«Azərbaycanın Rusiyanın təhdidlərindən çıxış yolu demokratik dövlət quraraq Qərbin bir hissəsinə çevrilməkdir»
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, rusiyalı diplomat Nikolay Bordyucanın Azərbaycanın ünvanına səsləndirdiyi bir sıra mesajlar hələ də mətbuatda müzakirə mövzusudur. N.Bordyuca açıqlamasında bir daha vurğulayıb ki, Azərbaycan Ermənistanla hərbi əməliyyatları bərpa edərsə, bu, ikincinin Rusiya tərəfindən dəstəklənməsi ilə nəticələnəcək. Maraqlıdır ki, Azərbaycanın ünvanına bu cür sərt bəyanatlar vaxtaşırı səsləndirilib. Amma bir vaxt bu bəyanatlar ara vermişdi. Bəs bu ritorikanın yenidən gündəmə gəlməsi hansı məqamlardan xəbər verir?
Politoloq Vəfa Quluzadə bildirdi ki, Rusiyanın vaxtaşırı bu cür bəyanatlar verməsinə təəccüblənmək lazım deyil. Bu cür bəyanatların səslənməsinin Rusiyanın xarici siyasətinin bir davamı olduğunu deyən V.Quluzadə əlavə etdi ki, Rusiya Azərbaycanın torpaqlarını Ermənistan vasitəsilə işğal altında saxlamaqla SSRI-ni nə zamansa bərpa etmək xülyasından vaz keçməyib: “Rusiya bu cür açıqlamaları ilə Ermənistana ürək-dirək verməyə çalışır. Çünki Rusiya bilir ki, o olmayacağı təqdirdə Ermənistanın Azərbaycanla müharibəyə tab gətirməsi mümkün deyil. Qarabağ müharibəsini yaradan və onun çözülməsinə mane olan Rusiyadır. Bu üzdən Rusiya problemi saxlamaqla Azərbaycana təzyiq imkanlarını əldən vermir”.
Rusiyanın bu cür davranışlarına qarşı Azərbaycanın xarici siyasətinə diqqət yetirməli olduğunu deyən V.Quluzadə vurğuladı ki, Azərbaycan Rusiyanın mesajlarına cavab olaraq Qərblə sürətli inteqrasiya kursu seçməlidir: “Azərbaycanın yaranmış vəziyyətdə çıxış yolu demokratik dövlət quraraq Qərbin bir hissəsinə çevrilməkdir. Çünki Azərbaycanın balanslaşdırılmış siyasəti nəticə vermir. Rusiya və Qərblə münasibətlər əvvəlki kimi deyil. Iranla əlaqələr olduqca gərgindir, Türkiyə ilə münasibətlər barədə heç danışmağa dəyməz. Qərbə inteqrasiya Azərbaycan üçün təhlükəsizlik təminatı ola bilər. Demokratik dövlət quruculuğu və islahatlar üçün heç zaman gec deyil”.
Xəyal