Elxan Şahinoğlu: «Əli Həsənov hələ Iran hakimiyyəti və siyasəti haqqında bu qədər sərt danışmamışdı»
«Bu mətbuat konfransının sanksiyasını şəxsən Ilham Əliyev verib»
Azərbaycanla Iran arasında “soyuq savaş”, qarşılıqlı söz atışmaları səngimək bilmir. Dünən keçirdiyi mətbuat konfransında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov yenə Irandan danışıb. PA rəsmisi bildirib ki, “Eurovision”la bağlı Azərbaycana qarşı əks-təbliğat aparanlardan biri də Irandır. : “Hər cümə namazından sonra anti-Azərbaycan şüarları ilə aksiyalar keçirirlər. Iran istəyir ki, Azərbaycan onun dostları ilə dost, düşmənləri ilə düşmən olsun. Ancaq bizim öz müstəqil xarici siyasətimiz var”. Bundan əvvəl isə PA-nın başqa bir rəsmisi Novruz Məmmədov Iranla bağlı sərt açıqlama vermişdi. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu ilə də söhbətimizin əsas mövzusu da Iran oldu.
– Elxan bəy, Irandan Azərbaycana qarşı təhdidlərin sayı azalmır. Azərbaycan rəsmiləri – Novruz Məmmədov və Əli Həsənov Iranın bu siyasətinə kəskin reaksiya bildiriblər. Bu mənada, rəsmi Bakının Iran siyasətini dəyişdiyini söyləmək mümkündürmü?
– Bəli, rəsmi Bakının siyasəti dəyişib. Təbrizdəki mitinqə Bakıda icazəli mitinqlə, Tehrandan sərt açıqlamaya Bakıdan eyni səpkili açıqlama ilə cavab verilir. Elə götürək Əli Həsənovun 21 mayda düzənlədiyi mətbuat konfransında Iranın ünvanına dediyi sözləri. Əli Həsənov hələ Iran hakimiyyəti və siyasəti haqqında bu qədər sərt danışmamışdı. Halbuki, hələ bir neçə ay öncə özü Tehranda olmuş və qonşu ölkənin rəsmilərini inandırmağa çalışmışdı ki, Azərbaycan Iranın daxili işlərinə qarışmır və eyni yanaşmanı qonşusundan da gözləyir. Əli Həsənov Bakıda mətbuat konfransında söylədikləri ilə faktiki Tehrana səfərinin nəticəsiz qaldığını etiraf etmiş oldu. Çünki, bıçağın sümüyə dirəndiyi Azərbaycan hakimiyyətinə də aydındır. Əli Həsənov çoxdandır bu böyüklükdə auditoriya qarşısında mətbuat konfransı düzənləmirdi. Həm də xarici jurnalistlərin Bakıda olmasından da istifadə etməyə çalışıblar ki, Bakının Irandan narazı qaldığını Qərb də duysun. Şübhə etmirəm ki, belə bir mətbuat konfransının sanksiyasını şəxsən prezident Ilham Əliyev verib.
– Iranla münasibətlərin gərginləşməsi fonunda rəsmi Bakının həyata keçirməyə çalışdığı balanslaşdırılmış xarici siyasətin taleyi necə olacaq?
