Qənimət Zahid: “Yeni planlarımız var”

“Azərbaycan saatı”nın müəllifi efirə niyə çıxmadıqlarına aydınlıq gətirdi

“Son danışığımız proqramın dövriliyini artırmaq haqda olub”

“Almaniyadan yayılan türk televiziyası “Kanal Avropa” “Azərbaycan saatı” verilişinin 22 may buraxılışını texniki səbəbdən efirə verməyib”. Bunu “Media forum” saytına müsahibəsində proqramın müəllifi, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid deyib.
“Azərbaycan saatı” həftənin çərşənbə axşamı və şənbə günləri efirdə olur.
Qənimət Zahid bildirib ki, keçici bir problem yaranıb, bu həftə problem həll ediləcək və gələn həftədən veriliş yenidən efirdə olacaq.

– Keçici dedikdə nəyi nəzərdə tutursunuz?
– Texniki xarakterli məsələlərdir. Bizim yeni planlarımız var və həmin planların icrası yeni texniki bazanın yaradılmasını tələb edir. Əminəm ki, fasilə yalnız bu həftə olacaq.

– Texniki bazanın təkmilləşdirilməsi üçün hansı işlər görülür? Tutaq ki, hansısa görüntüləri əldə etmək üçün burada çəkilişlər aparılır, yoxsa hansısa televiziyadan, yaxud televiziya qurumundan video görüntülər alınır? Şənbə günü proqram efirdə olacaq?
– Bu şənbə günü efirdə olacağımıza inanmıram. Amma gələn həftədən verilişin yayımı davam edəcək. Çəkiliş materiallarını könüllülərdən alırıq.

– Belə məlumatlar da yayılıb ki, “Kanal Avropa”nın rəhbərliyi daha “Azərbaycan saatı”nın efirə çıxmasını istəmir. Belə hal varmı?
– Kanal rəhbərliyinin belə bir istəyi olsaydı, bunu ayın axırı və ya rübün sonunda mənə bildirərdilər. Kanal rəhbərliyi mənə hər hansı irad və narazılıq bildirməyib. İrad olsaydı, mənim bundan hökmən xəbərim olardı. Çünki bu proqramın müəllifi və təşkilatçısı mənəm.

– Sizcə, Azərbaycan hakimiyyətinin bu verilişi dayandırmağa çalışması mümkündürmü?
– Belə cəhdlər var və olacaq. Ancaq mən hələ ilk verilişdə elan etmişdim ki, bu cür cəhdlərin mənası yoxdur. Əgər bu cəhdlərin mənası olacaqsa da, mən bu proqramı yenə yaşadacam. Kanal rəhbərliyi ilə son danışığımız proqramın dövriliyini artırmaq haqda olub.

– Verilişin hər gün efirə çıxması mümkündürmü?
– Biz bu hədəfə doğru gedirik və yəqin ki, yaxın aylarda buna nail olacağıq.

– Sizcə, “Azərbaycan saatı” tamaşaçı auditoriyası toplaya bilibmi? Verliş populyardırmı?
– Bunu başqalarından soruşmaq daha yaxşı olardı. Mənim müşahidələrim subyektiv ola bilər.