Z.Xanlarovanın səsləndirdiyi fikirlərə 21 may aksiyasında zorakılığa məruz qalan qadınlardan da reaksiya gəlib.

Gözəl Bayramlı: “Zeynəb Xanlarovanın çıxışı başqa xanım deputatlara da nümunə olmalıdır”

Xanım deputatın açıqlamasını müsbət qiymətləndirən AXCP sədrinin müavini Gözəl Bayramlı onun əsl ziyalı, vətəndaş mövqeyi ortaya qoyduğunu bildirdi: “Doğrudan da son aksiyalarda xanımlara qarşı çox ciddi zorakılıqlar oldu. Bu da Zeynəb xanımın ürəyini ağrıdıb”.
G.Bayramlının sözlərinə görə, Zeynəb Xanlarovanın çıxışı digər xanım deputatlara da nümunə olmalıdır. Ilk növbədə parlamentdə insan huquqları komitəsinin rəhbəri Rəbiyyət Aslanova öz mövqeyini ortaya qoymalıdır. Ancaq bu vaxta qədər parlamentdə belə mövqeyin şahidi olmamışıq.

Zərifə Məhəddinova: “Qadınlara qarşı zorakılığı pisləyənlər arasında Zeynəb xanım ilk olsa da, sonuncu olmayacaq”

AXCP-dən olan fəal, son aksiya zamanı təzyiqlərlə üzləşən Zərifə Məhəddinova Zeynəb Xanlarovanın çıxışını təqdirəlayiq hal kimi qiymətləndirdi. Onun fikrincə, qadınlara qarşı zorakılığı pisləyənlər arasında Zeynəb xanım ilk olsa da, sonuncu olmayacaq. Hətta iqtidarın özündə də bu məsələyə baxış nöqtəsi dəyişməlidir.
Z.Məhəddinova Zeynəb Xanlarovanın problemlərdə oliqarxları günahlandırması ilə razılaşmadığını da qeyd etdi. Çünki baş verənlərdən prezidentin xəbərsiz olması mümkün deyil.

Natavan Səlimzadə: “Zeynəb xanımın dedikləri təqdirəlayiqdir”

AXCP-dən olan digər fəal, aksiya zamanı zorakılığa məruz qalan Natəvan Səlimzadə də xanım deputatın fikirlərini təqdirəlayiq hesab edir və bunun digərlərinə nümunə olmasını vacib sayır. Bununla belə o baş verənlərin məsuliyyətinin prezidentin üzərində olduğunu da qeyd etdi.

Nigar Yaqublu: “Başqa qadın deputatlar da Zeynəb Xanlarovanı dəstəkləsin”

Müsavat partiyasının xanım fəallarında olan və 21 may aksiyasında zorakılığa məruz qalan Nigar Yaqublu polisin qadınlara qarşı etdiyi zorakılığın, təzyiqlərin artıq hakimiyyətə yaxınlığı ilə seçilən deputatı da dilə gətirdiyini deyir. Artıq onun da qadınlıq qüruru dözməyib və o, bu zorakılığı pisləyib. N.Yaqublunun fikrincə, Zeynəb Xanlarovanın bu çıxışından başqa xanım deputatlar da örnək götürməlidir. Heç olmasa Azərbaycan xanımına qarşı bu təzyiqlərə son qoyulması üçün onlar da Zeynəb Xanlarovanı dəstəkləsin.

Fizzə