Tarixə işıq salan qədim yaşayış məskənləri

Qazax rayonundakı Baba-Dərviş qədim yaşayış məskəni

Azərbaycanın dünya əhəmiyyətli tarixi abidələrlə zəngin bölgələri arasında Qazax rayonu da önəmli yer tutur. Burada qeydə alınmış bir sıra tarixi nümunələr və yerlər uzaq keçmişin öyrənilməsində əvəzsiz rol oynayır. Ölkənin başqa rayonlarında olduğu kimi, bu bölgədə də yaşayış məskənləri tarixin öyrənilməsi üçün zəngin material verir. Rayonun belə abidələri içərisində Baba-Dərviş qədim yaşayış məskəni öz unikallığı ilə seçilir. Bölgənin uzaq tarixinə işıq salan abidə Xanlıqlar kəndi yaxınlığında yerləşir. Yaşayış yerində 1958-1962-ci və 1966-cı illərdə arxeoloji qazıntılar aparılmış, müxtəlif tarixi dövrlərə aid maraqlı tapıntılar əldə olunmuşdur. Baba-Dərviş qədim yaşayış yeri sıralı düzülmüş 5 təpədən ibarətdir. Aparılan araşdırmalar nəticəsində toplanan arxeoloji materiallar göstərmişdir ki, bu məskən hələ eramızdan əvvəl III minilliyin başlanğıcında mövcud olmuş, ərazidə məskunlaşan insanlar çoxlu maddi-mədəniyyət nümunələri yaratmışlar. Burada tapılan həmin dövrə aid gildən düzəldilmiş insan, keçi, öküz və başqa heyvanların fiqurları, təkər modelləri xüsusilə maraqlıdır.
Qədim Baba-Dərviş məskənində aparılan qazıntılar zamanı bir neçə yaşayış tikililəri üzə çıxarılmışdır. Tarixi baxımdan bu tikililər eramızdan əvvəl XII-VII əsrlərə aid olmaqla, Azərbaycanın Xocalı-Gədəbəy arxeoloji mədəniyyət abidələri ilə uyğunluq təşkil edir.
Baba-Dərviş məskənində 1966-cı ildə aparılan araşdırmalarda daha bir nadir tapıntı – katakomba tipli qəbir aşkar edilmişdir. Burada cənazə ilə birlikdə gil qablar, ağac cam, dəmir bıçaq, ağacdan olan toxuculuq dəzgahın hissəsi, sümük mil və tunc iynələr tapılmışdır. Aparılan tədqiqatlar göstərir ki, Baba-Dərviş sakinləri oturaq həyat sürmüş və əsasən əkinçiliklə məşğul olmuşlar. Onların təsərrüfatlarında maldarlıq da mühüm rol oynamışdır. Alimlərin fikrincə, xırdabuynuzlu heyvanlar maldarlıqda üstünlük təşkil etmişdir. Iribuynuzlu heyvanlar isə əkinçilikdə və nəqliyyatda qoşqu qüvvəsi kimi istifadə olunmuşdur. Eyni zamanda, toxuculuq, dulusçuluq yerli sakinlərin əsas məşğuliyyətlərindən olmuşdur.
Bu yaşayış məskənində əldə edilən materiallar təkcə Azərbaycanın və Cənubi Qafqazın deyil, ümumiyyətlə, ibtidai tarixin öyrənilməsi üçün əvəzsiz mənbədir.
Sarvantəpə qədim yaşayış məskəni
Bölgənin öyrənilməsi zamanı alimlərə zəngin materiallar verən, öz tarixi əhəmiyyəti baxımından xüsusi önəm daşıyan məskənlərdən biri də Sarvantəpə qədim yaşayış məskənidir. Bu, Qazağın Çaylı kəndində son tunc, ilk dəmir dövrünə aid olan qədim yaşayış məskəni aşkar edilmişdir. 2009-ci ildə Sarvantəpə adlanan ərazidə AMEA Arxeologiya və Etnoqrafiya Institutu tərəfindən arxeoloji qazıntılar aparılmışdır. Institutun elmi işçisi Şamil Nəcəfov burada bir çox maraqlı faktlar toplamışdır. Bu arxeoloji qazıntılar zamanı çıxarılan son tunc, ilk dəmir dövrünə xarakterik çiy kərpicdən və çay daşlarından inşa edilən tikili qalıqları, təsərrüfat küpləri, quyular, müxtəlif saxsı qablar, bəzək əşyaları, möhürlər, daş alətlər eramızdan əvvəl II minilliyin sonu I minilliyə aid edilir. Arxeoloqlar tapıntıların aşkar edildiyi ərazidə maldarlıq və əkinçiliyin geniş yayıldığı məlum olur. Aşkara çıxarılan əşyalar belə deməyə əsas verir ki, burada həyat tərzi yüksək səviyyədə inkişaf edib. Arxeoloji ekspedisiyanın rəhbəri Şamil Nəcəfovun dediyinə görə, Gəncə-Qazax zonası son tunc ilk dəmir dövrünə aid abidələrlə zəngindir. E.ə II minilliyin sonu, I minilliyin əvvəlinə aid bu zona üçün xas olan Xocalı-Gədəbəy qəbir abidələri yaşayış yerlərinə nisbətən daha çox öyrənilib. Qəbir abidələri həmin dövrün insanlarının dini dünya görüşləri, sənətkarlığı haqqında xeyli zəngin məlumatlar verir. Amma yaşayış yerlərinin qazıntısı zəif aparılıb. Sarvantəpədə aparılan qazıntı işləri və gələcəkdə bu zonada aparılacaq qazıntılar daha dolğun məlumatların üzə çıxmasına imkan yaradacaq.
