aliyev-ehmedinejad-bakida

Bakı ilə Tehran arasında gərginlik görünməmiş həddə çatdı

İran səfirini geri çağırdı; ayətullah Azərbaycana qarşı çağırış etdi; Milli Məclisdə Tehranı “asıb-kəsdilər”

Iranla Azərbaycan arasındakı gərginlik artıq pik həddə çatıb. Dünən Iranın Azərbaycandakı səfirliyi açıqlama yayaraq bildirib: “Dini müqəddəslər təhqir olunduğuna görə cənab səfir Məhəmmədbağır Bəhrami Tehrana çağırılıb. O, lazımi məsləhətləşmələrin aparılması üçün mayın 21-də Bakıdan Tehrana yola düşüb”.
Həmçinin mayın 21-də Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov Iranın Xarici Işlər Nazirliyinə çağırılıb.
Cavanşir Axundovu nazir müavini Abbas Iraqçı qəbul edib. Nazir müavini Azərbaycan Respublikasında “dini müqəddəslərin təhqir olunmasına” rəsmi Tehranın etirazını bildirib.
Səfir Cavanşir Axundov məsələni Azərbaycan rəsmilərinə çatdıracağını deyib (Mediaforum).
Cavanşir Axundovun Iran XIN-ə çağırılması Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Iranla bağlı sərt açıqlamasından sonraya təsadüf edib.
Dünən həmçinin Azərbaycan parlamentində Iranın əleyhinə kəskin ittihamlar səsləndirilib. Hətta Milli Məclisdə Iran səfirini ölkədən qovmaq təklif edilib.
Axşam saatlarında isə Iranın YAP-ı Azərbaycanda anti-Iran aksiyalarının təşklində ittiham etməsilə bağlı xəbər yayılıb. Modern.az-ın yaydığı həmin xəbərdə deyilir ki, bu barədə qonşu ölkənin XIN-in yüksək rütbəli diplomatı Iranın “Səhər” TV telekanalına bildirib.
XIN-dəki mənbə “Səhər” TV-yə bildirib ki, Israil tərəfindən dəstəklənən bu aksiyalar zamanı dünya müsəlmanlarının Vəliyi- Fəqihinin müqəddəsliyinə hörmətsizlik edilib.
Daha sonra hədə-qorxu tonuna keçən mənbə Səhər TV-yə bildirib ki, Bakı anti-islam və anti-Iran siyasəti üçün ağır əvəz ödəyəcək.
Dünən həmçinin Qum şəhərində yaşayan, şiələrin mərceyi təqlidi hesab olunan ayətullah Sübhani “Eurovision”la bağlı mövqeyini açıqlayaraq, Iran KIV-lərini Azərbaycana qarşı çıxmağa səsləyib.

İnformasiya şöbəsi