İqtidar mətbuatı “Demokratiya naminə oxu”nun tədbirini pozmaq istədi; araya söz savaşı düşdü
Hakimiyyətin adamları tədbirin təşkilatçılarını “Alman agenturası” adlandırdı
Dünən “Park İnn” otelində “Demokratiya naminə oxu” kampaniyasının yekun mətbuat konfransı keçirildi.
Kampaniyanın təşkilatçıları Emin Hüseynov, Rəsul Cəfərov, Leyla Yunus, Şahvələd Çobanoğlu, Anar Məmmədlinin aparıcılıq etdiyi, onlarla xarici jurnalistin, həmçinin “Human Rights Watch”, ATƏT və ABŞ səfirliyi nümayəndələrinin qatıldığı tədbir əvvəldən axıra qədər qalmaqallarla yadda qaldı.
Hökumət qəzetləri tədbirə niyə gəlmişdi?
Bir dəfə olsun bu tip tədbirlərə gəlməyən hökumət qəzetləri (“Yeni Azərbaycan”, “Azərbaycan”, “Səs”, “Xalq qəzeti”, “Palitra”, “İki sahil”) nədənsə tam tərkibdə konfrans zalına yığışmışdı. Tədbir boyunca təşkilatçıların sözünü kəsmələri, onları yalan danışmaqda, dövlətçiliyə qarşı çıxmaqda ittiham etmələri, yersiz yerə səs-küy salmaları, çıxışçılara təxribat xarakterli suallar vermələri həmin qəzetlərin əsl məqsədinin tədbiri pozmaq olduğunu açıq-aydın ortaya qoyurdu.
Tədbiri açan İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov bildirdi ki, son 11 ayda kampaniya çərçivəsində Azərbaycanda və xaricdə müxtəlif tədbirlər keçirərək ictimai vəkillik işini aparıblar: “Kampaniyamızın sonuncu mətbuat konfransını keçiririk. Amma bu, fəaliyyətimizin dayandırlması anlamına gəlmir”.
“Avropaya mesajımızı çatdırın!”
Leyla Yunus isə qeyd etdi ki, kampaniyanın məqsədi ölkənin real mənzərəsini göstərmək olub: “Demək istəmişik ki, Azəbaycan nəinki avtoritardır, üstəlik ölkə mafioz klan tərəfindən idarə olunur. Bu idarəetmənin nəticəsi olaraq müstəqil məhkəmələr yoxdur və insanlar hüquqlarını müdafiə edə bilmirlər. Hazırda ölkədə 70-dən çox siyasi məhbus var. Halbuki, onlar cinayət törətməyiblər və məhkəmə də bunu sübut edə bilməyib. Siyasi məhbuslar siyahısında 7 jurnalist var. Onlardan biri də “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıdır. 4 hüquq müdafiəçisi həbsdədir və bu, ötən illərlə müqayisədə görünməmiş haldır. Kampaniyamızın təşkilatçıları Emin Hüseynov və Rəsul Cəfərov ikinci təhsil aldıqları BDU-nun hüquq fakültəsindən qovulublar. Mənim ofisimi ötən il dağıdıblar və ümumiyyətlə ölkədə mülkiyyət toxunulmazlığına təhlükə adi hal alıb. Təkcə paytaxtda 2009-cu ildən 60 min vətəndaş öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunub və “Eurovision”a hazırlıq bu qanunsuzluğu daha da sürətləndirib. Ötən ilin mayından bu yana ölkədə 8 min insan evindən məhrum edilib, 4 mindən çox ev söküntünün qurbanı olub. Özbaşınalıqlarla bağlı hakimiyyət orqanlarına müraciətimizə “böhtandır” cavabını alırıq.
Mən istərdim ki, burada olan Qərb jurnalistləri Avropa dövlətlərinin məmurlarına Azərbaycanın korrupsiyalaşmış hakimiyyətinə dəstəkdən əl çəkmələri haqqında mesajımızı çatdırsın. Bu, Avropada əsas şüar olmalıdır. Mən sizi əmin edirəm ki, “Eurovision”dan sonra repressiyalar artacaq. “Demokratiya naminə oxu” kampaniyasını təşkil edənlərə, onların ailələrinə qarşı böyük repressiyalar olacaq. Əgər bu qədər xarici jurnalistin ölkədə olduğu vaxtda son aksiyada o qədər adamı döyüblərsə, görün, sonra nə olacaq”.
“Xarici jurnalistlər inanmayın, sizi aldadırlar”
E.Hüseynov həbsdə olan və təzyiqlərə məruz qalan jurnalistlərin adlarını sadalayanda zalda gərginlik yarandı. “Səs” qəzetinin və “Xalq qəzeti”inin müxbirləri ayağa qalxaraq təşkilatçıları Azərbaycanı xarici jurnalistlərin qarşısında biabır etməkdə günahlandıraraq söz istədilər. E.Hüseynov məruzələrdən sonra söz veriləcəyini söyləsə də, qarşı tərəf sakitləşmədi: “Camaatı aldatmayın. O hansı jurnalistlərdir elə? Hörmətli xarici jurnalistlər, sizi aldadırlar, sizə yalan informasiya verirlər. İnanmayın. Demokratiyadan sui-istifadə edirlər. Onların göstərdiyi söküntülər hər yerdə var. Hətta Almaniyada, Amerikada da. Azərbaycanda sökülən evlərə görə də adamlara yetərincə kompensasiyalar ödənilib. Həbs olunan jurnalistlər kimlərdir? Adlarını deyin”. Bu məqamda E.Hüseynov Əvəz Zeynallının adını çəkdi. İranın “Səhər” televiziyasının müxbirinin adı çəkiləndə isə “İki sahil” qəzetinin əməkdaşı ayağa qalxıb tədbir təşkilatçılarına etiraz etdi: “Oturun yerinizdə, ayıbdır sizə. Heç olmasa, burda İranın adını çəkməyin. O televiziya cənub rayonlarında adamları ələ alır”.
Bundan sonra E.Hüseynov ölkədə azad telekanalın olmadığını, elektron KİV-lərin plüralizmə əməl etmədiyini dedi. “Xalq qəzeti”nin əməkdaşı yenə ayağa qalxıb etirazını bildirdi və söz istədi. E.Hüseynov isə tədbirin dəyirmi masa yox, mətbuat konfransı olduğunu xatırlatdı: “Azərbaycanda azad sözə dözümsüzlüyün göstəricisi bu yoldaşların bizə qarşı hörmətsizliyidir. Onlar bura tədbiri pozmaq üçün göndəriliblər”.
Bu məqamda “Səs” qəzetinin əməkdaşı “ölkə başçısına qarşı tənqid ən böyük ədəbsizlikdir” deyərək təşkilatçıları Qərbdən qrant almaqda və Azərbaycanın maraqlarına zidd getməkdə suçladı. Bu fikirlərin hökumət mətbuatının təmsilçiləri tərəfindən alqışlarla qarşılandığını görən E.Hüseynov onlara konfransa qatıldıqları üçün təşəkkür etdi: “Yaxşı ki, gəldiniz, çünki sizlər olmasaydınız, belə rəngarənglik olmayacaqdı”.
İctimai Televiziyada yayım şəffaflığı ilə bağlı məruzəçi Rövşən Hacıbəyli bu kanalın ilk gündən üzərinə düşən missiyanı yerinə yetirmədiyini bildirdi: “İTV-də fakir plüralizmi yoxdur. Bu gün paytaxtda söküntü işləri geniş miqyas alıb, amma İTV bu barədə bir reportaj da verməyib. Yaxud İTV-də müxalifət təşkilatlarının aksiyaları haqqında bir görüntü görməzsiniz, ancaq YAP-ın hansısa rayon təşkilatının konfransına bir neçə dəqiqə ayırırlar. Büdcədən maliyyələşən kanalda tənqid ümumiyyətlə yoxdur, daha çox hakim ailəni ictimaiyyətə təriflədirlər”.
