«Natiq» ritm qrupunun birinci yarımfinalı

«Eurovision»un ilk yarımfinalına sözardı

UNIBANK sosial şəbəkə istifadəçiləri arasında “Eurovision”-un final turunun ilk üç yerini tutacaq ifaçılar barədə düzgün proqnoz verənə 5000 manat mükafat ayırıb. 5000-in doğru seçim edənin hər birinə ayrılıqda, ya hamıya bölünərək veriləcəyi bilinmir. Gənclər 5000-i udmağa həvəslidir, musiqidən başı çıxan-çıxmayan özünü sınamaq qərarı verib. Lap “TopAz” kimi. “Eurovision”-a xərclənən vəsaitin – rəsmi açıqlanan 50 milyonun, dünya mediasında yer alan 3 milyardın yanında 5000 heç nədir. Hansısa təqaüdsüz tələbə 5000 qazanacaqsa, çox gözəl.
“Eurovision-2012″-nin birinci yarımfinalı oldu. 18 ölkənin təmsilçisi arasından 10-u finala keçdi. Rumıniyanın – ”Mandinga” qrupu, Moldovadan – Paşa Parfeni, Islandiyadan – Greta Salome və Con Cosef Snabyornsson, Macarıstanın – “Compact Disco” rok qrupu, Danimarkadan – Soluna Samay, Albaniyadan – Rona Nişliu, Kiprdən – Ivi Adamou, Yunanıstandan – Elefteria Elefteriu, Rusiyanın – “Buranovskiye babuşki” qrupu, Irlandiyanın – “Cedward” qrupu mayın 26-da bir daha “Kristal zal” da səhnəyə çıxacaq. Rumıniya təmsilçisinə afərin, ifası boyu nə qədər əlləşsə də qulaqcığını işə sala bilmədi, amma mahnısını yaxşı oxudu. Finala da birinci çıxdı. “Buranovskiye babuşki”nin başı üstündə “qara buludlar” dolaşırdı, ötüşdü. Çünki Putin təzədən prezident seçilib, baş nazir postunu da Medvedevə verib. Siyahıda sonuncu “Cedward” sevincindən kəllə-mayallaq aşdı. “Kəkilli” oğlanlar dəcəl çəpiş kimi atlanıb-düşdülər. Onların üzündə “şeytan tükü” var, tamaşaçılar bəyənir. Ifaçıların xoşbəxt anlar yaşaması ölkələrin şərəfi, fəxridir. Hansı ölkə 2012-nin qalibi olmağı, 2011-ci ildə Azərbaycan qarşısına məqsəd qoyduğu kimi, qərarlaşdırıbsa, birinci yer də onun olacaq. Daha heç kim məni “Eurovision”-un vətəndaşların səsverməsi ilə qalib seçən sanballı musiqi yarışması olduğuna inandıra bilməz. Əsla. O yerdə ki, səsvermənin tən yarısı – 50 faizi münsiflərin öhdəsinə düşür, kimsə obyektivliyə təminat verə bilməz. Yan Ola Sand bu işlərin ustasıdır. Adamı razı salsalar, “Eurovision-2013″-ü də Azərbaycana bağışlayar. Ola bilər ki, ikinci qələbəni Azərbaycan özü istəməsin. ”Eurovision”la bağlı ölkənin başı çox bəlalar çəkdi. Hələ cəkəcək də.
O ki qaldı yarımfinal konsertinə, ümumilikdə yayımı normal dəyərləndirmək olar. Bəzi ifaçıların çıxışları yüksək səviyyədə olmasa da, bunun təşkilatçı ölkəyə aidiyyəti yoxdur. Aparıcıların, televiziya şərhçilərinin, videoçarxların isə yaxşısı da, pisi də birbaşa bizimkilərə aiddir. “Eurovision”-un iki xanım, bir kişi aparıcısından ən təbii və yerində olan Eldar Qasımovdu. Bütün diqqətləri özlərində olan xanımlar səhnədə çox süni görünürdülər. Leyladan elə bunu da gözləyirdik, Nərgiz xanım da ondan gözlənilənləri doğrultmadı. Ikinci çatışmazlıq – Azərbaycan tamaşaçısı hər zamankı kimi susqundu. Publika solğundu, 20-30 nəfər coşqu yarada bilmədi. Salon səhnəni tamamlamadı. Möhtəşəm ansambl yaranmadı. Üçüncü biabırçılıq – musiqiçilərin çıxışlarından qabaq Azərbaycanı əks etdirən mini videoçarxlar peşəkarlıq və yüksək zövqlə hazırlanmamışdı. Niyə açılışa Lənkərandan başlandığı qaranlıq qaldı. Bəzi görüntülərin, ümumiyyətlə, yeri yoxuydu.
Amma ən dəhşətlisi ITV-nin şərhçilərinin mənasız danışıqları oldu. Bağlanğıcda sinxron tərcümədənsə, şəxsi bilgilərinə əsaslanıb yersiz açıqlamalar verdilər. RTR-in şərhçilərini dinləyəndən sonra Könül Arifqızı və Saleh Bağırovu, əsasən də Salehi dinləmək dağdan dərəyə yuvarlanmaqdı. Saleh Bağırov deyəsən özünü “Yeni gün”də hiss edirdi. Ölkəni, onun başçısını, “Eurovision”-un təşkilatçılarını, “Kristal zal”-ı tərifləmək, özü də düşünmədən tərifləmək ona tapşırılmışdı. ITV “Eurovision”un yerli təşkilatçısıdır, bu o demək deyil ki, şərhçilər mütləq bu televiziyadan olmalıdır. Azərbaycan yarışmaya ev sahibliyi edir, demək, yarışmaya maraq böyükdür. Xaricdəki soydaşlarımız bəlkə elə yarışmaya ITV-də baxmaq istədi? Onlar mütləq bu mənasız söhbətləri dinləməlidilər? Xeyr. Bu il şərhçiliyi daha hazırlıqlı və tamaşaçıların bəyəndiyi aparıcılara tapşırmalıydılar.  
Arada yarışmanı Rusiyanın RTR kanalı ilə izlədim. Yayımın keyfiyyətində yerlə-göy arası fərq vardı. RTR ITV-dən qat-qat keyfiyyətli təsvirlər verirdi. Bəlkə də onları izlədiyimdən ITV-nin yayımında hansısa məqamları ötürmüşəm, amma bunun günahı məndə yox, Rabitə və Informasiya Texnologiyaları nazirliyindədir.
Sonda “Natiq” ritm qrupunun iştirakıyla hazırlanan kompozisiya gerçəkdən tərifə, alqışa layiqdi. 18 ölkənin birgə ifasına dəyərdi. Bu yarımfinaldan ən çox yadda qalan onların çıxışı oldu. Sadəcə “qavaldaşdan” niyə səs yerinə toz çıxırdı, anlamadım.

Sənubər