Aparılan tədqiqatlar nəticəsində Sarvantəpə ərazisindən götürülən maddi-mədəniyyət nümunələrinin bəziləri Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinə, bəzilərinin üzərində tədqiqat işləri aparmaq üçün arxeoloci fonda göndərilmişdir.
Sarıtəpə qədim yaşayış məskəni
Tarix baxımından əvvəlki abidələrdən fərqlənən bir yaşayış məskəni də Qazax şəhərinin qərb qurtaracağında, kərpic zavodunun həyətində yerləşən Sarıtəpə qədim yaşayış məskənidir. Əvvəlki iki abidə ilə birlikdə bölgənin keçmişinə dair mükəmməl bir mənbə təşkil edən Sarıtəpə məskəni ərazinin tarixi mənzərəsini bütünlükdə tamamlayır. Bu yaşayış yeri tunc dövrünün sonu, dəmir dövrünün əvvəllərində meydana gəlmiş və e.ə. I minilliyin sonunu rübünədək burada yaşayış davam etmişdir. Bu abidə 100 metr diametrində və 10 metr hündürlüyündə olan bir təpədən ibarətdir. 1956-1958 illərdə abidədə Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloji ekspedisiyasının qazıntıları zamanı aşkara çıxarılmışdır. Məlum olmuşdur ki, e.ə. VII əsrdə Sarıtəpədə yanğın baş vermişdir. Yanğından əmələ gəlmiş təbəqənin qalınlığı 0,7 metrə qədərdir. Həmin təbəqədən aşkar edilmiş binaların inşasında çay daşından, saman qarışıq palçıqdan və ağacdan istifadə edilmişdir. Binaların tavanı və divarları saman qatışıq gillə suvanmışdır. Tavanı saxlamaq üçün divar boyu yerə basdırılmış dirəklərin oyuqları aydın şəkildə seçilir.
Aparılan arxeoloji qazıntılar zamanı Sarıtəpədə xeyli təsərrüfat və dini xarakterli binalar aşkara çıxarılmışdır. Alimlərin fikrincə, bu abidələr öz xarakteri baxımından hansısa bir ailə və ya kiçik bir kollektivə deyil, bütün ictimaiyyətə məxsus olmuşdur. Alimlərin əksəriyyəti Sarıtəpəni böyük tayfa ittifaqlarından birinin mərkəzi hesab edirlər. Burada tapılan iki sütun altlıqları bütün Qafqaz üçün unikal sayıla bilər. Onlar bir çox əlamətlərinə görə qədim Iranın Suza və Persepolis şəhərlərindəki memarlıq abidələrinə oxşardır. Bu isə sübut edir ki, Sarıtəpədən üzə çıxarılan sütun altlıqları Yaxın Şərq analoqlarına uyğun olaraq e.ə. V-IV yüzilliklərə aiddir.
“Vikipedia”nın yazdığına görə, Sarıtəpənin bina qalıqlarından birinin yaxınlığından yerə basdırılmış 14 küp aşkar edilmişdir. Küplər iri həcmli, qabarıq gövdəli, geniş ağızlı olub, qulaqcıqlarla bəzəklidir. Sarıtəpənin gil qabları narın gildən, yapma üsulu ilə və ya dulus çarxında hazırlanmış çoxlu qara rəngli gil qablardan ibarətdir. Qablar çox incə şəkildə cilalanmış və üzəri cızma və ya yapma üsulu ilə naxışlanmışdır. Qabların qulpu əsasən zoomorf formada hazırlanmışdır.
Sarıtəpədən həmçinin xeyli miqdarda dördkünc və dairəvi formalı möhürlər də tapılmışdır. Möhürlərin işlək üzündə sadə və mürəkkəb motivdə günəş simvolu olan çərxi-fələk (svastika) nişanları təsvir olunmuşdur. Qazıntılar zamanı məişətdə işlədilən daş və sümük alətlərə də təsadüf edilmişdir. Burada gildən hazırlanmış heyvan başlarının fiqurları tapılmışdır. Azərbaycanın digər həmdövr abidələrində olduğu kimi Sarıtəpədə də metal əşyalar az tapılmışdır. Buradan tuncdan hazırlanmış Cənubi Qafqaz tipli ox ucluqları, at fiquru formasında asma və digər əşyalar əldə edilmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir