Müğənninin atası yayılan xəbərə aydınlıq gətirdi
Günelin atası Rəhman Zeynalov “Qafqazinfo”ya bildirib ki, həbs cəzası barədə onlar da səhər məlumat alıblar: “Vəkillə əlaqə saxladım. Qorxulu heç nə yoxdur. Söhbət suçdan və ya hansısa cəzadan getmir. Ümumiyyətlə, həmin məsələ artıq aradan qaldırılıb. Günel Bakıda yanımızdadır. Sadəcə olaraq həmin iş üzrə həm Günelə, həm də telefon danışıqlarını yayan qəzetçi Sacit Aslana məhkəmə tərəfindən belə bir qərar verilib ki, hər ikisi bu mövzu ilə bağlı beş il nəzarətdə saxlanacaqlar”.
***
Türkiyədə məhkəmə Azərbaycan əsilli müğənninin həbs olunması barədə qərar qəbul edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azəri Günel (Günel Zeynalova) Azərbaycan əsilli iş adamı Rza Zərrabla aralarında davam edən məhkəmə çəkişməsinin sonunda 9 ay azadlıqdan məhrum edilib. Müğənni Ebru Gündeşlə evlənməzdən əvvəl Azəri Günellə bərabər olan Rza Zərrab Güneli aralarındakı telefon danışığını onun icazəsi olmadan yaymaqda ittiham edib. İstanbul Məhkəməsi də Azəri Güneli günahkar sayaraq 6 ay azadlıqdan məhrumetmə barədə qərar çıxarıb. Daha sonra da müğənninin telefon danışığını mətbuat vasitəsi ilə yaydığını əsas gətirərək 3 ay da əlavə cəza verib. Onunla birlikdə məlumatı yayan agentliyin rəhbəri Sacit Aslan da eyni cəzaya məhkum edilib. Ancaq onların bu əməli bir daha törətməyəcəyi qənaətinə gələn məhkəmə qərarın icrasını təxirə salıb. Hər iki şəxs 5 il nəzarətdə saxlanılacaq.