İqtidarın Moskva- Çikaqo “şpaqat”ı

MDB ölkələrinin dövlət başçıları səviyyəsində keçirilən görüşdən dərhal sonra prezident Ilham Əliyev gözlənilmədən Çikaqoya – NATO sammitinə yollandı.
YAP iqtidarı bir neçə ay idi ki, Avropa və ABŞ əleyhinə kampaniyalar aparırdı, rəsmi KIV-lər dayanmadan Qərbi yaylım atəşinə tuturdu. Mokvada keçiriləcək MDB sammiti ərəfəsində əks-təbliğat daha şiddətli xarakter almağa başlamışdı…
Putin Əliyevlə niyə görüşmədi?
YAP iqtidarı Ilham Əliyevlə Vladimir Putinin görüşünün baş tutacağına böyük ümidlər bəsləyirdi. Hakimiyyətin, demək olar, bütün “politoloqları” bu görüşdən əvvəl Qərbə hədələr fonunda MDB-ni yerə-göyə sığdırmırdılar, bu günü isə həyəcanla gözləyirdilər. Lakin görünür, Putin Ilham Əliyevin onun barəsində “Vikileaks” açıqlamalarını “unutmayıb” və Azərbaycan iqtidarına görə, onun hakimiyyətə gəlməsinə “mülayim” yanaşan Qərbin qəzəbinə gəlməkdən çəkinib. Beləliklə, möcüzə baş vermədi və Azərbaycan prezidentinə münasibətdə Qərbin Putinə verdiyi kart-blanşın konturları göründü. Rusiyada keçirilən prezident seçkiləri əvvəlkilərə heç də bənzəmədi, müxalifətin etiraz aksiyaları ilə müşayiət olunan bu seçkidə Putin çətin anlar yaşadı. Seçki marafonunu diqqətlə izlədiyimiz zaman, müxalifət mitinqlərinin dəyişik dinamikası çox şeydən xəbər verirdi. Putindən keçmiş sovet respublikalarına qarşı siyasətinə korrektələr etməsi tələb olunurdu. Bəli, budəfəki görüşün normal, hədə-qorxusuz keçməsi Putinin də “yola” gəldiyinə işarə idi. Avtoritar hakimiyyətlərin birliyi kimi tanınan MDB öz “sərhəd”lərinə yenidən baxacaq kimi görünür. Ehtimal etmək olar ki, Azərbaycan yavaş-yavaş Rusiyanın nüfuz dairəsindən çıxarılır.
Səhər tərif, axşam nifrət
Hadisələrin bu cür gözlənilməz cərəyan etməsi Azərbaycan iqtidarını 19 il “çörək kəsdiyi” Rusiyaya qarşı özünəməxsus addımlar atmağa vadar etdi. Uğursuz Moskva toplantısının sabahı günü, Prezident Administrasiyasının şöbə müdiri və baş nazirin müavini səviyyəsində Rusiyanın Azərbaycan torpaqlarının işğal edilməsində Ermənistana yardımçı olduğu ilk dəfə bəyan edildi. Bütün dünyanın bildiyi, hamımızın yaşadığı bir gerçəyi dünənə qədər söyləyən hər kəsin “ağzından” vuran iqtidar 14 saatdan sonra kursu 360 dərəcə dəyişdi, axşamçağı elektron KIV-lərdə antiRusiya təbliğata start verildi.
Qoca Qərbin hüzurunda
Hazırda iqtidar əlində “padnos” Çikaqo şəhərində dünənə qədər dəyərlərini topa tutduqlarının, yəni “ermənipərəst” Qərbin hüzurundadır. Hakimiyyəti saxlamaq, Qərbin demokratiyadan vaz keçməsi üçün (!) istənilən güzəştə getməyə hazır olduğunu bəyan edir. Eyni zamanda Moskvadan da əlini üzməyib, bir ayağı Moskvada, o biri ayağı isə Çikaqodadır. Istənilən əli öpməyə hazırdılar, təki xalqın sərvətlərini daha bir neçə il çapıb talasınlar.  
Daha iqtidar qəzetlərində, bu gündən “sanballı” antiQərb yazılara rast gəlməyəcəksiniz. Hətta Bəxtiyar Sadıqov Amerika prezidentlərini vəsf edən “fundamental” köşə ilə qarşımızda peyda olsa, heç təəccüblənməyin. MDB sammitindən bir gün oncə YAP Siyasi Şurasının üzvü, deputat-politoloq (!) Aydın Mirzəzadənin və sadə bir evdar xanımın(!) bu qurum haqda dediklərinə fikir verin. Beləliklə, Aydın Mirzəzadə:
“MDB yeni yaranmış regional təşkilatdır. Qurum digər bölgə təşkilatlarının səviyyəsinə qalxmağa çalışır. Ilk növbədə təşkilatda əməkdaşlıq formalarını dərinləşdirmək istəyi diqqət çəkir. Zənnimcə, MDB yaşayacaq və güclənəcək”.
Indi isə evdar qadın Almaz Əliyevanı dinləyək:
“MDB ölkələrinin maraqlarının üst-üstə düşməsi yaxşı olardı. Birinin digərindən üstün tutulması, öz prinsipələrini başqalarına diktə etməsi halları aradan qaldırılmalıdır” (hər iki fikir “Bakı post” qəzetinin 19 may sayından götürülüb).
A.Mirzəzadə adi evdar xanım qədər savadlı və vətənpərvər olsaydı, bəlkə də iqtidar bu vəziyyətə düşməzdi. Hələ bu harasıdır. Buyurun, onun şefini dinləyin:
“…Birləşmiş Ştatların öz səfirini Azərbaycana təyin etmək istəyi müsbət haldır… Düşünürəm ki, R.Morninqstar (gələcək səfir – X.Ə.) Azərbaycanın siyasi elitası ilə diplomatik (?) və şəxsi(!) münasibətlər yaratmağa da qabil olacaq”.
Bu siyasi “şedevr” bütün YAP politoloqlarının “ustadı”  Mübariz Qurbanlıya aiddir. Siyasi elita dedikdə yəqin ki, özünü və A.Mirzəzadəni(!) nəzərdə tutur.  
Öz aramızdır, deyəsən yola gəlirsiniz…