Ordubadın gözəl Gənzəsi

Gəncə ilə eyni kökdən…

Naxçıvanın tarixi abidələrindən söz açarkən, Ordubad rayonu ərazisindəki mühüm əhəmiyyətli abidələri xüsusi qeyd etmək lazım gəlir. Belə tarixi incilərin bir neçəsi haqqında artıq ötən saylarımızda yazılıb.
Bu mövzuda da Ordubadın qədim yaşayış məskənlərindən biri olan Gənzə kəndinin tarixindən bəhs edəcəyik. Gözəlliklər diyarı Ordubadın mərkəzindən 12 km şimal-şərqdə, yaşıllıqlara bürünmüş heyranedici bir məkandır Gənzə.
Adı bənzər formalarda müxtəlif tarixi mənbələrdə keçən bu yurd yerinin tarixi elmi cəhətdən əsaslı şəkildə öyrənilməyib. Bu haqda dəqiq məlumatları yalnız bölgədə  arxeoloji tədqiqatlar aparıldıqdan sonra söyləmək olar. Amma bu o anlama gəlmir ki, ərazinin öyrənilməsi istiqamətində heç bir elmi araşdırma aparılmayıb. Ilkin faktlar kənddə əsrlərdən bəri tarixin qiymətli nişanəsi olaraq qalan memarlıq nümunələri sayəsində əldə edilib. Bu memarlıq abidələri məkanın orta əsrlərə aid olduğunu sübuta yetirir. Araşdırmalar onu da göstərir ki, Gənzə zamanında bölgənin inkişaf etmiş yaşayış məskənlərindən biri olmuşdur. 1724-cü ildə Naxçıvan bölgəsi Osmanlı ərazisinə daxil edildikdən sonra burada 14 nahiyədən ibarət ÿNaxçıvan sancağı yaradılmışdı. O dövrdə vergi ödəməli olan kişilərin siyahıları tutulurdu. Həmin siyahı əsasındaÿ1727-ci ildə “Naxçıvan sancağının müfəssəl dəftəri” tərtib olunmuşdu. Orada əksini tapan məlumatlara görə, osmanlıların dövründə Gənzə kəndində 20 yaşdan yuxarı vergi yaşına çatmış 21 kişi vardı.ÿ
Gənzə adını çox zaman Gəncə adı ilə qarışdırırlar. Tədqiqatçı alimlərin Gənzə toponimi ilə bağlı maraqlı araşdırmaları var. Onlardan bəziləri bu sözü ərəb-fars mənşəli sözlərlə əlaqələndirsələr də, çoxları adınÿ Gəncəÿadı ilə eyni kökdən yarandığı fikrinə əsaslanırlar. M.Seyidov, Q.Qeybullayev, F.Rzayevÿ və başqaları bu adların qədim türk tayfalarından biri olan sak tayfaları ilə əlaqədar yaranması qənaətindədirlər. Araşdırmaçı alim, filologiya elmləri namizədi F.Rzayev kəndin adının ilk öncə Kanzak olduğunu qeyd edir. Onun sözlərinə görə “kan” qədim türk dillərində “ulu”, “ata” mənasında işlənmiş, kəndin adındakı son komponent “zə” (əslində “zək”) isə sak tayfalarının adından götürülmüşdür. Buradan belə fikir yaranır ki, daha öncələr yerin adı Kənizək-Kənzək şəklində işlənmişdir. Zamanla sondakı “k” səsi düşmüş, ifadə Gənzə formasını almışdır.
“Vikipedia”da bu adla bağlı mütəxəssislərin maraqlı fikirləri yer alır. Bənzər araşdırmalarda böyük təcrübəsi olan türkoloq alim C.Cəfərov toponimin hunların ən qədim adından – “kun”un morfloji birləşməsi “kunçuk”dan törəmiş “Gəncək” türk tayfasının adından götürüldüyünü vurğulayır. Toponimika üzrə məşhur alim Q.Qeybullayev orta əsr qaynaqlarına söykənərək adı sakların içərisində olan “Gəncək” adlı tayfalar ilə bağlayır. Məşhur alimlərimizin araşdırmalarını nəzərə alaraq, o fikrin üzərində dayana bilərik ki, sak tayfaları bu ərazilərdə yaşamışdır və bu sözün ərəb-fars ifadələri ilə heç bir əlaqəsi yoxdur. O halda, aydındır ki, Gənzənin adı sak tayfalarının bu bölgədə məskunlaşması ilə əlaqədar yaranmış və formadan-formaya keçərək indiki şəklini almışdır.
Tarixi keçmişi yaşadan məscid
Gənzə adlı məlumatlarda bir çox tarixi mənbələrdə rast gəlinir. Bu ərazi 1828-ci ildə Rusiya tərəfindən tutulduqdan sonra Naxçıvanda olan rus məmuru I.Şopen yazır ki, XIX yüzilliyin 30-cu illərində Gənzədə 16 ailə (36 kişi, 24 qadın, cəmi 60 nəfər) yaşamışdır. Onun məlumatından aydın olur ki, həmin vaxt Gənzədə bir nəfər də olsun qeyri-azərbaycanlı, o cümlədən erməni yaşamamışdır. Zamanla yaşayış məskənində əhalinin sayı artmışdır. 12 dekabr 1926-cı ildə keçirilmiş siyahıya alınmaya görə kənddə 665 nəfər adam yaşamışdır.
Kəndin tarixinə işıq salan əsaslı dəlillər sırasında abidələr xüsusi yer tutur. Həmin qiymətli nümunələr sırasında kəndin mərkəzində yerləşən məscid böyük əhəmiyyət daşıyır. Bu unikal abidə Naxçıvan ərazisində indiyədək salamat qalan ən qədim məscidlərən biridir. Bununla belə, tarixi üçün böyük dəyəri olan belə bir memarlıq abidəsinin tədqiqatçıların diqqətindən kənarda qalması, öyrənilməsi təəccüb doğurur. Gənzə haqqında ancaq 1927-ci ildə Ordubadda olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin elmi katibi, rus alimi V.Sısoyev qısa məlumat vermişdir.
Kənd əhalisi məscidin Hacı Hüseynqulu adlı mötəbər bir şəxsin tikdirdiyini söyləyir. Məscidin öyrənilməsinə çətinlik yaradan səbəb onun üzərində bir çox memarlıq abidələrində rast gəlinən epiqrafik sənədin – kitabənin olmamasıdır. Kənd əhalisinin bəhs etdiyi Hacı Hüseynqulu adlı şəxs vəfat etdikdən sonra məscidin qarşısındkı cənub divarın yanında dəfn olunmuşdur. Son illərdə onun qəbrinin üstü düzəldilmiş, mərmər başdaşı qoyulmuşdur. Başdaşının üstündə ərəb əlifbası ilə, ərəb dilində “Mərhum Hacı Hüseynqulu. XVI əsr” sözləri yazılmışdır. Hacı Hüseynqulunun vəfat tarixinin XVI əsr kimi göstərilməsi heç bir tarixi fakta söykənmir və yaşlı sakinlərin söylədiyinə görə, bu, təxmini bir tarix olaraq götürülmüşdür.
Məscidin şimal-şərq tərəfində hamam binası var. Deyilənə görə, bu hamamı da Hacı Hüseynqulu adlı həmin şəxs inşa etdirib. Məsciddən və hamamdan təxminən 100 metr cənubda kənd qəbiristanlığı yerləşir. Bu qəbiristanlığın yerləşdiyi ərazini də o, özünə məxsus torpaq sahəsindən ayırıb. Hazırda dəfn mərasimləri keçirilən qəbiristanlıqda orta əsrlər dövrünə aid dörd başdaşı tipli xatirə abidəsi qalır.