– Bugünün ən aktual sualıdır. Azərbaycan hakimiyyətinin illərdir həyata keçirməyə çalışdığı balanslaşdırılmış xarici siyasət artıq dalana dirənib. Seçim etmək zamanıdır. Əli Həsənovun mətbuat konfransında dediyi sözlər ondan xəbər verir ki, Iranla balanslaşdırılmış xarici siyasət alınmadı. Bu siyasət bizi Iranın təhdidlərindən qurtarmır. Rusiyanın “Kommersant” qəzetinin dünənki sayında Azərbaycan bağlı yazıda da Əli Həsənovun və digər rəsmi şəxs Novruz Məmmədovun fikirlərinə yer verilib. Bu açıqlamalarda Rusiyanın siyasətindən də narazılıq var. Həmin yazıda rəsmilərimiz faktiki etiraf edirlər ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil və Kreml Ermənistana dəstəyini davam etdirir. Bu və digər səbəblərdən həmin yazıda rəsmi Bakının Qəbələ RLS-lə bağlı Moskva ilə anlaşmanı uzatmağa marağı olmadığı da ifadə olunub. Bugünlərdə Prezident Administrasiyasının digər rəsmisi Elnur Aslanovun açıqlamasında da Rusiyanın Ermənistana verdiyi silahların Dağlıq Qarabağ münaqişəsinin həllini əngəllədiyi fikri yer almışdı. Yəni bütün bunlardan çıxan nəticə odur ki, rəsmilərimiz də etiraf edir ki, balanslaşdırılmış xarici siyasət artıq təhlükəsizliyimizə zəmanət və təminat vermir.
– Belə olan halda Azərbaycan hakimiyyəti balaslaşdırılmış xarici siyasətdən imtina edəcəkmi?
– Əgər Azərbaycan rəsmiləri Iran və Rusiyanın regional siyasətlərindən narazıdırlarsa və bu iki dövlətin Azərbaycan əleyhinə siyasət həyata keçirdiklərini vurğulayırlarsa, deməli buna uyğun da xarici siyasət formalaşdırılmalıdır. Balanslaşdırılmış xarici siyasəti bir yerə qədər davam etdirmək olardı. Artıq bu mümkün deyil. Göründüyü kimi, Iranın təhdidləri artır. Rusiyanın yeni prezidenti Vladimir Putin isə bizi Kremlin orbitinə cəlb etmək istəyir. Şimal və cənub qonşumuzun bu təhdidlərindən qurtulmağın yeganə yolu Qərbin təhlükəsizlik strukturları, başlıca olaraq NATO ilə əməkdaşlığı genişləndirmək və Türkiyə ilə hərbi ittifaqı gücləndirməkdən keçir. Tehran və ya Moskva Azərbaycanı təhdid edərkən qarşılarında Vaşinqton, Brüssel və Ankaranın dayandığını anlamalı və siyasətlərini korrektə etməlidirlər. Tehran və Moskva indi bunu anlamırlar. Çünki, çox təəssüf, daxili məsələlərin nizamlanmamasına görə Azərbaycan hakimiyyəti Vaşinqton, Brüssel və Ankara ilə münasibətlərdə müəyyən soyuqluq yaşayır. Bu soyuqluğun davam etməsi artıq Azərbaycanın təhlükəsizliliyinə ziyan verməyə başlayıb.
– Iranın təhdidinin miqyası bir az daha arta bilərmi?
– Iran geri çəkilənə oxşamır və Azərbaycana qarşı sistemli təhdid planını işə salıb. Maraqlıdır ki, bugünlərdə Tehran Azərbaycanla yanaşı, Bəhreyn dövlətini də təhdid etməyə girişib. Iranlı siyasilər və dini dairələr eyni ilə Azərbaycana münasibətdə olduğu kimi Bəhreyni də əyalətləri adlandırır və bu dövləti ələ keçirməyə çağırırlar. Bu şəraitdə Bəhreyn özünü Irandan qorumaq üçün Səudiyyə Ərəbistanı ilə ittifaq sazişi imzalayıb. Bəhreyndə ABŞ-ın bölgədəki ən böyük 5-ci dəniz hərbi donanması yerləşir. Yəni Tehran Bəhreyni nə qədər təhdid etsə də, Iran hakimiyyəti bu ölkənin Səudiyyə Ərəbistanı ilə müttəfiq sazişini və ABŞ-ın bu ölkədəki hərbi bazasının varlığını nəzərə almalıdır. Bununla da Bəhreyn Iranın təhdidlərindən optimal çıxış yolu tapıb. Rəsmi Bakı da eyni üsuldan istifadə etməlidir.
Gültəkin


