Elxan Mehdiyev: «NATO ilə ilişgiləri sözdə yox, işdə gücləndirmək lazımdır»
«Hakimiyyətin atdığı bütün addımlar Azərbaycanın maraqlarına ziddidir və xalqı fəlakətə sürükləyəcək»
NATO-nun Çikaqo sammitində qəbul edilən bəyannamə Azərbaycanla bağlı bənddə də var. Cənubi Qafqazda regional problemlərə xüsusi diqqət ayıran NATO Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bəyan edir. Bu və gündəmdə olan digər məsələlərlə bağlı siyasi ekspert Elxan Mehdiyevin fikirləri ilə tanış olduq.
NATO-nun Azərbaycanla bağlı Çikaqo bəyanatını necə dəyərləndirirsiz?
– Mən bu sənədi bəyənat kimi və NATO-nun mövqeyi kimi yüksək dəyərləndirərəm. Məncə, NATO ilk dəfə olaraq Azərbaycana toxunan daha spesifik bəyənat qəbul etmişdir. NATO buradaki münaqişələri regional münaqişələr adlandıraraq bu münaqişələrin, yəni bizim halımızda “erməni-Azərbaycan münaqişəsi” adlandırsaq, həlli yolunu Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi çərçivəsində göstərmişdir. Bu konkret yanaşmadır. Azərbaycanla bağlı ilk dəfə bu cür üç prinsipin hamısı ifadə edilmişdir. Erməni tərəfi bunu əvvəlcədən bildiyindən və sənədin dilini dəyişdirə bilmədiyindən izolyasiyada qalmışdır və indi NATO-nun bəyənatının ATƏT formatında gedən danışıqlara zidd olduğunu, regional sülh və stabillyə zərbə vurduğunu bildirən sərsəm bəyanatlar verir. Erməniler bu bəyənatın ATƏT formatında gedən spekulyasiyalara zidd oldugunu desəydi, daha düzgün olardı. Məsələ burasındadır ki, bu bəyanat ABŞ-da hazırlanıb, Minsk qrupunun və NATO-nun iki üzvü ABŞ və Fransa ona imza atıb. Əsas məsələ bu sənədin dilini həyata keçirməyə çalışmaqdır və bu baxımdan NATO ilə ilişgiləri sözdə yox, işdə gücləndirməkdir.
– Son vaxtlar İranla bağlı Azərbaycanda gedən proseslərə necə baxırsınız?
– Azərbaycandakı anti-İran ab-havasının və ya düşmənçiliyinin aparıcısı mövcüd Azərbaycan rejimidir. Bu da Azərbaycanın 20 illik müstəgillik tarixində baş verən bəlkə də ilk marağlı tendensiyadır. Hakimiyyət qonşu ölkəyə qarşı düşmənçilik övqatını özü qızışdırir və o dövlətə qarşı təhqiredici, alçaldıcı piket və nümayişlər təşkil edir. Qonşu ölkəni terrorizmdə açıq surətdə ittiham etmək bütün qırmızı xətləri keçmək deməkdir. Yəgin ki, belə şübhələr varsa, onu mövcud kanallarla danışmaq lazım idi. Azərbaycanın bütün qonşuları, o cümlədən Iranla da problemləri var. Amma bu heç də düşmənçilik üçün əsas vermir. Qardaş Türkiyə ilə olan munasibətlər İrandan da beterdir. Amma Türkiye bu məsələləri qabartmaq istəmir. Azərbaycan tərəfinin addımları sanki bu ölkə ilə müharibəyə gedəcək bir mühiti yaradır. Əgər iki cəbhədə müharibə apara biləcəksə, deməli o artıq ABŞ-ın gücünə sahib olub. Sonucda uduzan Azərbaycan olacaq. Çünki Azərbaycanın təhlükəsizlik baxımından durumu çox acınacaqlıdır. İki gün əvvəl Milli Məclisdə İrana qarşı edilən çıxışlar və səfirin qovulması çağırışları Azərbaycanda dövlətin olmasından yox, xaosdan və məsuliyyətsizlikdən xəbər verir. XIN-in bəyanatları da diplomatiya dilindən kənardır və Milli Məclislə deyilənlərdən fərqlənmir. Deməli hamısı bir yerdən idarə olunur. Hakimiyyətin və onun tərəfdarlarının atdıqları bütün bu addımlar Azərbaycanın maraqlarına ziddidir və xalqı fəlakətə sürükləyəcək. Çünki İran üçün Azərbaycan artıq etibarsız qonşudur. İran düşünür ki, onun üçün çətin beynəlxalq durumda Azərbaycan ona arxadan zərbə vurub. Düşünürəm ki, İran bundan sonra Azərbaycana qarşı sərt addımlar atacaq. Azərbaycanın isə bu ölkəyə qarşı istiadə edə biləcəyi nə gücü, nə də intellektual qüvvəsi yoxdur. Azərbaycan rejiminin bu addımlarına izah tapa bilmirəm. İranla sərhəd boyu torpaqları işğal altında olan Azərbaycanın bu ölkəyə qarşı bu cür addımları ancaq və ancaq işğalın uzanmasına və ermənilərin güclənməsinə xidmət edir. İrana qarşı dil pəhləvanlığı edənlər erməniyə bir raqatka da ata bilmirlər. Sabah İran Naxçıvanın yolunu kəssə və İrana gedən minlərlə xəstəni geri qaytarsa, onda görüm o dil pəhləvanları nə edəcək. Cəmiyyətin tör-töküntüsü olan bunlar heç nə edə bilməz.
Fizzə