“Reallıqların gözəl binaların arxasında gizlədilməsinə imkan verə bilməzdik”
Şahvələd Çobanoğlu xarici jurnalistlərin diqqətini salondakı ab-havaya çəkərək “bizi elə burada da susdurmaq istəyirlər” dedi və hakimiyyətin uzun illərdir demokratiyanı imitasiya edərək xalqı susdurduğunu bildirdi: “Naxçıvanda vətəndaşın öz haqqını tələb etdiyi üçün dəlixanaya salınması Azərbaycan reallığıdır. İkinci reallığımız odur ki, ölkənin 47 faiz ərazisində köşk olmadığından kənd əhalisi ölkədəki durumdan xəbərsizdir. Üçüncü reallıq odur ki, televiziyalarda heç zaman hakimiyyətin tənqidini görə bilməzsiniz. Bizə deyirlər ki, prezidenti tənqid etmək etikaya uyğun deyil. Bu, hansı Konstitusiyaya və beynəlxalq konvensiyaya uyğundur? Biz “Demokratiya naminə oxu” kampaniyasını reallıqların gözəl tikilmiş binaların arxasında gizlədilməsinə imkan verə bilməzdik. Kampaniyaya da bunu aşkarlamaq üçün başladıq. Göstərmək istəyirik ki, avropalı olmaq yalnız mahnı yarışması keçirtmək deyil, Qərb dəyərlərinə və hüququna sahib olmaqdır”.
“Demokratiya naminə oxu”nun təşkilatçıları sonrakı çıxışları zamanı da Azərbaycanda insan haqlarının, mülkiyyət hüquqlarının, söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarının pozulmasından danışdılar və bu pozuntuların səbəbkarının ölkə rəhbərliyi olduğunu bildirdilər.
Az qala, hər çıxış hökumət mətbuatının nümayəndələri tərəfindən kəsilir, çıxışçılara niyə Qarabağ, qaçqın və köçkünlərin məsələsini qaldırmadıqları sual olunurdu. Onlar üzünü zalda oturan xarici jurnalistlərə tutaraq “Demokratiya naminə oxu” kampaniyası təşkilatçılarının hökumətə qarşı qərəzli mövqe tutduğunu, ölkə rəhbərliyinin Azərbaycanda demokratik şərait qurduğunu, insan haqlarına hörmət etdiyini bəyan edir, mülkiyyət hüquqlarının pozuntusu kimi təqdim olunan halların isə Azərbaycan hökumətinin insanları daha gözəl evlərlə təmin etmək istəyi ilə əsaslandırırdılar.
“Söyüşü Azərbaycan dilində söyürəm…”
Tədbir boyunca hökumət KİV-ləri təşkilatçılara sual verməkdən daha çox ittihamedici fikirlər səsləndirirdilər. Sual vermək imkanından sui-istifadə olunduğunu görən Leyla Yunus “gələn dəfə yerin icarə haqqını verərsiniz və nə qədər istəsəniz çıxış edərsiniz. İndi sizin ancaq sual vermək hüququnuz var, çıxış etmək yox” deyərək etirazını bildirdi.
L.Yunusun bu replikasına qarşı tərəfdən “Həhayət ki Leyla Yunus Azərbaycan dilində danışan gördük” reaksiyası gəldi. L.Yunus bu atmacanı da cavabsız qoymadı: “Söyüş söyəndə Azərbaycan dilində söyürəm”.
Daha sonra “Xalq qəzeti”nin müxbiri Leyla Yunusdan soruşdu ki, köhnə evinin uçurulub yenisi ilə əvəzlənməsində ona necə kömək edə bilər