Maraqlısı budur ki, həmin abidələrin üzərində dəfn olunan mərhumların xatirəsinə yazılmış məzar kitabələri – epitafiyalar var. Həmin epitafiyaların verdiyi məlumatlar əsasında qəbiristanlığın ərazisini əhaliyə bağışlayan Hacı Hüseynqulunun yaşadığı dövr, həmçinin onun inşa etdirdiyi məscid və hamamın inşa tarixi haqqında müəyyən fikir söyləmək mümkündür.
Sirləri aydınladan kitabələr
Ərəb dilində 6 sətirdə həkk edilmiş kitabənin mətninin tərcüməsi belədir:
“Fanidir həyatı yer üzündə hamının. Təkcə cəlal yiyəsi, kərəm yiyəsi Rəbb-in qalandır. Bu bağça (qəbir) bağışlanmış Harunun oğlu Möhsinin oğlu, mərhum, günahları bağışlanmış, xoşbəxt şəhid, uca Allahın rəhmətinə getmiş Əlinindir. Doqquz yüz qırx üçüncü il tarixdə”(Vikipedia).
Hicri-qəməri təqvimi ilə 943-cü il miladi təqvimi ilə 1536-cı ilə uyğun gəlir. Tədqiq olunan kitabənin məzmunundan aydın olur ki, Harunun oğlu Möhsinin oğlu Əli şəhidlik zirvəsinə yüksəlmiş, bu səbəbdən də mətndə “xoşbəxt şəhid” kimi təqdim olunmuşdur.
Qəbiristanlıqdakı belə bənzər başdaşılarından fərqli bir başdaşı tipli xatirə abidəsi də var. Qırmızımtıl rəngli daşdan hazırlanmış bu başdaşının üzərindəki kitabənin üzərində yazılır: “Həqiqi, hörmətli alim, şəhid mərhum Əliqulunun – salam olsun – torpaq məzar mülkü. 1062-ci il”.
Bu kitabədən də göründüyü kimi, həmin tarix 1651-ci ilə uyğun gəlir.
Beləliklə, bu qəbirüstü abidələrin tarixinə əsasən həm qəbiristanığın, həm də kənddəki məscid və hamamın tarixi haqqında fikir söyləmək mümkündür. Belə ki, buradakı məzar kitabələrindən birinin tarixi 1536-cı ilə aiddir. Alimlər düşünür ki, bu başdaşını qəbiristanlıqda dəfn olunan ilk mərhumun xatirəsinə hazırlanmış abidə hesab etmək olmaz. Bu kitabənin həkk olunduğu başdaşı qəbiristanlığın cənub hissəsində, digər iki başdaşının ortasındadır. Belə çıxır ki, XVI yüzilliyin 36-cı ilində vəfat etmiş bu mərhumun sağında və solunda dəfn olunmuş adamlardan biri ondan əvvəl, digəri sonra dünyasını dəyişmişdir. Qəbiristanlıqda vaxtilə bu abidələrdən əvvəlki dövrlərə aid məzar kitabələrinin olmasını, ancaq sonralar onların təbii qüvvələrin təsirindən aşınaraq sıradan çıxması faktının mümkünlüyünü də diqqətə alınmalıdır. Bütün qeyd olunan faktlara əsaslanaraq, qeyd olunan memarlıq abidələrinin XV yüzillikdə inşa etdirilməsi fikrini söyləmək olar. Hər halda, adı bu abidələrlə bağlı olan Hacı Hüseynqulu özü də XV yüzillikdə yaşamış və abidələri də həmin vaxt inşa etdirmişdir.
Bununla belə, Gənzə haqqında daha dəqiqi faktların ortaya çıxması üçün ərazidə arxeoloji tədqiqatlar aparmaq və elmi dəlilləri zənginləşdirmək önəmlidir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir